Tarixdə bu gün
Mühüm hadisələr:

1918 — Fətəli xan Xoyskinin başçılığı ilə birinci hökumət kabineti fəaliyyətə başlamışdır.
1918 — Azərbaycan Demokratik Respublikası – Şərqdə ilk demokratik cümhuriyyət elan edilmişdir.
1919 — Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşmüşdür.
1941 — Azərbaycan neftçiləri SSRİ-nin neft sənayesi işçilərini Ümumittifaq sosialist yarışına dəvət etmişlər.
1945 — SSRİ Dövlət Müdafiə Komitəsi “Bakıda neft hasilatını artırmaq tədbirləri haqqında” qərar qəbul etmişdir.
1992 — Naxçıvanla Türkiyə arasında Sədərək-Dilucu “Ümid” körpüsü açılmışdır.
2004 — Azərbaycan Respublikası Burkina Faso, Ruanda və Keniya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1927 – Azərbaycanın məşhur kamança ifaçısı Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb, ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asıb çox razı qalmışlar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança ifaçısı kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olur.
Habil “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

1947 – Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır.
1972-1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmış, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. F.Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.
1992-ci ildə F.Əlizadəyə Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yaradılması sifariş olunmuşdur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə səhnəyə qoyulmuşdur. 1997-ci ilə qədər F.Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışmışdır.
1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının (“Akademie der Künste”) professoru vəzifəsinə dəvət olunmuşdur. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.
F.Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” – müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silk road” Konserti, violonçel və orkestr üçün Konsert “Mərsiyə”, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlər.

1963 — Məşhur stend atıcısı Zemfira Meftahətdinova Bakı şəhərində tatar əsilli ailədə anadan olub. 1970-ci ildə əvvəlcə 225 nömrəli tam orta məktəbdə, daha sonra birinci sinfinə gedən Meftahətdinova daha sonra 8-ci mikrorayondakı 115 nömrəli tam orta məktəbdə təhsil almışdır. 14 yaşından idmanla məşğul olan Meftahətdinova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.
Zemfira Meftahətdinova 2000-ci il Sidney Olimpiadasının qızıl, 2004 -cü il Afina Olimpiadasının isə bürünc medalını qazanıb. 1993, 1997 və 2003-cü illərdə Avropa çempionu olan Zemfira Meftahətdinova müstəqil Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşüb.
Meftahətdinova 1995 və 2004-cü illərdə “Tərəqqi” medalı, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
Bayramlar və xüsusi günlər:
28 May Milli bayram – Azərbaycan Respublika Günüdür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə xarici təcavüz nəticəsində süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, müstəqillik arzularının güclənməsi və yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan Ümummilli Lider HeydərƏliyevin müdrik siyasəti nəticəsində öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Xalqımız hər il Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü hər il milli bayram kimi qeyd edir.
.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.