Tarixdə bu gün
İlin 48-ci günü.
Mühüm li hadisələr:
1863 — Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilmişdir.
1947 — “Amerikanın səsi” radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlamışdır.
1957 — Türk ordusunun komandası futbol yarışında amerikan rəqiblərini 19:0 hesabı ilə məğlub edib

1993 — Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb.
1994 — Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb
2008 — Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib.
2009 — Amerika Birləşmiş Ştatlarındakı erməni diasporu erməni əsilli məşhur professora qarşı əsl hücuma keçmişdir. Səbəb isə tanınmış ermənişünas Ronald Suninin “Erməni xalqı: qədim dövrdən bu günə kimi” kitabında Dağlıq Qarabağı azərbaycanlıların tarixi vətəni kimi göstərməsidir.
Miçiqan Universitetinin Erməni Araşdırmaları Proqramının yaradıcısı Ronald Suni yeni kitabında Dağlıq Qarabağın qədim albanların tarixi torpağı olduğunu qeyd etmişdir. Qədim albanların isə azərbaycanlıların və türklərin əcdadları olduğunu qeyd edən professor, Dağlıq Qarabağın azərbaycanlılara məxsus olduğunu qeyd etmişdir.
Doğum günləri:

1201 – Azərbaycanin görkəmli alimi və dövlət xadimi olan N.Tusi Tus şəhərində anadan olmuşdur.
O, uşaqlığından mükəmməl təhsil almışdı. Bir çox dilləri öyrənmiş, din , təbiət haqqında elmlərə yiyələnmişdi. N.Tusi riyaziyyatı və təbabəti də gözəl bilirdi.
1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə, Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən Ələmut (“Qartal yuvası”) qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladıqı məşhur “Şərh əl-İşarat” (Əbu Əli Sinanın “İşarat” adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256 cı ildə Ələmut qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu. N.Tusinin məsləhəti ilə Hülakü xan Bağdada hücum etdi və oranı ələ keçirdi.
Hələ Bağdadda ikən N.Tusi ulduzları müşahidə etmək üçün xüsusi rəsədxananın tikilməsi üçün hökmdardan razılıq almışdı. 1259 cu ildə Marağa rəsədxanasının tikintisinə başlayır. Tusi bütün qiymətli kitabların Bağdaddan Magaraya göndərilməsini tapşırmışdı. Rəsədxana binalarının tikintisi gedən müddətdə başqa şəhərlərdən, ölkələrdən, alimlər dəvət olunurdu.
Tusi kitabxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi. Kitabxanada 400 min əlyazması vardı. Marağa rəsədxanası ( Elm və müdriklik evi) o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi.
Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
İlk əxlaq dərsliyi olan “Əxlaqi- Nasiri” əsəri 700 ildən çoxdur ki,müsəlman ölkələrində dərslik kimi istifadə olunur.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.
Professor H. C. Məmmədbəyli də, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər.
Ayda dahi astronom N.Tusinin adı ilə adlandırılmış yer vardır.
Dünyaşöhrətli alim 1274 cü ildə Bağdad şəhərində vəfat etmişdi.
Alimin qəbri üzərində bu sözlər yazılıb: “Elmin köməkçisi, elm ölkəsinin şahı. Dövrün anası belə oğul hələ doğmamışdır”.

1895 — Məşhur qəzəlxan Əliağa Vahid Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.
Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1919 — Məşhur mətnşünas Əli Fəhmi Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. “Səndə İmam Əli fəhmi var” – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan “Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar” deyə soruşduqda “Əlbəttə ki, Əli Fəhmi” deyə cavab vermişdir.
Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır.
Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı” mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır. Lakin son anda bəlli olur ki, həmin iş digər bir aspirant tərəfindən işlənir. Sovet dövrünə xas olan haqsızlıq, süründürməçilik onu bezdirir, bu işi yarımçıq qoymağa vadar edir.
Əli Fəhmi ADU-da mətnşünaslıqdan dərs deyir, qəzəllərin elmi təhlilini verir, jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edirdi.
Əli Fəhminin klassiklərimizlə bağlı zəngin biliyindən kinoda, teatrda, televiziya və radioda geniş istifadə olunurdu. O, televiziyada əruzla bağlı çətin oxunan qəzəllər üzrə məsləhətçi idi.
1975-ci il martın 13-də vəfat etmiş, Bülbülə kənd qəbristanlığında dəfn edilmişdir.

1920 — Azərbaycan dilçisi, fılologiya elmləri doktoru, professor, Dövlət Mükafatı Laureatı Əlövsət Zakir oğlu Abdullayev Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur.
1950-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə aspiranturaya qəbul edilmişdir.
1954-cü ildə namizədlik, 1963-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır.
1961-1967-ci illərdə BDU-nun Filologiya fakültəsinin dekanı olmuşdur.
1967-1988-ci illərdə Müasir Azərbaycan dili kafedrasının müdiri və 1971-1976-cı illərdə BDU-nun Tədris işləri üzrə prorektoru vəzifələrində işləmişdir.
Azərbaycan dilinin aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi olmuşdur.
Dilçiliyə dair bir neçə kitabın müəllifi, 2 böyük akademik nəşrin, 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərindən biridir. Rəhbərliyi altında 3 doktorluq, 29 namizədlik dissertasiyası müdafiə edilmişdir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun və Azərbaycan Ensiklopediyasının Redaksiya Şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü olmuşdur.
1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzvü seçilmişdir. 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına, Əməkdar elm xadimi adına, respublikanın bir sıra orden və medallarına layiq görülmüşdür.
1993-cü ildə may ayının 28-də Bakıda vəfat etmişdir.

1926 – C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası, Xalq artisti Sofa Həsən qızı İsmayılova Naxçıvanda anadan olub.
Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub.
1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb.
Ğülnar və Xuraman, Fitnə (“Vaqif” və “Fərhad və Şirin” Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya (“Solğun çiçəklər”, “Aydın” və “Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Tərgül (“Məhsəti”, Kəmalə Ağayeva), Humay (“Komsomol poeması”, İsgəndər Coşqun), Zöhrə (“Eşq və intiqam”, Süleyman Sani Axundov), Nərminə (“Göz həkimi”, İslam Səfərli), Zalxa (“Toy”, Sabit Rəhman), Günəş (“Günəş”, Hüseyn Razi), Tanya (“Alınmaz qala”, Həsən Elsevər), Tovuz xanım (“Bir cüt bədmüşk ağacı”, Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım (“Məşədi İbad”, “Arşın mal alan” və “Ər və arvad”, Üzeyir bəy Hacıbəyov), Gülcamal (“Qatır Məmməd”, Zeynal Xəlil), Qızbacı (“Hicran”, Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım (“Özümüz bilərik”, Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə (“Dan ulduzu”, Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Aktrisa 30 iyun 2015-ci il tarixində 89 yaşında Naxçıvanda vəfat edib.

1992 — Gənc yazıçı, jurnalist, tərcüməçi Xülya Rabil qızı Cəfərova Qəbələ şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Orta təhsilini 1998-2009-ci illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır.
2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.
Əmək fəaliyyətinə Lider TV-də jurnalist kimi başlamışdır. Ardınca, bir sıra qurumlarda jurnalist və tərcüməçi kimi fəaliyyət göstərmişdir. “ASAN Könüllülük Məktəbi”nin məzunu olmuşdur. Hazırda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin mətbuat katibidir. Bədii yaradıcılığa maraq Xülya Cəfərovada uşaq yaşlarından yaranmışdır. 2010-cu ildə “Mənim dahi dostum” adlı ilk məqaləsi 525-ci qəzetdə nəşr olunmuşdur. Tələbəlik illərindən başlayaraq müntəzəm olaraq mətbuatda yazılarla çıxış etməkdədir. Bununla yanaşı, “Ye, Dua et, Sev”, “Aclıq Oyunları: Alov Yanacaq” və “Aclıq Oyunları: Zığ-zığ quşu” əsərlərini Azərbaycan dilinə çevirmişdir. Külək: Yel kürəsinin şahzadəsi (roman) müəllifin ilk kitabıdır.
Vəfat etmişdir:

1942 — Azərbaycan qarmonçusu Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) 49 yaşında vəfat etmişdir.
Əhəd Əliyev 1893-cü ildə Azərbaycanda dünyaya gəlib.
İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu”.
Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm. O dəfdə ifa edirdi və Əhədin barmaqlarına baxa-baxa qarmonda da ifa etməyi öyrənib. Qadınlardan isə Brilliant Dadaşovanın anası Qızxanım onun tələbəsi olub. Sonra isə qarmonu təkmilləşdirilmiş və texniki üsullarla çox gözəl zənginləşdirmiş Məmmədağa Ağayev və Hacıbala Dadaşov ( Kor Hacıbala) gəldi. Həmçinin Kor Əhədin tələbələrindən Salyanlı Rzanın da adını qeyd edə bilərəm. Bunların hər biri qarmonun yaxın və uzaq Şərqdə geniş yayılmasında müstəsna rol oynayıblar. Sonra isə Adil Hüseynov öz qarmon fəaliyyəti ilə meydana gəldi. Teyyub Dəmirovun tələbəsi Abbas Abbasov, sonra Məmmədağa Ağayevin tələbəsi Musa Həsənov var idi.

1992 — Məşhur şairə Mədinə Nurulla qızı Ələkbərzadə (Mədinə Gülgün) 66 yaşında Bakıda vəfat etmişdir.
Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil, sonra Təbriz şəhərində yaşamış, Təbriz Dram Teatrında çalışmışdır. “Azərbaycan” qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitirir.
Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır.
Şairin Bakıda və Moskvada “Təbrizin baharı” (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və onlarca diğər şeir kitabları dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir.
Fəxri Xiyabanda dəfn olunmuşdur.

2005 — Azərbaycan Respublikasının Xalq artisti Nataliya Valeh qızı Tağıyeva 51 yaşında vəfat etmişdir.
Nataliya Tağıyeva 24 dekabr 1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur.
1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdir.
1978-ci il S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır. İlk dəfə səhnədə Rüstəm İbrahimbəyovun “Ultimatum” pyesində gəlin rolunda çıxış etmişdir.
Rolları: Xumar (“Şeyx Sənan”, H.Cavid), Ziba xanım (“Lənkəran xanının vəziri”, M.F.Axundov), Nastasya Filippovna (“İdiot”, F.Dostoyevski), Dvoyra (“Qürub”, İ.Babel), Azaliya (“Azaliya”, İ.Jamiak), Marianna (“İdeal cütlük”, A.Popov) və s.
“Azərbaycanfilm”in istehsalı olan “Yarımçıq qalmış serenada”, “Onun dəlisov məhəbbəti”, “Cin mikrorayonda”, “Ailə” və başqa filmlərində çəkilmişdir.

2010 — Böyük Vətən Müharibəsi zamanı Berlinin alınmasını simvolizə edən Qırmızı bayrağı Reyxstaqa sancmış şəxs Abdulhakim İsmayılov 93 yaşında Dağıstanda vəfat etmişdir.
Abdulhakim İsmayılov 1 iyul 1916-cı ildə Dağıstan Respublikasının Aksay kəndində anadan olmuşdur.
Ömrünün sonunadək Dağıstanda – doğma kəndi Xasavyurtda yaşamış veteran müharibə dövründə 1-ci Belarus cəbhəsinin 8-ci qvardiyasının 83-cü atıcı kəşfiyyat rotasında qulluq edib.
Təqdim olunan şəkildə Reyxstaqa bayrağı məhz İsmayılovun sancdığı 1990-cı ildə üzə çıxıb. O zaman fotoqraf Yevgeni Haldey tərəfindən çəkilmiş bu fotonun “sirr”inin açılmasından sonra İsmayılova Rusiya Qəhrəmanı adı verilib.
Bayraq sancılan zaman İsmayılovun yanında 2 şəxs olub: biri kiyevli Aleksey Kovalyov, digəri minskli Leonid Qorıçev.
Aleksey Kovalyov 1997-ci ildə dünyasını dəyişib. Minskli Leonid Qorıçev isə döyüşlər zamanı aldığı yaralar üzündən müharibə bitdikdən bir müddət sonra vəfart edib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.