Tarixdə bu gün
İlin 167-ci günü. (uzun ildə 168-ci) Bu tarixdə ilin sonuna 198 gün qalır.

Mühüm hadisələr:
1903 – “Ford” şirkəti yaradılmışdır.
1919 – Türkiyə qurtuluş savaşında Yörük Ali Efe Yunan ordusunun bir qolunu dağıtmışdır.
1919 — Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası arasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi imzalanmışdır.
1940 – Litvada Kommunist dövləti qurulmuşdu.
1963 — Sovet kosmik proqramı: “Vostok- 6” missiyası: Kosmonavt Valentina Tereşkova kosmosa çıxan ilk qadın oldu.
1976 – Cənubi Afrikada qaraların yaşadığı Soweto qəsəbəsində Afrika dilində təhsilə etiraz edən tələbələrə atəş açan Cənubi Afrika polisi 600 şagirdi öldürdü.
1992 – Azərbaycan Respublikası Rumıniya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1888 — Azərbaycanın görkəmli səhnə ustası, aktyor, teatr təşkilatçısı, dramaturq, Xalq artisti Hacıağa Abbasov Bakının Maştağa kəndində müəllim ailəsində doğulub
İbtidai təhsilini doğulduğu kəndindəki Rus-tatar məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.
Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Sonralar “Səfa” cəmiyyətinin teatr truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib.
1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub.
Aktyor Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan”, “Ər və arvad” operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.
Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

1932 — Görkəmli aktyor, rejissor və ssenarist, Xalq artisti Tofiq İbrahim oğlu Mirzəyev Gədəbəydə anadan olub. Anası Bella İlyinşina əslən yəhudi idi. Qardaşı Teymur Mirzəyev də musiqiçidir.
T.Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət Simfonik Orkestrinə dəvət edib və orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb.
Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər.
Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Ardından Azərbaycan Televiziyasında işə düzələn Tofiq Mirzəyev burada 25 il fəaliyyət göstərir. O, Azərbaycan Televiziyasında ilk musiqi proqramlarını hazırlamağa başlayır. Rejissor, həmçinin burada bir neçə film-konsert (“Abşeronun nəğmələri”, “Niyazinin simfoniyası” və s.) nümayiş etdirib. Həmin dövrdə AzTV-nin baş rejissoru olan Arif Babayev ona televiziyada ilk addımlarında, sonra isə kinoda kömək edib. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və başqa filmləri göstərmək olar. Aktyor “Mosfilm” və “Dovjenko” studiyalarında da filmlərə çəkilib.
Hazırda İsraildə yaşayır və ictimai fəaliyyətlə məşğul olur. Aktyor burada fəaliyyət göstərən “Hayfa-Bakı” cəmiyyətinin üzvüdür.
Yazıçı Anar ilə bacanaqdır. Teymur adlı oğlu var.

1939 — Yazıçı, şair,ssenarist, Əməkdar İncəsənət xadimi Rəfiq Zəka Xəndan Bakıda dünyaya gəlib.
İlk şeir kitabı olan “Çağlayan” 1962-ci ildə nəşr olunmuşdur. “Axırı yaxşı olar” (1968), “Mənim əziz vəhşiciyim” (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifi olmuşdur. 1987-ci ildəAzərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. Şair həmçinin Azərbaycan SSR Dövlət Mükafatı Laureatı olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80-90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, “SIZE”, “Tanıtım” kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.
Şair heca və əruz vəznlərində əsərlər yaratmışdır. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət kimi mövzulardır.
7 yanvar 1999-cu ildə vəfat etmişdir.

1964 — Azərbaycanın Xalq artisti Qərinə Rəhim qızı Kərimova Bakıda anadan olmuşdur.
Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının Vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli (Nigar – “Koroğlu”, Sevil –”Sevil”) və klassik (Aida – “Aida”, Toska – “Toska”, Çio-Çio-San – “Çio-Çio-San”, Mikaella – “Karmen”) opera tamaşalarında aparıcı partiyaları ifa edir.
Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən “Qızıl dərviş” mükafatına layiq görülmüşdür
Vəfat edənlər:

1920 – Çar Rusiyası ordusunun general-mayoru, artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuş İbrahim ağa Usubov 48 yaşında vəfat etmişdir.
İbrahim ağa Usubov 6 mart 1872-ci ildə Qazax qəzasında doğulmuşdur. Birinci Dünya müharibəsindən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlamışdır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurmuşdur.
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və başqaları ilə yaxın idi, 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi.
1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan İbahim ağa Usubova general-mayor rütbəsi verilmişdir.
1918-ci ilin may ayında İbrahim ağa Usubovu Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət etdilər. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökuməti Milli Ordusunun təşkilinə başladı. 1918-ci ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə Məktəbi adlandırıldı. 1919-cu il yanvarın 9-da milli hökumət, xalqına sidq ürəklə xidmət etdiyinə görə İbrahim ağa Usubovu hərbiyyə naziri yanında tapşırıq generalı vəzifəsinə təyin etdi.
1920-ci ilin aprelində XI Bakıya daxil olandan sonra İbrahim ağa Usubov və on iki azərbaycanlı generalı və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasına aparıb orada güllələyiblər.
Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov ayrı kamerada olublar. Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub ünvanına çatıb və onlar xilas olublar. Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona görə də 1920-ci il avqustun 1-də Ə.Şıxlinskini və S.Mehmandarovu Moskvaya göndərdi.
General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə şəkil, bir də qızı – Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, Əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova…

1993— Azərbaycanın Milli Qəhrəmanı Elbrus Hacı oğlu Allahverdiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elburus Allahverdiyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq cəbhəyğə yazılır.
Elburus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə, Ağdərədə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarmışdır.
Ermənistan hərbi hissələri iyunun 14-də Ağdam rayonuna növbəti dəfə hücum edirlər. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyev və onun əsgər qardaşları erməniləri xeyli itkisi verməyə məcbur edir və onlar geri çəkilir.
16 iyunda işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir. Döyüşüm gərgin məqamında Elbrus mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Elbrus Hacı oğlu Allahverdiyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

2013— Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası “Kompyuter texnologiyaları və proqramlaşdırma” 8-kafedrasının müdiri işləmiş Sabit Qəhrəman oğlu Kərimov 73 yaşında vəfat etmişdir.
Sabit Kərimov 10 aprel 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir.
Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
200 -dən artıq dərslik, dərs və metodik vəsaiti ölkəmizdə və xaricdə nəşr olunmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.