İlin 132-ci (uzun illərdə 133-cü) günü

Mühüm hadisələr:

1920 — XI Qızıl ordu hissələri Şuşaya daxil olub.

1920 — Azərbaycan İnqilab Komitəsi xalq məhkəmələrinin təşkili haqqında dekret verib.

1995 — Azərbaycan Respublikası Venesuela ilə diplomatik əlaqələr qurub.

Doğum günləri:

1089 — Qədim Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olmuş Məhsəti Gəncəvi Gəncədə dünyaya göz açmışdır.

Məhsəti Gəncəvi sufi Əxi təriqətinin üzvü olmuşdur. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz

şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.

 Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynamışdır. Bir çox tədqiqatçılar Məhsətinin rübailərini Ömər Xəyyam məktəbinə aid edirlər.

 15 iyun 1160-cı ildə 71 yaşında vəfat etmişdir.

 

1921 — Görkəmli  nasir, tərcüməçi, ssenari müəllifi; Əməkdar mədəniyyət işçisi  Ələviyyə Hənifə qızı Babayeva Bakıda anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı təpə” (1963), K.Paustovskinin “Oğru pişik” (1951), V.Q.Korolenkonun “Satın alnmış uşaqlar” (1962), Y.Sotnikin “Əcaib quş” (1964), V.Astafyevin “Ulduz xəzanı” (1970), Y.Çaruşinin “Nikitanın oyuncaqları” (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. “Azərbaycan qadını” jurnalında məsul katib (1951-1973), “Gənclik” nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.

23 sentyabr 2014-cü ildə vəfat etmişdir.

1935 — Tanınmış ssenari müəllifi Valid Möhsün oğlu  Sənani Bakıda anadan olmuşdur.

1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir.

1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb.

23 yanvar 2011-ci ildə vəfat edib.

1958-ci ildən 1967-ci ilədək radionun “Xəbərlər” baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib.

1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin “Səhər” redaksiyasında redaktor, 2001-2005-ci illərdə “Lider” televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək “Space” televiziyasında redaktor işləyib.

Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.

Respublika qəzetlərində müasir radio və televiziyanın aktual problemləri barədə məqalələri dərc edilib. Onun hazırladığı aparıcılar müxtəlif televiziya kanallarında uğurla işləyirlər.

1940 — Tanınməş şair, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi , Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı Abdulla Abbas  Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində  anadan olmuşdur.

1958-1963-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır . Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını , Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini  bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir.

1966-1973 –ci illərdə “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri , 1973-1977 –ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir, 1979-1987 –ci illərdə baş redaktorun müavini , 1987-1992 –ci illərdə “Ulduz” jurnalının məsul katibi, 1987-1992-ci illərdə  baş redaktoru  olmuşdur.

1992-1997-ci illərdə Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu  olmuşdur.

Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil etmişdir.

1980-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Vəfat etmişdir:

1994 — Azərbaycanın Milli Qəhrəmanı Eldar İsfəndiyar oğlu  Həsənov Vətən uğrunda qəhrəmancasına həlak omuşdur.

Eldar Həsənov 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1983-cü ildə kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu sırasına çağırılmışdır. 1986-cı ildə xidmətini başa vurub,  Cəlilabad rayonuna dönmüş və sürücü işləmişdir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılmışdır.

O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdur. Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdur. Eldar Həsənov qurduğu plan haqqında əvvəlcədən danışmırdı. O, kəşfiyyata tək gedər,  iki-üç əsirlə geri dönərdi. Ermənilər onun başına 50 min ABŞ dolları pul mükafatı qoymuşdular. Vətən övladının şöhrətindən eşitməyən yox idi. Onun adı dillərdən düşmürdü.

1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edən Eldarın adı daha da əfsanəyə döndü cəbhədə hər kəs onun şücaətindən danışırdı. 1994-cü il 12 may… Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə Eldar həmişəki kimi ön cərgədə idi. Qəfil atılan mərmi onun   ürəyini əbədi olaraq susdurdu…

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.

Cəlilabad Rayon Polis İdarəsinin həyətində büstü qoyulmuşdur.

1995 — Azərbaycan yazıçısı İsi Abbas oğlu Məlikzadə 61 yaşında vəfat etmişdir.

 İsi Məlikzadə  1 may 1934-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. Xalfərəddin orta məktəbini bitirdikdən sonra — 1952-1957-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil almışdır.

“Əzizbəyovneft” mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası , Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini , “Ulduz” jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib , Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü , “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri , “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri , “Mozalan” satirik kinojurnalında böyük redaktor, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir. Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri işləmişdir. 1994-cü ildən  ömrünün sonunadək “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri  , Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri   vəzifələrində çalışmışdır.

2005 — Xalq artisti Sara Qədimova Bakı şəhərində 82 yaşında vəfat etmişdir.

Sara Qədimova 31- may 1922-ci ildə Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. Səsi lirik-koloratur sopranodur. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

 Sara Qədimova Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə də yadda qalıb. Onun oxuduğu “Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah” muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında “Qarabağ şikəstəsi” isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Bayramlar və xüsusi günlər:

12 May Ümumdünya Tibb Bacıları Günüdür.

Dünyada müasir tibb bacılığı təhsilinin yaradıcısı Florens Naiytingel olub, o, ilk tibb bacısı məktəbini 1962-ci ildə Londonda açmışdır. Həmin vaxtdan tibb bacılığı təhsilinin banisi Florence Nightingalein ad günü şərəfinə 12 May Bacılar Günü kimi qeyd olunur və bu günün dxil olduğu həftə də Bacılar həftəsi hesab edilir.

Türkiyədə isə hələ 1911-ci ildə Qızıl Aypara Cəmiyyəti tərəfindən tibb bacıları hazırlayan kurslar açılmışdır. Bu kursları bitirən bacılar 1912-1914 cü illərdə Balkan müharibələri və 1914-1918-ci illərdə Birinci Dünya müharibəsində xəstə və yaralı əsgərlərə baxmışlar.

Daha sona digər illərdə tibb məktəbləridaha çox sayda açıldı. Bu məktəblər orta məktəb səviyyəsində 3 il, lisey səviyyəsində isə 4 il təhsil verirdi. Bu məktəblər sonradan 4 illik Tibb kolleclərinə çevirilmişlər. Kollec və lisey məzunlarına təhsil verən 4 illik Ali Tibb Bacısı Məktəbləri isə hələ də fəaliyyətdədir. Bu məktəblərdən ən məşhuru İstanbuldakı “Florens Naiytingel” Ali Tibb bacısı məktəbidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!