Dilimiz varlığımızdır


İfadə obrazlı şəkildə “xoşlamaq, istəmək, sevmək” mənasında işlədilir.
Qədim təsəvvürlərə görə insanın varlığı bədən və ruhdan(cisim və candan) ibarət hesab olunur və ruh (can) quş şəklində təsəvvür edilirdi. Dilimizdə poetik obraz kimi işlənən “könül quşu”, “can quşu”, “qəlb quşu” ifadələri əslində bu səhv təsəv
vürlə əlaqədardır. Bu könül quşu bədəni (cismi) tərk edərkən insan ölürmüş.
Nağıllarımızda divlərin canı (can quşunun) ayrıca şüşədə saxlandığından, onların adətən göyərçinlər olduğundan bəhs olunur. Başqa sözlə, bu mənəvi quşu ideal aləmi maddiləşdirən insan uydurmuşdu. Sonralar həmin tərkiblərdən “könül”. “can”,“qəlb” sözləri atılmış, yalnız “quş” sözü saxlanmışdır (dilçilik elmində belə dil hadisəsinə “semantik sıxılma” deyilir). “Quşu qonmaq”, yəni, könlü, ürəyi, qəlbi qonmaq.
Bu mövhumi varlıq (könül quşu) bir sıra nağıl və dastanlarımızda işlədilmişdir. “Əsli və Kərəm” dastanında göstərilir ki, ova çıxmış Kərəmin quşu (tərlanı) başqa bir quşun dalınca uçur. Ondan qaçan quş Əslinin bağına gəlib çatır, bağda gəzən
Əslinin qucağına düşür. Bunun dalınca Kərəmin quşu gəlib yetir. Əsli Kərəmin də quşunu tutur. Buraya gəlib çıxan Kərəm deyir:
Quşum uçdu Əsli xanın bağına,
Əsil qızsan, əsil eylə, quşu ver,
Gözəllər düzülüb solu-sağına,
Əsil qızsan, əsil eylə, quşu ver.
Əli Vəliyev “Bakı bağları” hekayəsində yazır:”Uşaqlığım və gəncliyim burada keçdiyindən kəndə quşum qonmur, camaatdan ayrılmaq istəmirdim”.
İ.Hüseynovun “Saz” povestində Qurban deyir:”Qurtar mışıq o söhbəti, İsfəndiyar kişi…Bilmirəm nə olub, sənin belə quşun qonub o axsağa. Bir də qapıya-bacaya çağırma onu”.
Maraqlıdır ki, qədim şumerlər “tale” anlayışını quş şəklində təsəvvür edirdilər. Habelə, ərəblərdə də “quş” tale rəmzidir.
Maraqlıdır ki, qədim şumerlər “tale” anlayışını quş şəklində təsəvvür edirdilər. Habelə, ərəblərdə də “quş” tale rəmzidir.

Musa Adilov– Filologiya elmləri doktoru, professor




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.