Tarixdə bu gün

İlin 16-cı günü

Mühüm hadisələr:

1999 – PKK terror təşkilatının lideri Abdullah Öcalan həbs olunub.

Doğum günləri:

 

130

1896 –  Məşhur neftçi Ağa Nematulla Cənubi Azərbaycanın Sərab şəhərində doğulmuşdur.

SSRİ Dövlət Mükafatı Laureatıdır.

1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlamışdır.

1932-ci ildə qazma ustası olmuş, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdiri; 1956-58-ci illərdə  isə Azərbaycan Dəniz Neft Kəşfiyyatı Trestinin 1 nömrəli “Gurgan” qazma kontorunda buruq ustası işləmişdir.

1942-43-cü illərdə Özbəkistan SSRdə neft quyularında qazılmasında iştirak etmişdir.

A.Nemətulla turbinlə maili və ikilüləli qazmanın yaradıcısı hesab edilir.

1941–ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazmışdır.

SSRİ Ali Sovetinin (1-ci çağırış) Azərbaycan  SSR  Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur.

2 dəfə Lenin ordeni və 2 digər  ordenlə təltif edilmişdir.

Ağa Nemətulla 1958–ci ildə Bakıda vəfat etmişdir.

Bakıda mərkəzi küçələrdən biri Ağa Nemətullanın adını daşıyır.

120

1906 — Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı  Musa Cəlil Rusiyanın Orenburq şəhərində anadan olmuşdur.

Musa Cəlil 1944-cü ildə faşizmə mübarizə apararkən əsir düşmüş və həbsxanada öldürülmüşdür.

Musa Cəlilin ilk əsəri 1919-cu ildə dərc olunmuşdur. 1925-ci ildə onun “Biz gəlirik” adlı şeir poemalar toplusu işıq üzü görmüşdür. 1941-ci ildə “Altun çeç” və “İldar” operaları üçün 4 libretto yazmışdır.

Alman əsirliyində yazdığı “Moabit gündəliyi” adlı şeirlər toplusuna görə ölümündən sonra Lenin mükafatına layiq görülmüşdür 1957.

Musa Cəlil XX əsr tatar ədəbiyyatında lirik şeirlər,epik poemalar,librettolar,felyetonlar və publisistik əsərlər və s. müəllifi kimi şöhrət tapmış, əməlləri ilə qəhrəmanlıq, dözüm və Vətənə sədaqət simvoluna çevrilmişdir. Təsadüfi deyildir ki, Azərbaycanın Xalq şairi S.Vurğun M.Cəlilin qəhrəmanlıq taleyini Bayronun, Petefinin və Yulis Fuçikin taleyi ilə eyniləşdirmiş, yaradıcılığı və hünərpərvər ölümü ilə ölməzliyə qovuşduğunu qeyd etmişdir.

1912 — Sovet İttifaqı Qəhrəmanı  Məhərrəm Əkbər oğlu Dadaşov  Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur.

1941-ci ildə müharibəyə çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində  hünər yolu keçmişdir.

1944-cü ilin avqustunda Rumıniyanın Vasluy şəhəri ətrəfında  aparılan döyüşdə xüsusilə fərqlənmişdir. Məhərrəm Rumıniyadan sonra  Çexoslovakiyada döyüşmüşdür.

Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tankvuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın mərmiləri qurtardıqdan sonra  silaha sarılaraq  döyüşü davam etdirmişdir.

Cəsur tankçı M. Dadaşov  bu döyüşdə yaralanmış  və  sentyabrın 17-də aldığı yaralardan dünyasını dəyişmişdir.

 SSRİ Ali Sovetinin fərmanı ilə  1945-ci ilin 24 martında Məhərrəm Dadaşova Sovet  İttifaqı Qəhrəmanı adı  verilmişdir.

1914— Görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Muxtar Həsən oğlu Avşarov İrəvan şəhərində anadan olmuşdur.

1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirmişlər.

1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oхumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlamışdır.  Muxtar Avşarov hələ məktəbli vaхtlarından Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıхır. Çoх keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin “Namus” pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.

1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir. O, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları ifa etmişdir. 1936-cı ildə Moskvaya ikiaylıq Mədəni-maarif kursuna göndərilmiş və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilmişdir. Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət etmişlər. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M. Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rol almışdır.

Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs etmişlər. Guya ki, M.Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək “Kirovabad” qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz etmişdir. Beş il həbsdə yatan M. Avşarov, nəhayət,  yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılmışdır. Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun “Eşq və intiqam” əsərini tamaşaya qoymuş və əsas rolu oynamaq ona tapşırılmışdır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad etmişlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan M.Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət, Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətni davam etdirir. 1960-cı ildə M. Avşarov Əməkdar artisti fəxri adına layiq görülür.

Hər kəsə qarşı olduqca səmimi olan ağsaqqal-nurani insanın gözlərində görmə qabiliyyəti zəifləyir. Belə ağır vaхtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir. Bu hadisənin özü də sənətkarın nəyə qadir olmasına bir sübut idi.

2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, noyabrın 7-də isə Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq  Xalq artisti fəxri adına layiq görülmüşdür.

Muxtar Həsən oğlu Avşarov 1 dekabr 2014-cü ildə 80 yaşında dünyadan köşmüşdür.

1934 — Fizika-riyaziyyat elmləri doktoru, akademik, “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektoru Arif Mircəlal oğlu Paşayev  Bakıda anadan olmuşdur.

Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb, seriya ilə istehsala buraxmışdır.

Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.

Görkəmli alim 1960-1964-cü illərdə Moskvada “QİREDMET” İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır.

O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur.

Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. “VEKTOR” – Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilmişdir.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına – “Şöhrət ordeni”nə layiq görülmüşdür.

Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir.

Arif Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir.

Vəfat etmişdir:

 2005— Aktrisası, Xalq artisti Xuraman Abdulla qızı Hacıyeva 61 yaşında vəfat etmişdir.

Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaratmışdır. Daha  sonra  GTT-yə qayıdıb və ömrünün sonuna kimi  burada çalışıb. GTT-də oynadığı Ceyran (“Yolda”, Hüseyn Arif), Qızılgül (“Aycan”, Xanımana Əlibəyli), Rəna (“Təzə şagird”, Qılman İlkin), Eyzəngül (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Gülsüm (“Yadındamı?”, Altay Məmmədov), Gülzar (“Tamahkar”, Süleyman Sani Axundov), Cemma (“Ovod”, Etel Lilian Voyniç), Humay, Ceyran (“Komsomol poeması” və “Çaloyna”, İsgəndər Coşqun), Firəngiz (“Məhəbbət novellası”, Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Mərcan, Şirin (“Mənim nəğməkar bibim” və “Yazığam, sevmə məni”, Əkrəm Əylisli), Cəvahir xanım, Nəzakət (“Büllur sarayda” və “Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev), Səkinə (“Ərizə”, Əli Əmirli), Zərnigar (“Sınaq pillələri”, Ramiz Heydər), Nərgiz (“Bir sahilin adamları”, Xalidə Hasilova), Pəri (“Kiçik təpə”, Nəbi Xəzri), Sona xanım (“Qonşu qonşu olsa…”, Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.

2016 — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova 88 yaşında Bakıda vəfat etmişdir.

Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə müəllim ailəsində dünyaya gəlib. Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.

1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1959—1971, fasilə ilə), Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1962—1965) olmuşdur.

1974-cü ildən Azərbaycan Xalq Təsərrüfatı İntstitutunda (indiki Azərbaycan İqtisadiyyat Unversiteti) dərs demişdir.

Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda “Ədəbiyyat Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.

Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, ” Cırpınan dünyamız”, ” Dəyiş dünyamız”, ” Dağılan dünyamız” kimi 20 kitabın müəllifidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!