Tarixdə bugün
İlin 51-ci günü.
Mühüm hadisələr:
1992 — Azərbaycan Respublikası Avstriya ilə diplomatik əlaqələr qurmuşdur.
1996 — Azərbaycan Respublikası Sloveniya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1928—Tanınmış şair, dramaturq, tərcüməçi Əliağa Həsənağa oğlu Vəliyev (Əliağa Kürçaylı) Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub.
“Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Moskva radio qovşağında redaktor işləmişdir.
1947-ci ildə yaşlı yazıçıların I müşavirəsində iştirak etmişdir .
Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib İİO-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, abu-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir , tələbə ikən “Diaform” qəzeti redaksiyasında ədəbi işçi, 1953-1955-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyir. 1955-1957-ci illərdə Bakıda ali ədəbiyyat kursunun dinləyicisi olub. 1959-1965-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri , “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, 1965-1966-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi , 1966-1967-ci illərdə “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, 1975 -ci ildə Yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmişdir, 1978-ci ilin mayından ömrünün axırınadək “Yazıçı” nəşriyyatında baş redaktor olmuşdur.
1980-ci il fevralın 11-də vəfat etmişdir.

1962 — Filologiya üzrə elmlər doktoru, dosent Həcər Emin qızı Hüseynova Gəncə şəhərində anadan olub.
1979-cu ildə 18 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinı bitirib.
1984-2002-ci illərdə Bakıdakı 269 və 146 saylı orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəlimi işləmişdir.
2002-ci ildə “Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2012-ci ildə “Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
ADPU-nun Filologiya fakültəsində işləyir, filologiya üzrə elmlər doktoru, dosentdir.
Mir Cəlal irsinin təbliği ilə məşğul olan “Müəllim sözü” qəzetində baş redaktorunun müavinidir.

1970— Şair, tənqidçi, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru , dosent Təranə Yusif qızı Rəhimli Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində orta təhsil almışdır .
O, 1990-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı illərdə ADPU-nun mətbu orqanı “Gənc müəllim” qəzetində müxbir və ədəbi işçi kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə universiteti bitirdikdən sonra həmin qəzetin məsul katibi və baş redaktoru vəzifələrində çalışmışdır. O, 1997-ci ildən “Kamal Talıbzadənin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamış, 2004-cü ildə dissertasiyasını bitirərək müdafiə etmiş və elmlər namizədi adını almışdır. Təranə Yusif qızı Rəhimli 1989-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir.
Dövrü mətbuatda bədii, elmi, publisist yazıları ilə 1987-ci ildən çıxış etməyə başlamışdır.
“1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə” mövzusunda doktorluq dissertasiyası uğurla müzakirə edilmişdir. Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi, türk xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı və tənqidi, ədəbi əlaqələr sahələri üzrə tədqiqatları vardır.
T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və bakalavr pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi, Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatından mühazirələr aparır.

1974 — 15 iyul şəhidi , Türkiyə Silahlı Qüvvələrinin zabiti Ömər Xalisdəmir (Niğdə, Türkiyə) anadan olmuşdur.
Ömər Xalisdəmir 15 iyun 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürən və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olan hərbi qulluqçudur. Bu hadisə baş verən zaman ona “Vur” əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir
Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömər Xalisdəmir uşaqlığını da Niğdədə keçirmişdir.Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib.
Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır.
P.S: İKİ SAF Ömər Xalisdəmir qalmışdır Türkiyəmizçün…
Vəfat etmişdir:

1984 — Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov 61 yaşında Bakıda vəfat etmişdir.
Fikrət Əmirov 1922-ci ildə Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb.SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir.
Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası” , “Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir.
F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur.(əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur). O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaratmışdır. F. Əmirovun gözəl baletləri “Min bir gecə” və “Nəsimi” də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.
Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı “Ərəb mövzularında konsert”i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.
F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. “Fortepiano üçün 12 miniatür”, müxtəlif pyeslər, “Ulduz” , “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və digər filmlərə maraqlı musiqi bəsləmişdir.
2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını ifa etmişdir.

1999 — Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından. Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova 72 yaşında Bakıda vəfat etmişdir.
Leyla Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb.
1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.
Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində kiassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər.
Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilovanın məzarı Fəxri Xiyabandadır.

2014 – Görkəmli səhnə ustası, Xalq artisti, aktrisa Firəngiz Abbasmirzə qızı Şərifova 90 yaşında Bakıda vəfat etmişdir.
Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, Xalq artisti Abbas Mirzə Şərifzadə, anası Mərziyyə Davudova idi.
Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.
1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprana səsinin pe-şəkarlıq yönündə formalaşmasma nail olub.
Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib. Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub.
Firəngiz xanım Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 25 dekabr 1969-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Aktisanın zəngin və əlvan, müxtəlif janrlı və ən fərqli üslublu obrazlar qalereyası vardır. Bu səhnə surətlərinin adisi də var, maraq doğuranı da və ən əsası, aktrisanın həyatında sənət hadisəsinə çevriləni də.
Firəngiz Şərifova gənc yaşlarından başlayaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qaraca qız” (Yasəmən), “Bir ailəlik bağ evi” (Ana), “Bayquş gələndə” (Nənə), “Qərib cinlər ölkəsində (TükəZ), “Qətl günü” (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib. “Qum üzərindəki bağ evi” filmindəki Ana rolu əsas surətdir və psixoloji dərinliyinə, emosional sənətkarlıq xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazıdır.
Daxili ehtiraslarla oynamaq, plastikanı idarə etmək, incə mətləbləri belə gözlə tamaşaçıya çatdırmaq baxımından Gənc Tamaşaçılar Teatrında Firəngiz Şərifovaya ilə eyni səviyyədə ikinci aktrisa yox idi.
Bayramlar və xüsusi günlər

Fevralın 20-də Dünya Sosial Ədalət Günü qeyd edilir.
Bu gün BMTnin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılmışdır.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirmişlər ki, qurumun baş katibi Pan Gi Mun 20 fevral – Dünya Sosial Ədalət Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət etmişdir.
Baş katib bildirmişdir ki, biz cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edirik. Cəmi ikinci dəfə qeyd edilən bu gündə biz daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaq üçün etdiyimiz hər bir cəhddə sosial ədalətin vacibliyini vurğulayırıq. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır. 2009cu ildə fəaliyyətə başlamış Sosial Müdafiə Təşəbbüs Platforması hər kəs üçün əsas sosial zəmanət əldə etmək naminə ümumi prioritetlər müəyyənləşdirən bir BMT sistemidir.
Sənəddə qeyd olunur ki, sosial ədalət müxtəlifliyə hörmət, sosial müdafiə dəyərləri və iş yerləri də daxil olmaqla, həyatın bütün sahələrində insan hüquqlarının qorunması üzərində qurulmuşdur. İşsizliyin və yoxsulluğun xeyli dərəcədə artmasına şərait yaradan qlobal maliyyə böhranının acı nəticələri ilə üzləşdiyimizdən bu məqsədlər həmişəkindən də mühümdür. Dünyanın əsas iqtisadi qüvvələri qlobal böhrandan sonra inkişaf etməyə başlayır. Biz dünya xalqlarının da buna nail olmasını təmin etməliyik. Minilliyin İnkişafı Proqramı yoxsul və köməyə ehtiyacı olan insanlar üçün BMT-nin əsas vasitələrindən biridir.
BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti Dünya Sosial Ədalət Günündə fürsətdən istifadə edərək, bu vacib məsələ qarşısında öhdəliyini yeniləməyə və inkişaf yüksəldikcə daha çox ehtiyacların ödəniləcəyini dərk etməyə çağırmışdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.