Tarixdə bu gün
İlin 31-ci günü.

Mühüm hadisələr:
1902 –Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat (yüzlərlə insan) törədib, əhalinin əksəriyyəti şəhəri tərk etməli olub.
Doğum günləri:

1884 – Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmuşdur. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İra na mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib. 1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.Qeyd edək ki, dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü illiyi münasibətlə 2018-ci ili “Cümhuriyyət ili” elan etmişdi.

1915 – Tanınmış aktrisa, Xalq artisti Vera Karlovna Şirye anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.Mirandolina (“Mehmanxana sahibəsi”, K.Qoldoni), Maşa (“Canlı meyit”, L.Tolstoy), Melanya (“Günəşin övladları”, M. Qorki), Anna İliniçna (“Ailə”, İ.Popov), Qızyetər (“Xanlar”, S.Vurğun), Nataşa (“Şərqin səhəri”, Ə.Məmmədxanlı), Ledi Hef (“Oğruların şənliyi”, J.Anuy), Tereza (“Terezanın ad günü”, G.Mdivani), Pori xala (“Sən no üçün yaşayırsan?”, İ.Qasımov və H.Seyidbəyli), Elizaveta (“Mariya Stüart”, F.Şiller), Kuraj ana (“Kuraj ana və uşaqları”, B.Brext) və s. Bədii qiraət ustası kimi də tanınmışdır. 2003-cü ildə vəfat etmişdir.

1924 – Cavadzadə Əli Əliqulu oğlu (Əli Tudə) 1924-cü il yanvar ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 150 saylı orta məktəbin yeddinci sinfini bitirdikdən sonra ailəliklə Cənubi Azərbaycana köçdüklərindən təhsil ala bilməmişdir. İlk şeirlərini 1944-cü ildə “Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə çap etdirmişdir. 1944-1946-cı illərdə şeirləri Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə dərc edilən “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında müntəzəm çap olunmuşdur. Əli Tudə 1944-1945-ci ildə İran Xalq Partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, 1945-1946-cı ildə Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyi Tədris şöbəsinin müdiri, 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasının direktoru kimi çalışmışdır. O, Cənubi Azərbaycanın şəhər və kəndlərini mahal-mahal, kəndbəkənd gəzərək istedadlı gəncləri bu mədəniyyət ocağına cəlb etmişdir. Yaradıcılığını, yüksək əqidəsini və mütərəqqi fikirlərini mübarizə yolunda məşələ çevirmişdir. Onun bu zəhməti hədər getməmişdir. Təbrizin şairlər məclisində ona “Tudə” – yəni “Xalq” təxəllüsü verilmişdir. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı, şairin demokratik ruhlu azadlıq arzuları da yazdığı əsərlərin əsas qayəsini təşkil edir. Əli Tudə 1996-cı il fevral ayının 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

1937 — Azərbaycanın Əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, Bakı musiqi Akademiyası İncəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor Telman Muxtar oğlu Hacıyev anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, 1964-cü il P. İ. Çaykovski adına Moskva dövlət konservatoriyasını fleyta üzrə əyani aspiranturanı bitirib. 1965-1973 – cü illərdə T. Hacıyev Azərbaycan Dövlət kamera orkestrinin solisti işləmişdir. O, solist kimi Kuba Respublikası, Polşa, Çexoslovakiya, İsveç, Danimarka, Hollandiya, Norveç, Finlandiya, ələlxüsus Moskva və Sovet Respublikalarında klassik, romantik və müasir musiqini, xüsusən Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və b. ifa etmişdir.
Vəfat etmişdir:

1963 – Görkəmli teatr və kino aktyoru, SSRİ Azərbaycan Respublikalarının Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov 52 yaşında vəfat etmişdir. Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb.1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad teatrında çalışıb, 1933-cü ildən isə Akademik Dram Teatrında işləməyə başlayıb.Teatrda Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydərbəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz – Vaqif (“Vaqif”) və Otello (“Otello”) yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan rollarda oynayıb. “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində baş rollara çəkilib.

1992 – Azərbaycanın Milli Qəhrəmanı Xəlilbəyli Təbriz Xəlil Rza oğlu vəfat etmişdir. Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il fevralın 12-də Bakı şəhərində – Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Təhsilini qiyabi yolla davam etdirməklə o, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib. Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi heç rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdi. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DİN-nin “Boz qurd” mükafatına layiq görülmüşdü. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlılbəyli Təbriz Rza oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub.

2016 — Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, AMEA-nın akademiki olmuş Cəlal Əlirza oğlu Əliyev Bakı şəhərində vəfat etmişdir. Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Azərbaycan Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi idi.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.