Tarixdə bu gün
İlin 47-ci günü.

Mühüm hadisələr:
1916– Birinci Dünya müharibəsi gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum vilayətini işğal etmişdir.
1956 – Britaniyada ölüm hökmü ləğv edilmişdir. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.
1992– Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Qeyd edək ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda təşkilata 10 ölkə daxildir.
Doğum günləri:

1873 – İlk ali təhsilli azərbaycanlı memar Zivər bəy Əhmədbəyov Şamaxı şəhərində doğulub.
Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı Şəhər İdarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.
Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.
Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.
1917-ci ildə Z.Əhmədbəyov “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaradır.
Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.
26 may 2011-ci ildə Bakıda “Nizami” metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub.
Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

1919 — İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov anadan olub.
İsrafil Məmmədovun Şəmkir rayonunun Qapanlı kəndində doğulduğunu və həmin ildə ailəsinin Gəncəyə köçdüyü qeyd edilir. Digər məlumatlara görə, onun 1919-cu ildə Gəncədə anadan olduğu yazılıb.
İsrafil Məmmədov Gəncədə Sənaye Texnikumunu bitirib. Daha sonra toxuculuq fabrikində işləyib.
İsrafil Məmmədov 1939-cu ildən sovet ordusunda xidmətə başlayıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsində Novqorod vilayətinin Pustınka kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. İsrafil Məmmədov 20 nəfərlə birlikdə alman işğalçıları ilə qeyri-bərabər döyüşdə vuruşur və dəstə 10 saat ərzində faşistlərin bütün hücumlarını dəf edir. Məmmədov düşmənin 70 əsgərini və 3 zabitini məhv edir, ümumilikdə isə bu döyüşdə 300-ə yaxın faşist həlak olur. Məhz bu şücaətinə görə İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Həmçinin o, “Lenin” ordeni və “Qızıl Ulduz” medalı ilə təltif edilib.
İsrafil Məmmədov iştirak etdiyi sonuncu döyüşdə boğazından güllə yarası alıb. Lakin sağalsa da, vərəmə tutulub. Bir müddət Yaltada müalicə alsa da, 1 may 1946-cı ildə vəfat edib. İsrafil Məmmədov Gəncədə Xan bağında dəfn edilib və burada onun büstü qoyulub.
Gəncədə İsrafil Məmmədovun ev-muzeyi fəaliyyət göstərir, həmçinin yaşadığı evin üzərində xatirə lövhəsi var. Gəncədə bir küçə və 27 nömrəli məktəb-lisey, həmçinin Şəmkirin Qapanlı kəndində məktəb onun adını daşıyır.

1940 — Məşhur bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazadə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.
O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

1951 — Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İslam oğlu İbrahimov Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər Cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır.
O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq, o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın döyüşlərə girmişdir. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş və mayor rütbəsi almışdır. Nurəddin 10 fevral 1995-ci il Binə qəsəbəsindəki cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi fərqlənmiş və qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn edilmişdir. Buzovna qəsəbəsində onun adına küçə var. Buradakı Mədəniyyət evi də onun adını daşıyır. Qəsəbədə büstü qoyulub.
Vəfat etmişdir:

1996— Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Əməkdar elm və texnika xadimi, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə
84 yaşında vəfat etmişdir.
Kərim Əliverdizadə 1911-ci ilin aprelin 1-də Ağdamın Qaradağlı kəndində dünyaya gəlib.
K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla bitirdikdən sonra – 1934-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir.
K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə başlamışdır.
1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir.
O, 1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞ-da elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il) həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir.
K.S. Əliverdizadə 3 monoqrafiyanın, 300-ə qədər elmi məqalə və tədris vəsaitinin, 100-ə qədər ixtira və səmərəli təklifin müəllifidir.
Rəhbərliyi ilə 15 nəfər elmlər namizədi hazırlanmışdır.
2 dəfə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

2008— Azərbaycanın Xalq rəssamı, Respublika Dövlət Mükafatı Laureatı Maral Yusif qızı Rəhmanzadə 91 yaşında Bakıda vəfat etmişdir.
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və Moskva Rəssamlıq İnstitutunda oxumuşdur.
1940-cı ildə Moskva Rəssamlıq İnstitutunda təhsilini başa vurub, Bakıya qayıdan gənc rəssamın elə həmin ildən “Maral Rəhmanzadə” imzalı əsərlər silsiləsi başlanır.
“Mənim bacılarım”da, “Bizim qızlar”da Azərbaycanın bütün qadınlarının obraz payları var. “Doğma Vətənim”, “Azərbaycan” tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”, Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” və s.)
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır .
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.