Tarixdə bu gün

İlin 166-cı (uzun illərdə 167-ci) günü.

Doğum günləri:

1902 — Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Əməkdar elm xadimi, professor, 1956-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru, Azərbaycan Sovet Respublikasının Ali Sovetinin sədr müavini işləmiş Mehdixan Yusif ağa oğlu Vəkilov Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur.

M.Y.Vəkilov 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir. Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba Qəza Maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində işləmişdir. O, Səməd Vurğunun “Komsomol poemasında” Cəlal obrazının prototipi, Azərbaycanın Xalq şairi Səməd Vurğunun böyük   qardaşıdır.

1926-1931-ci illərdə ADPU-da təhsilini davam etdirdiyi dövrdə də müəllimlik peşəsindən ayrılmamış, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs demişdir. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşmış görkəmli yazıçı Mirzə İbrahimov və tanınmış şərqşünas alim Məmmədağa Sultanov da var idi. 1931-1934-cü illərdə Qəbələdə müəllim olmuş, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs demiş, 1934-1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938-1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan fılialının Tarix İnstitutunda şöbə müdiri vəzifələrində çalışmışdır. 1946-1956-cı illərdə Bakı Dövlət Universitetində və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris etmişdir. M.Y.Vəkilov 1956-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuş, uzun müddət Tarix kafedrasının müdiri vəzifəsində çalışmışdır.

1954-cü ildə fəlsəfə doktorluğu (namizədlik), 1969-cu ildə elmlər doktorluğu dissertasiya işlərini müdafiə edən M.Y.Vəkilov ictimai inkişafın ən mürəkkəb problemlərindən biri olan XX əsrdə Azərbaycanda mədəni inqilab məsələlərinin tarixini dərindən və hərtərəfli tədqiq edən ilk azərbaycanlı alimlərdən biri olmuşdur.

Görkəmli alim 40-dan çox elmi əsərin, çoxsaylı elmi populyar məqalələrin müəllifidir.

Mehdixan Vəkilov 1975-ci il oktyabr ayının 18-də Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

1924 — Sevimli şair, Dövlət Mükafatı laureatı , Xalq şairi Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif Ağstafa rayonunun Yenigün kəndində anadan olub.

Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı Pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır.

Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir.

Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub, şeirlərinə musiqilər bəstələnib.

1976-cı ildə Hüseyn Arifin oğlu  avtomobil qəzasında  həlak olur. Bu faciəli hadisə şairi sarsıdır  və   o gündən   şair oğlunun adınn   özünə təxəllüsü götürür.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub.

Əsərləri: “Yeni həyat yollarında” (1950), “Mən sülhə səs verirəm” (1951), “Rus dili müəlliməsi” (1954), “Məhəbbət nəğmələri” (1956), “Dostluq telləri” (1960), “Yolda” (1962), “Ömür çeşməsi” (1963), “Sibir töhfələri” (1964), “Torpaq eşqi” (1964), “Diri göl əfsanəsi” (1969), “Bahar gələndə” (1969) və s. Məşhur şeirləri: “Analar”, “Sən Dərsə Gəlməyəndə”, “İnsan”, “Xatırla Məni”, “Könül Deyir Yaşa Hələ”, “Şeir Deyilmi” və s.

1941 – Görkəmli professor, ictimai-siyasi xadim, Əməkdar elm xadimi  Şahlar Qaçay oğlu Əsgərov Kəlbəcər rayonunda anadan olub.

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək Universitetdə saxlanılmışdır. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər.

Ş. Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal – yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir.

O, Bakı Dövlət Universitetində müəllim, dosent, dekan mü-avini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdı. Hazırda BDU-nun professoru və 1990 –cı ildə yaratdığı “Amorf təbəqələr” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir.

Professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də, onun 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.

Ş. Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.

1966 — Azərbaycanın Milli Qəhrəmanı Şakir Şamil oğlu Salahov Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur.

1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-1986-cı illərdə   hərbi xidmətdə olmuşdur. Elə 1986-cı ildən Xankəndi Daxili İşlər İdarəsinə işə qəbul olunub.

Qarabağ müharibəsininilk günlərindən Şamil də   Vətənin müdafiəsinə qalxmışdır.

1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edirlər.  Şakir döyüşçü dostları ilə  özlərini   kəndə yetirirlər. Onlarla  erməni döyüşçüsü   məhv ediliri.

1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli  kəndləri arasındakı “Darlı” adlanan yerdə “UAZ” markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Şakir həmin erməni quldurlarını taparaq məhv etmiş, şəhid qardaşlarının intiqamını almışdır.

1992-ci il 28 yanvar Ağdam- Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu. Ermənilərə əsir düşməmək üçün vertolyotdan hərkəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vəfat etmişdir:

1160 – XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi Əxi təriqətinin üzvü Məhsəti Gəncəvi 71 yaşında Gəncədə vəfat etmişdir.

Məhsəti Gəncəvi 12 may 1089-cu ildə Gəncədə anadan olmuşdur.

Məhsətinin günümüzə qədər gəlib çatan rübailəri həm ayrı-ayrı ədəbi təzkirələrdə, həm də çoxsaylı əlyazma toplularında özünə yer almışdır. Şairənin ədəbi irsinin ən qədim qaynaqları XIII-XIV yüzilliklərin yadigarlarıdır. Məhsəti Gəncəvinin Azərbaycan poetik fikrindəki bənzərsiz yerindən, ədəbiyyatımızın

inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq axtarışlarından söhbət açarkən onun nə qədər istedadlı şəxsiyyət olduğunu görürük. Təsadüfi deyildir ki, doqquz yüz ilə yaxın bir müddət ərzində Məhsətinin əsərləri müxtəlif qaynaqlarda qorunaqoruna bizə gəlib çatmışdır. Yüksək sənətkarlıq örnəyi olan bu poetik dördlüklər ilk dəfə Almaniyada ədəbiyyatşünasların diqqətini cəlb etmişdir. Görkəmli şərqşünas Helmut Ritterin ardınca Frits Meyer Məhsəti irsini toplayaraq alman dilinə tərcüməsi ilə birgə çap etdirmişdir. Lakin keçən əsrin 60-cı illərindən sonra Azərbaycanda Məhsəti irsinin çağdaş elmi səviyyədə öyrənilməsi, tərcüməsi və nəşri böyük vüsət almışdır. Məhsətinin birbaşa varisi, Gəncə ədəbi mühitinin yetirməsi, xalq şairi Nigar Rəfibəylinin tərcümələri ilə Məhsəti rübailəri Azərbaycanda daha da populyarlaşmış, bu böyük sənətkar haqqında bir sıra elmi və bədii əsərlər yazılmışdır.

1943— Azərbaycan karikatura sənətinin banisi , Xalq rəssamı , Əmək Qəhrəmanı Əzim Aslan oğlu Əzimzadə 63 yaşında vəfat etmişdir.

Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.

Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri – xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən “Köhnə Bakı tipləri” və “100 tip” əsəri xüsusilə təqdirəlayiqdir.

Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər.

1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.

1971– Görkəmli heykəltaraş, Xalq rəssamı , Əməkdar incəsənət xadimi , SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü , Dövlət Mükafatı laureatı Fuad Həsən oğlu Əbdürrəhmanov 56 yaşında vəfat etmişdir.

Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.

Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin “Atıcı” (1934), “Gənc aşıq” (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.

Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir.

1992 —  AzərbaycanRespublikasının Milli Qəhrəmanı Kazımağa Kərimov 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində  ziyalı ailəsində anadan olmuşdur.

Kazımağa orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olmuşdur.

Universiteti bitirdikdən sonra bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışmışdır.

1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxır . Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunur.

Bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq  etmiş, bütün döyüşlərdə  ermınilər darmadağın edilmişlər.

1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh düşgünlüyünün yarandığını hiss edən Kazımağa yenidən, döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olunduğu gün kimi Azərbaycan tarixinə həkk olur.

Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Kazımağa 15 iyun1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.

Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd Mədəniyyət evi onun adını daşıyır.

Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü qoyulub.

1992—Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Fuad oğlu Mustafayev döyüş zonasında (Xocalı rayonunun Naxçıvanlı kəndində) vəzifə borcunu yerinə yetirərkən aldığı mərmi qəlpəsindən həlak olmuşdur.

Çingiz Mustafayevin əsasını qoyduğu “215 kl” studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnını səsləndirib.

Çingiz Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətin in Axtyubinsk rayonunun Kapustin-Yar kəndində anadan olmuşdur.

Torpağlarımıza erməni təcavüzü başlayanda Çingiz Müustafayev kamerası ilə “müsəlləh əsgər ” kimi döyüşə atılır, ən qaynar nöqtələrdə olur, dəfələrlə həyatı təhlükə qarşısında qalır.

Xocalı qətliamı zamanı Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir.

1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, “Palmali” şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak oçuşdur.

Elşad Hüseynov Masallı rayonun Xıl kəndində 1960-cı ildə anadan olmuşdur. 1978-ci ildən sovxozda işləmişdir. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunuB. Ermənilərin torpaqlarımıza təcavüz edəndə  görən Elşad  könüllü olaraq cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.

Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində  əsl qəhrəman kimi vuruşur.

15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisi əbədi olaraq gözlərini yumdu.  

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Elşad Eynulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Masallı rayonunun Xıl kəndində dəfn edilib.

Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirmişdir.

Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə dogma vətəninə qayıtmışdır.

1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılmış və torpaqlarımızın müdafiəsinə qoşulmuşdur. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərmişdir.

1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Göygöl rayonunda dəfn edilmişdir.

Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Bayramlar və xüsusi günlər: .

Azərbaycan xalqının Milli Qurtuluş Günü

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi, bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Dünya Qayınanalar Günü

1970-ci illərin sonlarında Amerikada elan edilən Qayınanalar Günü 28 Oktyabrdan qeyd olunmağa başlandı. Amerikalıların bu gün üçün hazırladıqları şüar isə belə idi: “Gəlinlər, hər qayınananın iki üzü olduğunu, pis üzü qədər yaxşı üzünün də olduğunu da unutmayın. Qaynanalar günündə qayınananızın yaxşı tərəflərini düşünərək ona bir gözəl buket çiçək verin. Bu ,onun hər zaman xatırlayacağıq bir jest ola bilər. “

Türkiyədə isə qayınana-gəlin arasındakı bu tarixi addım 1989-cu sonlarından atılmışdır. Bu tarixdən sonra Dünya Qayınanalar Günü 15 İyun olaraq təyin olundu. Qaynanasından doya bilməyən gəlinlər bir günlə kifayətlənməyib, günü həftəyə yayaraq, qayınanaları ilə bir olmaq arzularını ortaya qoydular. Yəni, həftəboyu qayınanalarına rəğbətlərini ifadə etdilər. Biz indiyə kimi, qayınanalarla bağlı çoxlu yazılar vermişik vemişik. Qayınanalarınızı düşünüb duyğulanmaq istəsəniz, buyurub saytın axtarışına “qayınana” yazsanız kifayətdir, başlıqlardan seçib oxuya bilərsiniz.

Sonda isə gəlinlərə qayınanalarına doğru çağırış edirik:

– Gəlin, ay gəlin, çox təcrübəsizsiniz. Qayınananı sevmədən,  ehtiram bəsləmədən siz onun oğlundan mükəmməl sevgi, dəruni eşq görə bilməzsiniz. Yoxdu belə təcrübə.Bu gün etdiyiniz kimi etməyin, eləməyin. Siz qayınanızın timsalında özünüzün gələcək qayınana  taleyinzi  görürsünüz. Yazıq analar bu məqamla da Sizə nümunə olurlar. Sizin gələcəkdə başınıza gələcəkləri əyan edir. Kim bu həyat imtahanından üzüağ çıxır, eşq olsun…

Bəxtəvər o proletarın başına ki, bəxtinə anasına onun özü kimi ehtiram bəsləyəcək gəlin düşüb.

Hörmətli gəlin anası, bəy anası, Qayınanalar Gününüz mübarək…

Evinizə, ocağınıza gətirdiyiniz gəlinlər layiqli davamçılarınız olsun..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!