Tarixdə bu gün
İlin 38-ci günü
İlin sonuna 327 gün qalır.

Mühüm hadisələr:
1991 – Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Şaumyan (kənd) rayonu ləğv edilib, rayonun ərazisi Goranboy rayonu ilə birləşdirilib. Mirbəşir rayonu Tərtər, Şamxor isə Şəmkir adlandırılıb.
1992 – Erməni silahlı qüvvələri 1991-ci ilin dekabrından mühasirədə saxladıqları strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) işğal edib. 1992-ci ilin yayında Milli Ordunun Qarabağın şimalında apardığı əməliyyat zamanı Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Sırxavənd işğalçılardan təmizlənmişdi. 1993-cü ilin fevralında bu ərazilər xəyanət nəticəsində yenidən ermənilərin əlinə keçdi.
1998 – Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı olmuşdur.
2007 – Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında “Tbilisi bəyannaməsi” imzalanıb.
Doğum günləri:

1919 – Azərbaycanlı kinorejissor, Xalq artisti Tofiq Tağızadə Bakı şəhərində anadan olmuşdur.
1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlamışdır. Bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.
Vaxtı da çox az olardı. Bəlkə də ona görə az-az görünərdi. Özünəməxsus geyim forması var idi. Onu başındakı “Meksika panaması”ndan asanlıqla tanımaq olurdu. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost” filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.
Tofiq Tağızadə 27 avqust 1998-ci ildə 79 yaşında Bakıda vəfat etmişdir.

1962— Azərbaycanın Milli Qəhrəmanı Firuddin İsa oğlu Şamoyev Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir -tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.
“N” saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanıfəxri adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Qazax şəhərindəki 4 nömrəli məktəb Firudin Şamoyevin adını daşıyır.

1967 — Azərbaycanın Milli Qəhrəmanı Nazim Quliyev Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur.
1982-ci ildə kənd orta məktəbini bitirdikdən onra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurduna qayıtmışdır.
1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Çox keçmir ki, polis nəfəri kimi işə qəbul olunur.
Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində xüsusilə fədakarlıq göstərmişdir.
9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir və ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika mühasirədən çıxarıla bilir. Lakin Nazim bu döyüşdə özü də qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Füzuli rayonunda dəfn edilmişdir.
Yuxarı Yağləvənd və Örənqala məktəbləri onun adını daşıyır.

1988— Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur.
1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.
Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Cəsur döyüşçümüz səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Ermənistan tərəfi onun cəsədini 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdır.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu ildə Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alınmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və nitq söyləmişdir. Sonra şəhid əsgərimiz İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb.
2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Millət vəkili Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova və digərləri çıxış etmişdir. Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi onun şərəfinə “Mübariz İbrahimov” adlandırılıb.
2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Vəfat etmişdir:

1922— Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı Bəhruz Kəngərli 30 yaşında vəfat etmişdir.
Bəhruz Kəngərli 1892-ci il yanvarın 10-da Naxçıvanda anadan olub.
Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən məktəbə gedə bilmir və meylini rəssamlığa salır. 1910–1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki boyakarlıq və heykəltəraşlıq məktəbində oxuyur. Rəssam kimi yetişməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olur.
Yaradıcılığının ilk dövründə karikatura və digər satirik rəsmlərlə yanaşı, mənzərə və məişət səhnələrini əks etdirən “Qoca kişi”, “Toy”, “Elçilik” və başqa bu kimi, akvarel və boyakarlıq əsərləri yaradır.
1914-cü ilin iyununda Naxçıvanda ilk böyük sərgisi nümayiş etdirilən rəssam yaradıcılığı boyu 2000-ə qədər rəsm əsəri çəkir.
Onun yaradıcılığında mənzərə janrı mühüm yer tutur. “Şəlalə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” əsərlərində Naxçıvan mənzərələri, “Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri” kimi tarixi abidələrini əks etdirən rəsmlər xüsusi maraq doğurur.
1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən Bəhruz Kəngərli, Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların əks olunduğu “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və başqa portretlərdən ibarət silsilə əsərlər yaradır. Bu əsərlər təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də xüsusi dəyərə malikdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında yurd həsrətini, onların keçirdikləri hiss və həyəcanları, qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirə bilib.
Əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu ildə Naxçıvan teatrında “Ölülər” (Cəlil Məmmədquluzadə), “Hacı Qara” (Mirzə Fətəli Axundov), “Pəri-cadu” (Əbdürrəhim bəy Haqverdiyev) tamaşalarına bədii tərtibat verib və geyim eskizləri çəkib.

1993 – Xalq artisti Şövkət Ələkbərova Bakı şəhərində vəfat etmişdir.
Şövkət xanım 10 oktyabr 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu.
1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.
SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.