Dilimiz varlığımızdır


Gizli saxladığı sirri faş olan adam haqqında zarafat və ya istehza ilə deyilir.
Xalq içərisindəki rəvayətlərdən birinə görə öz buynuzunu çox gizli saxlayan İsgəndər çöldə bir çobanla rastlaşır, ney çalmağı ona əmr edir. Çoban neyi (vəya öz tütəyini) çalınca bu
səslər ucalır: “İsgəndərin buynuzu var, buynuzu”. Onun buynuzu olduğunu dəlləyindən başqa heç kəs bilmirdi.

Dəllək də bir gün bu sirri saxlamaqdan təngə gələrək çölə gedib üzünü su quyusuna tutaraq deyir: “İsgəndərin buynuzu var, buynuzu…” Quyunun üstündə bitən qarğıdan düzəldilmiş neydən həmin sözlər eşidilir. Rəvayətdən çıxarılan ümumi əxlaqi nəticə belədir ki, dünyada heç kəs sirrini axıra qədər gizlədə bilməz.
Bu rəvayət ilə əlaqədar olaraq dilimizdə “buynuzum yoxdur ki”, “buynuz çıxarmamışam ki” ifadələri yaranmışdır.
N.Gəncəvi “İsgəndərnamə” poemasında “İsgəndər və çoban” əhvalatını işləyərkən həmin rəvayətdən istifadə etmişdir.
“İsgəndərin buynuzu” adlı bu rəvayətin erməni variantı da vardır.
Bəzi müəlliflərə görə İsgəndər Zülqərneynin tacında iki cıqqa olmuşdur ki, bu buynuz əhvalatı da həmin cıqqaya işarədir. Buna bənzər əfsanə qədim Yunanlarda şah Midas haqqında yayılmışdı. Ehtimal olunur ki, bu əfsanə məhz Makedoniyalı İsgəndər zamanı Şərqə yunanlardan keçmişdir. Odur ki, Şərq variantında söhbət Midasdan deyil, İsgəndərdən gedir. Bəzi Orta Asiya xalqları içərisində bu hadisənin üçüncü variantının da olduğuna əsaslanan bir sıra müəliflər belə güman edirlər ki, əslində heç İsgəndərlə əlaqədar olmayan bu rəvayət Qərbdən Şərqə deyil, əksinə Şərqdən Qərbə keçmişdir.

Müəllif: Musa Adilov – professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!