Tarixdə bu gün

İlin 168-ci (uzun illərdə 169-cu) günü

Mühüm hadisələr:

1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi yaradılmışdır.

1984 — Bakıda 106  nömrəli  sərnişin avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladıldı, nəticədə, iki uşaq anası olan bir qadın həlak oldu, bir neçə nəfərsə yaralandı.

1992 – Azərbaycan Respublikası Belçika ilə diplomatik əlaqələr qurmuşdur.

1993 – Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir.

Doğum günləri:

1918 — AMEA-nın müxbir üzvü, professor Firudin Hüseynov Naxçıvanda anadan olmuşdur.

 O, Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, Filologiya fakultəsində dekan işləmişdir. “Molla Nəsrəddin” satirik ədəbi məktəbi F.Hüseynovun araşdırmalarının əsas obyektidir. Firidun Hüseynov “Əli Nəzminin həyatı və yaradıcılığı”mövzusunda namizədlik (1964) “Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər”(1978) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. F.Hüseynov “Əli Nəzmi”(1970), “Adi əhvalatlarda böyük həqiqətlər”(1977), “Satirik gülüşün qüdrəti”(1982), “Molla Nəsrəddin” və mollanəsrəddinçilər”(1986) monoqrafiyalarının və məqalə toplularının, “Molla Nəsrəddin jurnalı”, “İdeya-bədii körpü”, “C.Məmmədquluzadənin bədii nəsrində ziyalı surətləri”, “C.Məmmədquluzadə L.N.Tolstoy haqqında”, “Aydınlara doğru”, “İntibah carçısı” və s. məqalələrin müəllifidir. Mollanəsrəddinçi şair Əli Nəzminin “Seçilmiş əsərləri”ni (1979) nəşr etdirmişdir. Mollanəsrəddinçilərin əsas yer tutduğu “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin (professor Mir Cəlala birlikdə) müəllifidir.

1926 — Xalq rəssamı, Dövlət Mükafatı Laureatı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev Bakıda anadan olmuşdur.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurub, 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı.

1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.

Yaratdığı əsərlərdən “Daşkəsənin gənc inşaatçıları”, “Əli Bayramlı DRES-i”, “İnsanların torpağı”, “Çiçəklər arasında”, “Qırmızı və ağ qızıl güllər”, “Xəncər və məişət əşyalarından ibarət natürmort”, “Tac-Mahal”, “Yaponiya silsiləsi”, “Əmək adamları”, “Ana”, “Montajçılar”, “Kənddə” və digərləri böyük maraqla qarşılanmışdır. “Sevil”, “Arşın mal alan”, “Görüş”, “Ögey ana”, “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan”, “Telefonçu qız”, “Uşaqlığın son gecəsi” və s. kinofilmlərin rəssamı olmuşdur.

2007-ci il 15 sentyabrda 81 yaşında vəfat etmişdir.

1947—Azərbaycanın opera müğənnisi Fidan Qasımova Bakıda dünyaya gəlmişdir.

Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar.

 Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas – skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.

Fidan Qasımova 2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.

1972 — Gənc rejissor, Əməkdar artist Nicat Kazımov  Şabranda anadan olmuşdur.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.

Vəfat etmişdir:

 2001 — Görkəmli   tarixçi və şərqşünas alim,  professor    Sara Balabəy qızı  Aşurbəyli 95 yaşında Bakıda vəfat etmişdir.

Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.

O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı Laureatı, “Şöhrət” ordeni və Əməkdar elm xadimi adı ilə mükafatlandırılmışdır.

Bayramlar və xüsusi günlər:

Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.               

İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, iyunun 17-si ölkədə Tibb İşçiləri Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin həkimlərin əməyinə verdiyi qiymət onlara göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Bütün tibb  işçilərini peşə bayramları münasibətilə təbrik edirik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!