Tarixdə bu gün
İlin 50-ci günü.
Mühüm hadisələr:
1878 – Rusiya ilə Türkiyə arasında növbəti müharibə başa çatıb və tərəflər arasında ilkin sülh sənədi San-Stefano müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Türkiyə Balkanlar üzərində nəzarəti itirdi.
1915 – Türkiyədə, Dardanel boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar (Çanaqqala döyüşü) başlamışdır. Antanta dövlətləri ikinci böyük hücuma keçmişdir.

1954 – Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.
1959 – Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanıb. Sazişə əsasən, Ankara və Moskva Kiprdə qurulacaq müstəqil dövlətin (ada 1960-cı ildə Britaniyanın nəzarətindən çıxdı) qarantı qismində çıxış edirdilər.
2004 — Ramil Səfərov Macarıstanın Budapeşt şəhərində keçirilən kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib.
Doğum günləri:

1921 —Əməkdar artist, tarzən Məmmədağa Muradov Bakıda anadan olmuşdur.
Mlli tar məktəbinin nümayəndələri arasında özünə layiqli yer tutmuş, həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə muğam sənətini sevənlar arasında sevgi və hörmət qazanmışdır. Qədim klassik janr olan muğamın görkəmli ustadları Mansur Mansurov, Qurban Pirimov, Bəhram Mansurov bu şəhərdə yaşayıb yaradır, gənc tarzənin yaradıcılığının inkişafına, onun mahir tarzən kimi yetişməsinə müsbət təsir göstərirdilər.
M.Muradov 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinə qəbul olunmuşdur. M.Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A.Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur.
Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo çalmaqda, həm də xanəndələri müşayət etməkdə xüsusi istedada malik idi. O, müqənniçilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birqə çıxışlar edir, onları müşayət edirdi.
Məmmədağa Muradov yaradıcılığının çiçəkləndiyi bir dövrdə —ömrünün qırx səkkiz yaşinda vaxtsız vəfat etmişdir.
14 noyabr 1969 -cu ildə 48 yaşında vəfat etmişdir.

1949— Görkəmli tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur.
1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir.
1966-1971-ci ilərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil almışdır.
1971-1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir.
1980-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır.
Səməd Vurğun haqqında yazılan “Yaşayan ömür” (1990), “Vurğun ocağı” (1997), “Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik” (1999), “Səməd Vurğun: milli və ümumbəşəri” (2006), “Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr” (2015) kitablarının müəllifidir.
Adilxan Bayramovun qələmindən çıxmış bu nəşrlər ali məktəblərin müvafiq fakültələrində dərs vəsaiti kimi istifadə olunur.
Çoxsaylı elmi və elmi-metodiki məqalələri, habelə bədii və bədii-publisistik yazıları çap olunmuşdur.
Vəfat etmişdir:

1983 — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi Əli Qasımov (Əli Səbri)90 yaşında Bakıda vəfat etmişdir.
Əli Qasımov 1892-ci ilin aprelin 15-də Babək rayonu, Nehrəm kəndində anadan olmuşdur. 1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1925-30-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Bir müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana qayıdaraq, həmyerlilərinin erməni-daşnak təcavüzünə qarşı mübarizəsinə qoşulmuş, könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərmişdir.
1919-cu ilin yayında ingilis-daşnak hərbi hökuməti Şərur-Naxçıvan ərazisində repressiyaya başlamış və apardığı kütləvi həbslər zamanı demokratik fikirli adamlar içərisində Əli Səbri də həbs olunaraq, Aleksandropola (Gümrü) sürgün edilmişdir.
1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi.
1917-1921-ci illərdə Naxçıvanda Eynəli bəy Sultanov, Bəhram Xan və Əziz Xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Hərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, Mir Bağır Mirheydərzadə, S.Əsgərxanov, Bağır Rzayev, S.Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlər fəaliyyət göstərmiş və hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. Onlar siyasi dəllallıq edən, əslində erməni ideoloqlarının dəyirmanını hərəkətə gətirən Qərb diplomatları ilə mürəkkəb danışıqlarda qələbə əldə etmiş, yerli əhalinin mübarizə ruhunu, dəyanətini artırmışdılar.
1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Naxçıvan ictimaiyyətinin əsas vəzifəsi güclənən erməni vəhşiliklərinin qarşısını almaq idi. Bu məqsədlə Türkiyə silahlı qüvvələrinin Şərqi Anadoludakı komandanlığına müraciət edilmişdir.
1918-ci il mayın 16-da Nuru paşa kiçik heyətlə Naxçıvana gəlmiş, Kazım Qarabəkir paşa isə avqustun 7-də Naxçıvanda öz qərargahını qurmuşdur. Türkiyə Silahlı Qüvvələrinin səyi ilə Andronikin Şuşaya hücumu müvəffəqiyyətsizliyə uğramışdır.
1918-ci il oktyabrın 12-də Orconikidze Leninə vurduğu teleqramda Andronikin Qarabağda öldürülməsi və ermənilərin kütləvi qırğınlara məruz qalmaları barədə böhtan dolu məlumatlar vermiş və Rusiyanı köməyə çağırmışdır.
1918-ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şosse boyunca İrana hərəkət etmiş, həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edilmişdir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaratmaq və Andronikin hücumlarına dəstək vermək idi.
1919-cu il sentyabrın 9-da Əli Qasımov nümayəndə heyətinin tərkibində Naxçıvan əhalisinin 17 maddədən ibarət tələblərini Naxçıvan və Şərur-Dərələyəz qəzalarının neytral zona elan olunaraq, onların ərazisində Naxçıvan general-qubernatorluğu yaradılmasıını nəzərdə tutan “Haskel layihəsi”nin müəllifi, Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskelə təqdim etmiş və bildirmişdir ki, “əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətini əldə silah qoruyacaqlar”.
1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması, zəiflik və qətiyyətsizlik göstərən İrəvandakı diplomatik nümayəndə Məmməd bəy Təkinskinin yerinə yeni diplomatın göndərilməsini tələb edirdilər. Həmin illərdə Naxçıvanın siyasi həyatından bəhs edən mətbu orqanlarda, arxivlərdə kifayət qədər məlumat var.
1919-cu il oktyabrın 1-də Rəhim xanın mənzilində keçirilən müşavirədə, habelə, həmin ilin oktyabrın 25-də Müsəlman Milli Şurasının qərarında Haskel, Robinson, Devi və digər yüksək rütbəli diplomatlara Naxçıvan qəti sözünü bildirmişdir: “Naxçıvan Azərbaycanın ayrılmaz və bölünməz hissəsidir”.
1920-ci ilin yanvarında məhz bu mübarizənin nəticəsi kimi bütün amerikalı zabitlər Naxçıvanı birdəfəlik tərk etmişlər.
1914-cü ildən ədəbi yaradıcılığa başlamış Əli Qasımov, “Molla Nəsrəddin” jurnalında “Taqiyanuszadə” imzası ilə çıxış etmişdir. “Səbri” onun təxəllüsüdür.
1914-cü ildə “Solğun çiçək” adlı ilk kitabı nəşr olunmuşdur.
1956-cı ildə bəraət qazandıqdan sonra jurnal və nəşriyyatlarda çalışmışdır. Əli Qasımov “Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan Yazıçılar İttifaqı ədəbi fondunun sədri olmuşdur. Povest, hekayə və xatirələr müəllifidir. Rus və dünya ədəbiyyatından: V. Şekspirdən, R. Toqardan, P. Verşiqoradan Azərbaycan dilinə, həmçinin Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr etmişdir.
Nehrəmdə əzilən Andronik Naxçıvan üzərinə hücuma keçmiş və Turşsudan türk toplarından atılan atəş erməni quldurlarını tələm-tələsik Zəngəzura çəkilməyə məcbur etmişdir. 1918-ci ilin iyul ayında türk əsgərləri Naxçıvan şəhərinə daxil olmuş və yerli əhali kütləvi qırğından xilas edilmişdir.

1993 — Azərbaycanın Milli Qəhrəmanı Vəzir isa oğlu Sədiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Vəzir Sədiyev 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.
Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsinə qədər yüksəlmişdir.
Vəzir Xocalı soyqırımından sonra düşməndəın qisas almaqdan ötrü könüllü olaraq orduyayazılır. O, Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə neçə-çeçə şücaət göstərdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdşur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

1993 — Azərbaycanın Milli Qəhrəmanı Yusif Vəli oğlu Mirzəyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün – 19 fevralYusif Mirzəyev 1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulmuşdur.
1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Yusif tez bir zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevirilib. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. O,döyüşlərin birində mühasirəyə düşmüş bölüyü itkisiz azad edə bilmişdi.
Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Naxçıvan şəhərində büstü qoyulmuşdur.
Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.