Tarixdə bu gün

 İlin 49-cu günü.

Mühüm hadisələr:

1926 — Rus şair Vladimir Mayakovski Bakıya gəlib.

1929 – Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi – Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.

1937 — İstanbulda eşşəklərin hərəkəti qadağan edilib.

1952 — Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunmuşlar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.

1990 — Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub.

2004 — İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub

2009 — “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirləri təntənəli mərasimlə açılıb.

Doğum günləri:

1924— Əməkdar artist, görkəmli aktyor Osman İsmayıl oğlu Hacıbəyov Şuşa şəhərində ziyalı ailəsində anadan olub.

Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrmın səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib.

1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Ömrünün qırx ilə yaxın dövrünü bu teatrla bağlamışdır.

Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunlarındakı güclü komizm və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib.

Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

1925 — Görkəmli tərcüməçi, publisist,1989-2006-cı illərdə Azərbaycan Jurnalistlər Birliyinin sədri işləmiş, Azərbaycanın Əməkdar jurnalisti Hacı Əliheydər oğlu Hacıyev Bakı şəhərində sahibkar ailəsində anadan olmuşdur. 1950-1957 -ci illərdə ADU-nun filalogiya fakültəsində qiyabi təhsil almışdır . “Azərbaycan gəncləri” qəzetində ədəbı işçi, şöbə müdiri , Azərbaycan radiosunda məsul redaktor və baş redaktor , Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor , “Ekran” Yaradıcılıq Birliyinin sədri, Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan “Müxbir” jurnalında baş redaktor vəzifələrində çalışmışdır.

Ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutur. Dünya ədəbiyyatından Azərbaycan dilinə çevirdiyi əsərləri vaxtaşırı nəşr etdirmiş, rəğbətlə qarşılanmışdır. Hacı Hacıyevın təşəbbüsü ilə Həsən bəy Zərdabi mükafatı təsis olunub

23 fevral 2008-ci ildə vəfat etmişdir.

1931 — Görkəmli Azərbaycan şairi Nəriman Həsənzadə  Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.

İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.

1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu  bitirmişdir.

1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur.

SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur.

 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir.

Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.

Vəfat etmişdir:

1405 —Türk dünyasının ən böyük fatehlərindən olmuş Əmir Teymur 68 yaşında vəfat emişdir.

Əmur Teymur  1336-cı ildə indiki Özbəkistanın Qaşqadərya vilayətində, hərbçi ailəsində anadan olub. Cavan ikən döyüşlərin birində sağ ayağı və çiynindən yaralanan Teymur şikəst qalıb və tarixdə daha çox “Teymurləng”, “Topal Teymur” və “Tamerlan” adı ilə yadda qalıb.

Paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir. Qızıl Orda dövlətini darmadağın edib. İran, Qafqaz, Hindistan, kiçik Asiya və digər dövlətlərə istilaçı səfərlər edib. Bu səfərlər adətən bir çox şəhərlərin dağıdılması və Teymurilər dövləti sərhədlərinin genişlənməsi ilə nəticələnib. Əmir Teymur 1405-ci ildə hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib. Paytaxt Səmərqənddə dəfn edilib.

Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilir və döyüşdən qabaq əsgərləri ruhlandırmaq üçün onlara danışarmış.Öz qəddarlığı ilə məşhur olan Əmir Teymur eyni zamanda elmə, incəsənətə, İslam dininə hörməti ilə də yadda qalmışdır.

2001 — Teatr rəssamı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı Elçin Mehdi oğlu Məmmədov vəfat etmişdir.

Elçin Məmmədov 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmuşdur.

Elçin Məmmədov uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi “Mənim qardaşım klarnetdə çalır” tamaşasının rəssamı olub və bu onun professional səhnədəki ilk işi olmuşdur.

Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda, Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. O, təkcə Bakıda deyil, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında da bir çox əsərə səhnə tərtibatı vermişdir.

Elçin Məmmədov Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında bir sıra tamaşaların rəssamı olmuşdur. Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olmuşdur.

Rəssam Akademik Milli Dram Teatrında M.F.Axundovun “Xırs quldurbasan”, C.Məmmədquluzadənin “Dəli yığıncağı”, H.Cavidin “İblis”, M.Qorkinin “Meşşanlar”, S.Vurğunun “İnsan”, V.Şekspirin “Hamlet”; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, N.Nərimanovun “Şamdan bəy”, Anarın “Keçən ilin son gecəsi”, R.Vaqnerin “Salam, Hotsi”; Azərbaycan Dövlət Rus Dram Teatrında M.Qorkinin “Həyatın dibində”, R.Durkonun “Mənim məhəbbətim Elektra”, H.Andersenin “Qar kraliçası”, H.Cavidin “Şeyx Sənan”, M.Şatrovun “Amansız oyunlar” və sair tamaşaların rəssamı olmuşdur. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşa Azər Paşa Nemətovun “Hamlet” tamaşası olmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!