İlin 55-ci günü.

Tarixdə bu gün

Mühüm hadisələr:

1992 – Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmuşdur.

1995 – Azərbaycan Respublikası Kamerun ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1864 — Məşhur filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) Salyanda anadan olmuşdur.

 Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. 1875-1885-ci illərfə Tiflis gimnaziyasını bitirmişdir. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.

Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdur.

Görkəmli ictimai xadim Ziya Gökalp (1876-1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.

Əli bəy Hüseynzadə  1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də Şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “Xalqçılar” hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.

Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda  Hərbi tibb  fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda Hərbi tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O,  burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

1881 – Məşhur yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiq  Tiflisdə ruhani ailəsində dünyaya gəlib. ilk təhsilini 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində alıb.

1901-ci il aprelin 22-də III Oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar” və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub.

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub. “Pıspısa xanım və Siçan bəy” mutfilmindən səhnə

Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazıb. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub.

Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox hekayə, povest və romanlar yazıb. “Köç” və “Məktub yetişmədi” hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.

Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizam, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər aqqındakı fikirləri bu gün də dəyərlidir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları  xüsusi maraq doğurur.

24 iyun 1957-cu ildə Bakıda 78 yaşında vəfat etmişdir.

.

1886 – Məşhur xalq qəhrəmanı, “Qırmızı tabor”un komandiri Abbasqulu bəy Şadlinski İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur.

Uşaq ikən atasını itirmişdir.

İkisinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir.

1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək “Qırmızı tabor”u təşkil etmişdi.

O, 1918-1921-ci illərdə daşnaklara qarşı “Qırmızı tabor”un komandiri olmuşdur. “Qırmızı tabor”çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər “Qırmızı bayraq” ordeni ilə təltif olunmuşdur.

1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən “Qırmızı tabor”çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik “Qırmızı tabor” dəstəsi ilə Naxçıvana gəlmiş,  buradakı qırmızı qvardiya döyüşçüləri ilə birləşmişdir. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.

1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdir. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, “Qırmızı tabor”un 19 nəfər üzvü Ermənistan SSR-nin “Qırmız bayraq” ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayınada Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra – Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdir.

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur

Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.

1957 – Aktyor Bahadur Əliyev Masallının Sığıncaq kəndində anadan olub. İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsini bitirib .

2002-ci il sentyabrın 16-da Sumqayıtda ürək çatışmazlığından vəfat etmişdir.

1957-1959-cu illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çəkilən sənətkar sonrakı illərdə “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat”, “Ulduz”, “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon”, “İstintaq davam edir”, “İyirmialtılar” və digər bədii filmlərində müxtəlif rollar ifa edib. “Ulduz” musiqili kinokomediyasında onun yaratdığı kolxoz sədri Qədir surəti aktyorun ən yaxşı rollarından biridir. O, “Axırıncı aşırım”, “Bizim Cəbiş müəllim”, “Babək”, “O qızı tapın”, “Dərviş Parisi partladır”, “Özgə ömür”, “Firəngiz”, xarici ölkə studiyalarının istehsal etdiyi “Əlibaba və Qırx quldur”, “Odlu yollarla”, “Şerəli və Aybərçin” və “Abdulla” bədii filmlərində də rol alıb.

1962 — Azərbaycanın Milli Qəhrəmanı İnqilab Ələkbər oğlu İsmayılov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

 İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur.

1979-cu ildə burada məktəbi bitirmişdir.1981-ci ildə ordu sıralarına çağırılmışdır. 1984-cü ildə Xarkov şəhərində xidmətini başa vuraraq doğma yurdu Xocalıya dönür. 1990-cı ildə burada polis nəfəri kimi işə düzəlir.

Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular…

1992-ci il 25-26 fevral Xocalı soyqırımı törədilən zaman İnqilab  ön sırada idi,  qarşısına çıxmış  erməni yaraqlılarını məhv edərək yerli sakinləri təhlükəsiz əraziyə çıxarır. Daha sonra İnqilab Ağdamda Daşbaşı yüksəkliyində  döyüşür. Ermənilər buraya dəfələrlə hücum etmiş, amma  məğlub olaraq geri çəkilmişdir.  polis bölüyü öz sözünü demişdi…

1992-ci il 12 iyununda  ermənilər 6 dəfə yüksəkliyə  hücum etsələr də, məğlub olub geri çəkildilər . Onların  6 postu tam məhv edildi. Fəqət,  İnqilab   bu döyüşdə qəhrəmancasına  həlak oldu.  

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır, həmin küçədə  Milli Qəhrəmanın xatirə lövhəsi vurulub.

1963 — Azərbaycanın Milli Qəhrəmanı Əfqan Qaraxan oğlu Hüseynov  Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.

1970-ci ildə 109 saylı orta məktəbə getmiş və 1978-ci ildə səkkizinci sinfi bitirib C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. Liseydə təhsilini başa vurduqdan sonra, Bakı Ümumqoşun Komandirlər məktəbinə qəbul olunmuşdur. 1984-cü ildə bacarıqlı zabit kimi təyinatla Simferopol şəhərinə göndərilir. 1985-ci ildən 1987-ci ilə qədər Əfqanıstanda gedən döyüşlərdə iştirak edib, bir neçə dəfə ağır yaralanır. Göstərdiyi şücaətlərə görə  müxtəlif orden və medallarla təltif edilib.

Əfqanıstandan qayıdandan sonra xidmətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirmişdir. Ə. Hüseynov 1988-ci ildə Bakıya qayıtmış və vaxtilə oxuduğu C.Naxçıvanski adına Hərbi Liseydə birinci rotanın komandiri təyin edilmişdir. 1991-92-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. Elə həmin ilin yanvar ayında Milli Qvardiyada xidmətə başlamışdır. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi  fasiləsiz olaraq döyüş əməliyyatlarına başçılıq etmişdir. Cəsur komandirin başçılığı ilə düşmənin xeyli qüvvəsi məhv edilmiş, silah-sursat ələ keçirilmişdir.

1992-ci ilin noyabrın 1-i Əfqan Hüseynovun son döyüşü olub, Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı o, qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğluna ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

C.Naxçıvanski adına Liseydə və Milli Qvardiya Qərargahında büstü qoyulmuşdur.

Xətai rayon Gənclər Təşkilatı onun adına əlaçı təqaüdü təsis etmişdir..

Vəfat etmişdir:

1993 — Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Eldar Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır.

1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirmişdir.

Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.

2007 — Nəğməkar  şair,  Əməkdar İncəsənət xadimi İbrahim Göyçaylı   70 yaşında Bakıda vəfat etmişdir.

İbrahim Göyçaylı 1936-cı ilin  noyabr ayının 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.

1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb .

Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Mədəni ticarət”, “Za kulturnuyu torgovli” qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.

Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.

2006-cı ildə prezident İlham Əliyevin qərarına əsasən, Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür.

2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir. Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olun

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!