Tarixdə bu gün

İlin 131-ci (uzun illərdə 132-ci) günü.

Mühüm hadisələr:

1906 — “Bakinski raboçi” qəzeti nəşrə başlayıb.

1911 — Nəriman Nərimanovun “Nadir şah” pyesi Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub.

1916 — Malazgirddə (Türkiyə) ermənilər iki min nəfəri qətlə yetirib.

1920 — Qaryagin qəzasında (indiki Füzuli) İnqilab komitəsi təşkil edilib.

1920 — Qızıl Ordu hissələri Zaqatalaya daxil olub.

1929 — Zaqafqaziya Sovetlərinin I qurultayı başa çatıb.

Doğum günləri:

1915 —Məşhur heykəltaraş, Xalq rəssamı , Əməkdar İncəsənət Xadimi , SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü , Azərbaycan SSR-in Dövlət Mükafatı Laureatı Əbdürrəhmanov Fuad Həsən oğlu  Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur.

1929–1932-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və 1935-1939-cu illərdə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.

Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin “Atıcı” , “Gənc aşıq” və ilk monumental əsəri olan Füzulinin heykəlini yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı Hüseynbala  Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə , R. Mustafayev , Həzi Aslanov , B. Bağırova , Səməd Vurğun , kubalı Xesus və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.

Gəncədə və Bakıda Nizaminin , Bakıda S. Vurğunun abidəsi və sair əsərləri  Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir.

 1950–1960-cı illərdə yaratdığı “Çoban” , “Azərbaycanlı qadın” , “Azadlıq” , “Azad qadın” və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.

Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini yaratmışdır.

15 iyun 1971-ci ildə 56 yaşında vəfat etmişdir.

 1931 — Azərbaycan şahmatçısı, qadınlar arasında qrossmeyster (2012), Azərbaycan şahmat tarixində ilk dəfə kişilər arasında Beynəlxalq usta (2017), Dəfələrlə Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı. 2009-cu ildən şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü Gülnar Mərfət qızı Məmmədova Şirvan ( Əli Bayramlı şəhərində anadan olub.

2008-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşdur.

2008-2012-ci ilərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2012-2014 -cü illərdə isə magistr üzrə tam ixtisas kursunu bitirmişdir.

2014-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şahmat müəllimi kimi fəaliyyət göstərir.

Şahmatla 6 yaşından məşğul olmağa başlayıb. İlk uğuru şahmatla məşğul olmasından 23 gün sonraya təsadüf edir. Belə ki, 1997-ci ildə Şirvan şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turnirinin qalibi olub. 16 yaşadək şahmatçılar arasında dünya ikincisi və Avropa üçüncüsü olub.2009 və 2010-cu ildə qadınlar arasında Azərbaycan çempionu olub. 2016-cı ildə Bakıda keçirilən Şahmat Olimpiadasında 3-cü lövhədə qızıl medal qazanaraq, Azərbaycan qadın şahmatında ilkə imza atıb. Həmin il klublararası Avropa Kubokunda “Odlar Yurdu” komandasının tərkibində öz lövhəsində gümüş medal qazanıb və əmsalını özü üçün rekord həddə – 2401-ə çatdırıb. Bununla da qadın şahmatımızda Beynəlxalq Usta (İM) dərəcəsinə yüksələn ilk şahmatçı olub. 2017-ci ildə “Odlar Yurdu”nun Avropa ikincisi olmasında pay sahibi olub.2018-ci ildə yenə klublararası Avropa Kubokunda öz lövhəsində gümüş medal qazanıb.2019-cu ildə Azərbaycanın qadınlardan ibarət yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2017-ci ilin yanvar ayı üçün açıqladığı reytinq siyahısında Gülnar Məmmədova 2401 reytinq xalı ilə dünyanın ən güclü 100 xanım zəka ustası sırasına daxil olaraq 64-cü pillədə qərarlaşırdı. Bu hələ ki, karyerasında ən yüksək reytinq olub.

1935 — Görkəmli Azərbaycanlı yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan SSR Dövlət Mükafatı laureatı , Əməkdar İncəsənət xadimi , Xalq yazıçısı Maqsud Mammədibrahim oğlu İbrahimbəyov

Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Azərbaycan Texniki Universitetinin İnşaat fakültəsində təhsil almışdır. Eyni zamanda universitetin çoxtirajlı “Politexnik” qəzetində ştatdankənar müxbir kimi çalışmışdır. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirmişdir .

Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis , Moskva Ali Ssenaristlər Kursunda müdavim , Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri , Moskva Ali Rejissorluq Kurslarında müdavim olmuşdur.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat etmişdir və Fəxri Xiyabanda dəfn edilmişdir.

.”Mezozoy əhvalatı”, “Bayquş gəlmişdi”, “Yay tətili”, “Bütün yaxşılıqlar üçün – ölüm!”, “Truskavetsə kim gedir?”, “Sən nəğməmsən mənim”, “Ona görə ki, mən Ayvar Lidakam” və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

  1957  — Şair, yazıçı və tərcüməçi Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov) Şamaxı rayonunda anadan olumuşdur.

İlk şeiri 11 yaşında Şamaxıda çıxan “Yeni Şirvan” qəzetində çap olub.

1981-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

Şeirləri “Ulduz”, “Azərbaycan”, “Ədəbiyyat və incəsənət” və digər ədəbi orqanlarda çap olunub. “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” və İranın Tehran şəhərindəki “Yaşmaq” kitab evinin təşəbüsüylə “Avaz” nəşriyyatında Azərbaycan dilində çıxmış “Qürbət qaysaqları” (şeirlər) və “Kül” (nəsr) kitablarının müəllifidir.

Müxtəlif illərdə nəşr olunmuş “Dərdin sarı çəpkəni”, “Quşların intiharına ağlamayın” nəsr kitablarının, eləcə də, “Əlifba bayramında qətl”, “Dərdin sarı çəpkəni”, “Kül” , “Qarğa marşrutu”, “Quşların intiharına ağlamayın”, “Köhnə mücrüyə elegiya”, “Qiyamət Qaziləri” romanlarının və “Qaranquş səsli sevgili” povestinin müəllifidir.

 Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun “İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri (“Keçmiş zamanların yeniyetməsi”, “Sevgi səhrası” romanları) kitabı, Lev Tolstoyun “İvan İliçin ölümü”, “İnsanı yaşadan nədir?” kitabları, “Saxta kupon” povesti, Fyodor Dostoyevskinin “Gülməli adamın yuxusu” kitabı, “Bobok”, “Milad yolkasındakı oğlan” hekayələri, “Ölü evdən qeydlər” povesti, Anton Çexovun “6 nömrəli palata” kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri (“Qoca” romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik “QULAQ Arxipelağı” əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət “Kişi, qadın və çətir” adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın “Şüşə ulduz” şeirlər kitabı (Salam Sarvanla müştərək), Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.

2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin redaktoru olub. 2018-ci ilin yanvarından isəAzərbaycan Dövlət Tərcümə Mərkəzinin Lüğət və linqivistika şöbəsində dil mütəxəssisi işləyir.

Vəfat etmişdir:

1977 —   Dilçi alim, filologiya elmləri doktoru , professor Əli Abbas oğlu Fərəcov Bakı şəhərində vəfat etmişdir.

Əli Fərəcov 1927-ci il iyun ayının 8-də İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirəndən sonra İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə Zəngibasar rayonu kənd orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1946-1951). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor, “Tədrisnəşr”də böyük redaktor vəzifələrində çalışmışdır (1951-1960). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1960-1964). “Şagirdlərdə morfoloji məfhumların mənimsənilməsinin metodik əsasları” müvzusunda doktorluq dissertasiyası (1972) müdafiə etmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun İbtidai təhsil metodikası və pedaqogikası fakültəsində dekan müavini, Filologiya fakültəsinin dekanı, eyni zamanda institutun “Elmi əsərləri”nin məsul katibi olmuşdur. Elmi-pedaqoji və metodik əsərləri və tərcüməçilik fəaliyyəti ilə tanınmışdır.

1992 — Görkəmli tənqidçi, ədəbiyyatşünas  alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü , Əməkdar elm xadimi Məmməd Cəfər (Cəfərov Məmməd Zeynalabdin oğlu  83 yaşında vəfat etmişdir.

Məmməd Cəfər 1909-cu il mayın 9-da Naxçıvan şəhərində anadan olmuşdur. Burada ilk təhsilini aldıqdan sonra Naxçıvan pedaqoji texnikumunu bitirmişdir (1928-1932).

APİ-nin Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, “Gənc işçi”, “Maarif işçisi” qəzetlərinin redaksiyalarında şöbə müdiri vəzifəsində işləmişdir.  1935-1938-ci illərdə həmin institutun Ərəb ədəbiyyatı kafedrasının aspiranturasında təhsil almış, Ədəbiyyat fakültəsinin dekanı (1938-1939), Bakı ikiillik Müəllimlər İnstitutunda baş müəllim (1939-1941), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent  və sair vəzifələrdə  işləmişdir.

Dövri mətbuatda vaxtaşırı çıxan elmi, ədəbi-tənqidi-publisist və bədii əsərləri onu elmi, ictimai və publisist fikrimizin mötəbər xadimi kimi tanıdır. Onun yaradıcılığı çoxcəhətli və geniş əhatəlidir: Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir.  Məmməd Cəfər bir çox aspirant və dissertantlara elmi rəhbərlik etmiş, elmlər namizədi və elmlər doktorları yetişdirmişdir. O, akademik Feyzulla Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX-XX əsrlər ədəbiyyat dərsliyini yaratmışdır.

1992— Azərbaycanın Milli Qəhrəmanı Rövşən Şəmil oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.

Rövşən Şəmil oğlu Hüseynov 1967-ci ildə Ağdam rayonunda anadan olmuşdur.

1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.

Rövşən Hüseynov tələbələrlə birlikdə “N” saylı batalyona təhkim etmişdilər. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını və  onlarla canlı qüvvəsini məhv edə bildi.

1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır. Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir.  Burada tələbələrdən ikisi həlak olur , digərləri isə mühasirədən çıxa bilirlər.

Rövşən özü isə pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv etsə də, döyüş meydanında qəhrəmancasına həlak oldu.

2016 – Görkəmli tənqidçi, ədəbiyyatşünas,. “Şöhrət” ordeni laureatı Qara Mustafa oğlu Namazov Bakıda vəfat etmişdir.

Qara Namazov 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939-1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.

Qara Namazov 1949-1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951-1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin Xüsusi şöbəsinin rəisi vəzifəsində işləmişdir.

1956-1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri “Sovet Ermənistanı” (1956), “Ədəbi Ermənistan”, “Gənc qələmlər”, “Aprel çiçəkləri”, “Tər çiçəklər”, “Gənclik nəğmələri”, “Molodyoj Azerbaydjana” toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən “Bir qərinədə” poeması da “Ədəbi Ermənistan” toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) “Şamaxının məhvi” (“Qibel Şamaxı” (“Salima”) poemasını “Səlimə” adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir. Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə “Azərbaycan aşıq yaradıcılığı” (1920-1940-cı illər)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi , 1987-ci ildə “Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda dissertasiya işinə görə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!