Tarixdə bu gün
İlin 134-cü (uzun illərdə 135-ci) günü.
Mühüm hadisələr:

1805 — Kürəkçay çayı sahilində — Knyaz Sisianovun düşərgəsində, (indiki Goranboy rayonu ərazisi) birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə – 21 mayda (2 iyun), Şəki xanı Səlim xan tərəfindən Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Rusiya İmperiyası adından isə müqaviləyə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov imza atmışdır.
Mirzə Adıgözəl bəy və Mirzə Camal Cavanşir əslində Şəki xanlığının Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində Rusiyaya tabe edildiyini yazırlar: “Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi”.
1805-ci il 14 may Kürəkçay andlaşması 11 maddədən ibarət idi. Qarabağ xanı Rusiya çarının vassalı olmağına razılıq verir (maddə 1), müstəqil xarici siyasət hüququndan çarın xeyrinə imtina edir (maddə 4), çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü (maddə 8). Rusiya dövləti də üzərinə müəyyən təəhhüdlər götürür, daxili idarəetmə ilə bağlı hakimiyyət işlərinin xanın öhdəsində qalacağına söz verilirdi. Rusiya çarı özünün və vəliəhdlərinin adından “zati-alil ərinin (İbrahim xanın və onun ölkəsinin (Qarabağ xanlığının) bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir” (maddə 2); söz verirdi ki, xanın varis və davamçılarının “Qarabağ xanlığı üz ərində hakimiyyəti dəyişilməz saxlanılacaq”, daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana, ölkədən yığılan gəlir “zati-alilərinin (xanın) səlahiyyətində qalacaqdır” (maddə 5). Lakin bu, xanlığın daxili idarəçiliyinin olduğu kimi saxlanılması, bir çar vassalı kimi xana tam daxili siyasi muxtariyyəti verilməsi demək deyildi. Çünki general-leytenant (oğlanları Məhəmmədhəsən və Mehdiqulu – general-mayor, kiçik oğlu Xanlar isə polkovnik) rütbəsi alan Qarabağ xanı artıq Qafqaz komandanlığının əmrlərini də yerinə yetirməli idi. Bununla yanaşı, mayor Lisaneviç başda olmaqla 500 rus əsgərinin qalaya bitişik Xanbağı adlanan yerdə yerləşdirilməsi də xanın davranışına hüdud qoyurdu.

2002 — Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında müqavilə imzalanıb.
Doğum günləri:

1916 — 1959–1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Vəli Axundov Bakı şəhərində anadan olmuşdur.
1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olmuşdur.
1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.
1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. 1959-cu ilin iyuluna qədər bu vəzifədə çalışmışdır.
1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşdur.
1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir.
1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir.
1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.
1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.
1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda əfn olunmuşdur.

1943— Aktyor və rejissor; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimiFikrət Əbdülhəmid oğlu Sultanov anadan olmuşdur.
1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun “Dram rejissoru” ixtisasını (kursun rəhbəri Tofiq Kazımov) və 1970-ci ildə Moskva Ümumittifaq Teatr Sənəti İnstitutunun “Assistent-stajorluğu”nu (rəhbəri – İ.M.Rayevski) bitirib.
1969-cu ildə Moskvada Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” musiqili komediyasını “Təbəssümünü gizlətmə” adı ilə səhnələşdirib.
1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış kafedrası olan Rejissorluq və aktyor sənəti kafedrasının müdiri, 5 il Teatr və kino sənəti fakültəsinin dekanı vəzifələrində işləyib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
2005–2006-cı illərdə Türkiyədə İstanbul Beykent Universitetində kafedra müdiri və professoru vəzifələrində çalışıb, Ümumtürkiyə Ali Attestasiya komissiyasının üzvü (“Jürinin Asıl Üyesi”) olub.
Quruluşçu-rejissor kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət televiziya və radiosunda, Moskva Operetta Teatrında tamaşalar, habelə dövlət səviyyəli kütləvi tədbirlər hazırlamışdır.
Aktyor kimi “Qəzəlxan” filmində Mir Cəfər Bağırov rolunu ifa etmişdir.
Çoxsaylı tədris proqramlarının, metodik tövsiyələrin, “Azərbaycan teatr təhsili” dərs vəsaitinin müəllifidir.
Vəfat etmişdir:

1985 — Azərbaycan SSR xalq artisti, məşhur tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov Bakıda 74 yaşında vəfat etmişdir.
Bəhram Mansurov 12 fevral 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. Babası Məşədi Məlik bəy dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçı idi.
Bəhram 8 yaşından tar çalmağa başlayıb. 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edib. Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyib. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayıb. Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılmışdır. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir. Bəhram Mansurov Sadıqcandan sonra klassik azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır. 2011-ci il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilmişdir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayev 22 yaşında Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur
Qasım Rzayev 5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur.
1988-ci il hərbi xidmətə çağırılmışdır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdır. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılımışdr və həmin gündən Qasım Rzayevin döyüş yolu başlamışdır. Qasım Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. O, idarə etdiyi avtomobilə mərmiatan qurğu yerləşdirərək düşmənin başına od ələyirdi.
1992-ci il 11 fevral “Qan çanağı” deyilən ərazidən hücuma keçən erməni yaraqlıları bir dəstə döyüşçü ilə rastlaşdılar. Bu Qasımın başçılıq etdiyi dəstə idi, onlar işğalçıları məhv etmiş və onlara məxsus bir PDM-ni də partlatmışıar.
14 may 1992-ci il erməni işğalçı dəstələri ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücum etmişdilər. Qasım qurğunu işə salaraq düşmənin atəş nöqtələrini susdurmağa başlamışdır.
Bir müddət sonra ətrafa sakitlik çöksə də, ermənilər yeni qüvvələrlə qəfil top atəşinə başlamışlar. Bu hücumda mərmilərdən biri Qasımın maşınının düz üstünə düşür. Qasım ömrünün 22-ci baharında Vətənimiz uğrunda, torpaq uğrunda qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib.
Hacallı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.