Təbriklər

Bizi anamız qədər ancaq bacılar sevə bilər, başqa kimsə bacarmaz. Bir məşhur mahnıda deyildiyi kimi: “Analar dünyadan köç edən zaman, qardaşa bir ana olar bacılar”
Əziz bacım, ad günün mübarək! Təbrik edirəm….
Qənifə bacımızı da çox sevirik, sizi də….
Bütün bacılara cansağlığı, uzun ömür arzulayıram. Əsl qadın səadəti arzulayıram.


Dəmir Gədəbəyli – Bacılar

Hər evdə açılar qızılgül kimi,
Ətrini bahardan alar bacılar.
Ataya, qardaşa arxalansa da,
Mehrini anaya salar bacılar.

Nəq:

Bu günün, bu günün sonası bacılar,
Sabahın, sabahın anası bacılar…

Çiçək təravətli dolanar, gəzər,
Hərəsi bir qəlbi, bir ömrü bəzər.
Kim deyir, köçəri quşlara bənzər?
Evləri evlərə calar bacılar.

Atanın evindən ayrılmaz bir an,
Qız seçər qardaşa, aparar nişan.
Analar dünyadan köç edən zaman,
Qardaşa bir ana olar bacılar.

Etibar Ettibarlı – Bacıma məktub

Bilmirəm nə vaxtdı?
Hansı il,
Hansı gün?
Hansı saatdı?

Səndən necə oldu söz saldı anam.
Uşaq xəyalımda tufan yaratdı,
O gündən qəlbimə köz saldı anam.
O, elə közdü ki, yanar, ay bacı,

Könlümdə, tüstüsüz od-ocaq çatar.
Qəlbimə bir həsrət qonar, ay bacı,
Kipriyim kədərdən buz-qırov tutar.
Bir qərib xatirə yaşayır məndə,

Ona sığınaram kövrəlsə ürək.
Yaşayar qəlbimin dərinliyində,
Hər saat mən onu ovudam gərək.
Unuda bilmirəm!
Bilmirəm niyə?
Bu kədər ərimir sirli dağ kimi,
Gecə yuxularım çəkilir göyə,
Alışır hər ulduz bir ocaq kimi,
Ocaq …odu köz-köz ata ocağı.

Solğun qız bənizi…..
Nisgilli gözlər…
(Doğma yurd ömrümün ilk sığınacağı,
Qayıtsam daş divar məni əzizlər.)
-Eviniz nə yaman soyuqdur, ana
(Donur gözlərimdə yaş gilə-gilə)
Ürək üşüyərsə……
Neylər insana, 
Günəşi ocaqda yandırsan belə?
Sənin taleyinə düşmüşdü yoxsa,
İnsafsız “fələyin” bir sərt gərdişi?
Yadıma düşəndə…
Od-alov yağsa, 
Yansa başım üstə bir yay günəşi,
Yenə üşüyərəm….
Ağırdır bu qəm!….

Nə yaxşı dünyada “qol-qanadın” var,
Bəlkə bu nisgilə dözməzdim bacım.
Qayıdıb ömrünə gecikən bahar,
Rahat yer üzündə gəzməzdim bacım.

Bu xoşbəxt günləri indi alqışla,
Saldım ötənləri yadına sənin.
Neyləyim bacarsan məni bağışla,
Qurbanam, ay bacı, adına sənin.
 

Elşən Səfərov – Bacı

Qardaşa anadan xəzinə, paydır,
Könüldə açılan, çiçəkdir bacı.
O, isti günəşdir, işıqlı aydır,
Hər evdə çıraqdır, bəzəkdir bacı.

Dərdimə, məndən çox ağlayan odu,
Tər-təmiz bulaqdı, bir şəffaf sudu.
Dərdlərim gizlənir, gələndə adı,
Dərdimi yox edən əlacdı bacı.

Uşaq tək nazımı, çəksə yorulmaz,
O elə bir bənd ki, möhkəm, qırılmaz.
Onun tək nə bir dost, nə bir yar olmaz,
Köksümdə döyünən, ürəkdir bacı.

Bəlkə də incitdim, küsə bilmədi,
Duasın üstümdən, kəsə bilmədi,
Bir özgə tərəfə əsə bilmədi,
Dərdimi yox edən küləkdir bacı.

Üzülsəm, gecələr heç yata bilməz,
Gözümdə qəm görsə, üzü də gülməz.
Gözüylə danışar, dili də dinməz,
Gözündən nur saçan, mələkdir bacı.

Ərköyün böyüdük, qayğıdan uzaq,
Bacılar, hər zaman tüstüsüz ocaq.
Qardaşlar bacıya hünərdir ancaq,
Bacının özünə, gərəkdir bacı.

 Canım bacım – Naməlum


O mənim sirdaşım, o mənim dostum.
Anadan yadigar qalandır bacı.
Bacının dərdini öz dərdi bilib,
Hər gecə xəyala dalandır bacı.

Mənimlə ağlayar, gülsəm, gülən o,
Dərdimi dinləyib, dərdi bölən o,
Bacının hər dərdi-sərin bilən o,
Bacının dərdinə yanandır bacı.

Fəxr edirəm, mənim sən tək bacım var,
Düşünürəm varsan, başda tacım var,
Mənim sənə daim ehtiyacım var,
Özunə yaxşı bax, canımsan, bacı.

Ömrümə yaraşıq, hər an bəzəkdir,
O mənim canımdır, mənə gərəkdir.
Bacın yoxsa, canın yoxdur deməkdir,
Mənimmün ikinci canımdı bacım…


Kənan Əkbərov – Bacı başın tacıdır

Bacı kimi qayğına qalan varmı dünyada,
Başın gözünün nuru, bacı başın tacıdır.
Dərdinə dərd yoldaşı, sirrinə sirdaş olan,
Uğruna can yandıran, vallah, elə bacıdır.

Ayağna dəysə daş, yanar bacının canı.
Çıraq olar yolunda, nura tutar dünyanı.
Kimsə anlaya bilməz, bacı kimi insanı,
Bacı ana yarısı, ana ehtiyacıdır,
İnsana can yandıran, vallah, elə bacıdır.

Hərdən xoş gələr sözü, hərdən canını incidər,
Gah sən deyəni deyər, gah sənə qarşı gedər,
Qalmaz zarafatından, ürəkləri fəth edər,
Şirin sözü, kəlamı dərdlərin əlacıdır,
İnsana can yandıran, vallah, elə bacıdır.


 Elvin Elxanoğlu – Bacım

Bacım, əziz bacım,
ay gözəl bacım,
Ay mənim dəyərlim,
mənim baş tacım…
Sənsən bu həyatda varım, dövlətim,
Sənsən mənim ən dəyərli zinətim.
Bir evdə keçibdir uşaqlığımız
O ən doğma olan,
o pak, ən təmiz,
İndi şəkillərdə axtardığımız,
O qayğısız keçən saf çağlarımız…
Birlikdə görmüşük gözəl günləri,
Birlikdə aşmışıq çətinlikləri,
Bir evdə böyüyüb başa çatmışıq,
Bir evdə etmişik dəcəllikləri…
Səninlə bağlıdır xatirələrim,
Hərdən düşünürəm,
salıram yada,
Bacıdan dəyərli, bacıdan əziz
Görəsən bir varlıq varmı dünyada?!
Bacım, gözəl bacım,
mehriban bacım,
Bil ki, sən hər zaman mənə lazımsan,
Uca Yaradana şükürlər olsun,
Yaxşı ki, həyatda mənim bacımsan,
Bütün gözəlliklər qoy sənin olsun,
Qəm-kədər qarşına çıxmasın sənin,
Gözlərin gülüşün vətəni olsun,
Dərdlər ürəyini sıxmasın sənin…
Bacı hər qardaşa gərəkdir,gərək,
Dar gündə yanına ilk o gələcək.
Səninlə ağlayıb, sənlə güləcək…
Bacılar hər evə bazəkdir, bəzək,
Bir bacı bir evdə solmayan çiçək,
Bacı ən xoş arzu, ən gözəl dilək,
Bacı bir anadır, analar mələk…
Gəlin, bacımızın dəyərin bilək.
Gəlin, bacımızın dəyərin bilək.



Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!