Tarixdə bu gün
İlin 36-cı günü.

Mühüm hadisələr:
1810— Fransız imperatoru Napoleon senzuranı bərpa edib. Sərkərdənin fikrincə “Çap hüququ insanın təbii hüquqlarına aid deyil” .
1924— Qrinviç rəsədxanası BBC radiosu vasitəsilə dəqiq vaxt xidmətini tətbiq edib (saatda bir dəfə dəqiq vaxt elan edilib).
1925— Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib.
1975— Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki türk əhalisinin haqlarını qorumaq üçün adaya hərbi kontingent yeritməsindən sonra Ankaraya qarşı beynəlxalq təzyiqlər başlayıb. Türkiyə adanın şimalındakı türk icmasına qarşı aparılan qırğınlara cavab olaraq 1974-cü ildə bu zəruri addımı atmalı olmuşdu. Birləşmiş Ştatlar Türkiyəyə silah satışına embarqo qoymuşdu.
1991—Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib.
Doğum günləri:

1918— Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı akademik Qara Qarayev Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır.
Qara Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində musiqi məktəbinə daxil olur.
1935–ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərində təhsil alır. 1938–ci ildə Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə qəbul olur. Böyük vətən müharibəsinin başlaması ilə təhsilini yarımçıq qoyub Bakıya qayıdır və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləməyə başlayır.
Müharibə qurtarandan sonra Moskvada təhsilini davam etdirir. 1946-cı ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayır. Həmin il Cövdət Hacıyev ilə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət Mükafatına layiq görülür.
1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilir, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət Mükafatı Laureatı olur. Daha sonra Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayır.
1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru vəzifəsinə təyin olunur. 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilir. 1953–cü ildə onun bəstələdiyi “Yeddi gözəl” baleti Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında səhnəyə qoyulur. 1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edir.
1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı seçilir. 1959–cu ildə SSRİ Xalq artisti adını alır. Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilir.
1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edir. Bakıda Fəxri Xiyabanda dəfn olunur.

1930— Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində anadan olmuşdur.
Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”-nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhəbrlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.
Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam –dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.
“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963 cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Əlibaba Məmmədov həmdə dəfələrlə muğam müsabiqələrində müsiflər heyətinin üzvü olmuşdur.
Əlibaba Məmmədovun ifasında lentə alınmış “Bayatı-Şiraz”, “Çahargah”, “Dəşti”, “Rahab”, “Şur” kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun “Qızıl fondu”nda saxlanmaqdadır.
Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə 92 yaşında Bakıda vəfat etmişdir.
Vəfat etmişdir:

1963 – Əməkdar artist Münəvvər Səməd qızı Kələntərli Bakı şəhərində vəfat etmişdir.
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. 17 yaşında ikən Bakıya gəlib.
1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib.
10-a yaxın filmə çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.
Ona görə də Adil İsgəndərov deyərmiş ki, Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir.
“Arşın mal alan” filmin yaradıcı heyəti üçün uğurlu oldu. 1946-cı ildə Moskvada ictimai baxış keçirildi. Əsər yüksək dəyərləndirildi. “Arşın mal alan” filmindəki ifasına görə mükafat alanlar arasında Münəvvər Kələntərli də var idi. O, SSRİ Dövlət Mükafatına layiq görüldü. Bundan sonra kino-studiyaya ayaq açdı. İllər keçdikcə, yaradıcılığına başqa filmlər – “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Görüş” filmləri yazıldı.
Münəvvər Kələntərli 1953-cü ildə “Vətən” kinoteatrına direktor müavini təyin olunur. Bundan sonra teatrdan çıxır, ancaq filmlərə çəkilir.
Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib

1979 — Azərbaycanın Əməkdar artisti Yavər Kələntərli Bakıda vəfat etmişdir.
Yavər Kələntərli muğam, təsnif və xalq mahnılarının mahir ifaçısıdır.
Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Yavər xanım 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur.
O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Leyli, Leylinin anası (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm”, Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl”, Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.