Gün və bayramlar

Pıçılda bir çaya – razılıq versən,
Quşlar da çatdırar xəbər göndərsən.
Sirrini elçimdən daldalama sən,
Sirrimə, sözümə ortaqdı elçim.
Ağa Iaçınlı        

                                 

Bu gün ilin ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “Əzəli çərşənbə”, “Gül çərşənbə” də deyirlər. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar onun su kimi şəffaf və gözəl keçməsini arzulaya bilərlər. Su həyat mənbəyidir. Dünyadakı bütün canlıların orqanizmini bu və ya digər nisbətdə su təşkil edir. İnsan susuz yaşamaq iktidarında deyil. Bəzi inanclara görə kainat 4 ünsürdən yaranıb-su, od, külək, torpaq. Məhz Novruza qədər 4 çərşənbənin qeyd olunması da bu inamla bağlıdı. Su çərşənbəsində su və su mənbələri təzələnir, canlanma yaranır. Bu çərşənbədə su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif mərasimlər keçirilir. İlk çərşənbədə tonqal qalanması, odun buzu əritməsi ,çayların axması, həyatın canlanması kimi qəbul edilir. Bu günün çoxsaylı adətləri, inancları vardır ki, onlar Azərbaycan folklorunda öz əksini tapmışdır.
Su çərşənbəsi Boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular novruzu”, “Gül çərşənsbə” kimi də tanınır. Özündə suyun müqəddəsliyini, insanlarının həyatında onun əvəzsiz rolunu tanıtmaq məqsədilə bayram edilir. Bu günün özünəməxsus inamları vardır.

Su çərşənbəsi günü qabların suyunu təzələmək, xəstələrə bulaq suyu vermək, axan su uzərindən atlanmaq, yuyunub arınmaq, paltarları axar suda suya çəkmək düşərli hesab olunur.

Suyun müqəddəsliyi, murdar götürməməsi, axan suyun saflığı, insanlara ən doğma sirri belə suya danışmaq inamını yaratmışdır. Qorxulu yuxularında suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı, türk mifoloji mətnlərin əsasını təşkil edir.

Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü təzə sudan keçənlər, azar bezarını ona verənlər il boyu xəstəliklərdən azad olardılar. Həmin gün su uzərində bir sıra ayinlər icra edilərdi.
İnsanlar ağırlıqlarını tökmək üçün bu çərşənbədə – təmiz suda yuyunurlar. Başından, sağ-sol çiyinlərindən üç dolça suyu töküb, sonrada yeddi qaşıq təmiz suda qaynadılmış üzərrik suyunu başına, boynuna, sağ-sol çiyinlərinə, üz-gözünə çiləyib deyir:
Ağırlığım uğurluğum
Dağlara, daşlara,
Göydən uçan quşlara,
Çayda üzən yaşılbaşlara,
Namərd yoldaşlara,
mənlə çinməyən sirdaşlara,

Barsız – bəhrəsiz ağaclara,
Sonsuz dul arvadlara,
Balağı battaq arvadlara,
Dabanı çatdaq qarılara.

Təmiz suda çimib saflaşdıqdan sonra bütün ailə üzvləri şam süfrəsinə əyləşirlər. Şam süfrəsi qurtardıqdan sonra açıq havaya çıxılır. Axar su başına gedib 3 dəfə axar su ustundən hoppanıb ağırlığını tökür oxuyurlar:

Sular axar burular,
Can, gülüm, cancan!
Axıb – axıb durular,
Can, gülüm, can – can!
Baharın novruz günündə
Can, gülüm, can – can!

İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya od verilməz. Zərurət olanda, istəyə gələnin başınnan örpəyini götürüb sonra verərdilər.

Su çərşənbəsində yas yerinə, hüzrə, qəbirüstə getməzlər. Əvvəlcə,evi təmizləyərlər. Çünki çərşənbədə evə süpürgə çəkmək olmaz.
Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən övladı olar.
Su çərşənbəsində qorxan adamın başından 3 dəfə sağdan, 3 dəfə soldan su yöksən qorxusu keçər.
Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.
Süfrəyə su dağılması aydınlıqdır.
Su içən adamı qəfil vurmazlar.
Su içən adamı danışdırmazlar.
Lal axan sudan keçməzlər.
Yuxuda su görmək aydınlıqdır.
Səfərə çıxan adamın arxasınca su atarlar.
Odu su ilə söndürmək günahdır.

Suyun mifik düşüncədə, praktik həyatda dəyəri, onun müqəddəsliyi ilə əlaqədar el arasında birbirindən mənalı, məqamlı ata deyimləri, alqış və duaları, qarğışları, bəd duaları, eləcə də falları vardır. Bu atalar sözü və məsəllərdə, hətta sadə tapmacalarda belə minlərlə inam etiqad, adət, ənənə izləri qalır. Bir çox atalar sözlərində suyun müqəddəsliyi öz əksini tapmışdır.

Su olan yerdə dirilik olar.
Su ehsandır.
Su murdarlıq götürməz.
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Suda boğulan ağlamaqla yox,çapalamaqla xeyir tapar.
Suyun lal axanı,adamın yerə baxanı.
Su bir yerdə qalanda iylənər.
Su axdığı yerdən bir də axar.
Suda boğulan saman çöpündən yapışar.
Su bardağı suda sınar.

Suya olan inancların qədimliyi Azərbaycan ədəbiyyatının şah əsəri olan “Kiabi Dədə – Qorqud”dastanlarında suyla bağlı deyimlərin olmasından da aydın görünür.

Qamən axan görglü suyun qurumasın!
Qara başım qurban olsun ,suyum, sana!
Soyuq – soyuq içət olsun gəlinciyim!
Qara dağın yüksəyi ol, qanlı suyun daşqını ol.

Suyla bağlı tapmacalar:

Ay gedər ha, il gedər,
gecə- gündüz yol gedər.
Yer altında gümüş kəmər,
Gedər – gedər, gözü yox,
Yorğa gedər, tozu yox.

P.S. Bu il Od çərşənbəsi martın 3-də qeyd ediləcək. Martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 17-nə təsadüf edir.Yaz fəsli isə yurdumuza martın 20-də Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!