Tarixdə bu gün

İlin 174-cü (uzun illərdə 175-ci) günü.
Doğum günləri:


1913 – Nigar Rəfibəyli Gəncə şəhərində anadan olmuşdur.
Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932-1936). Bakı kinostudiyasında Ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930-1932), Azərnəşrdə bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, Uşaqgəncnəşrdə Bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə “Şərəf” nişanı, müxtəlif orden və medallarla təltif olunmuşdur.
“Çadra” adlı ilk şeri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk “Şerlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.


1923 — Görkəmli şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Dövlət Mükafatı Laureatı , filologiya elmləri doktoru , Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü Qasım Xansuvar oğlu Qasımzadə Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur.
Şəki pedaqoji texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax Rayon Xalq Maarifi şöbəsində metodist işləmişdir.
1945-1950-ci illərdə ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir . Eyni zamanda “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur. Ədəbi fəaliyyətə 1944-cü ildə “Kommunist” qəzetində çap etdirdiyi “Vəfasız olmaz” adlı ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru (1957-1963) olmuşdur. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, burada baş elmi işçi (1963-1973), sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir (1973-cü ildən).
Bakıda rayon sovetinə deputat seçilmişdir (1950).
1993-cü il iyulun 28-də vəfat etmişdir.


1925 —Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Xalq artisti , Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, professor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova Bakı şəhərində anadan olmuşdur.
30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı Laureatıdır.
BMA-da Vokal kafedrasının professor işləmişdir.
Tələbələri arasında” Qran-pri” laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistləri, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.
Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulmuşdur: Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov.
1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.
20 yanvar 2018-ci ildə 92 yaşında vəfat etmişdir.


Vəfat etmişdir:


1982– Məşhur neyrocərrah, Əməkdar elm xadimi , tibb elmləri doktoru , professor Əliqulu Behbud bəy oğlu Ağalarov vəfat etmişdir.
Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təxliyyə xəstəxanasında cərrah kimi fəaliyyət göstərmişdir.
Ordudan tərxis olunduqdan sonra Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Təxliyyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur.
Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 1967-ci ildə “Böyük beyin qatındakı şişlərin götürülməsindən sonra beyinin sağalma histologiyası” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Doktorluq dissertasiyasını uğurla başa vuran Ağalarov bir müddət Moskva şəhərində keçmiş SSRİ Tibb Elmləri Akademiyası (TEA) Neyrocərrahiyyə İnstitutunda və Burdenko adına Neyrocərrahiyyə Klinikasında işləmişdir.
1971-ci ildə Azərbaycan hökumətinin başçısı H. Ə. Əliyevin şəxsi təşəbbüsü və dəvəti ilə Ağalarov respublikaya qayıtmışdı. 1971-ci ildən ömrünün son günlərinədək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Neyrocərrahiyyə kafedrasının müdiri kimi coşqun fəaliyyət göstərmiş, neçə-neçə elmi kadrlar yetişdirmişdir. Azərbaycan Respublikasında Zaqafqaziyada ilk dəfə olaraq Ağalarovun sönməz enerjisi və səyləri sayəsində neyrocərrahiyyə mərkəzi yaradılmışdı.
Ağalarov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin neyrocərrahiyyə üzrə baş mütəxəssisi, keçmiş SSRİ-nin Ümumittifaq Neyrocərrahiyyə İdarəsinin aparıcı mütəxəssislərindən biri, idarə heyətinin üzvü kimi respublikamızı və sovet elmini ümumittifaq və beynəlxalq simpoziumlarda və konfraslarda ləyaqətlə təmsil etmişdir.
Bayramlar və xüsusi günlər:
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.


Beynəlxalq Olimpiya Günü


1947-ci ildə BOK-nin Stokholmda keçirilən 41-ci sessiyasında hər il Dünya Olimpiya Gününü keçirmək təklifi irəli sürülüb. İlk Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub.
Olimpiya Gününü daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.
Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb.
Bu gün ölkədə idman sürətlə kütləviləşir. Hər il müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi, digər sahələrdə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırır. Hər dörd ildən bir böyük səbrsizliklə izlədiyimiz Olimpiya Oyunlarının qədim olmaqla yanaşı, həm də keşməkeşli tarixi var.
Qədim Yunanıstanda əsası qoyulan Olimpiya Oyunları, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Olimpiya Oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Bu oyunların bərpası təşəbbüsü 1894-cü ildə fransız ictimai xadimi baron Pyer de Kuberten tərəfindən irəli sürülüb. Həmin konqresdə ilk Olimpiya Oyunlarının keçiriləcəyi yer də müəyyən olunub.
Beləliklə, ilk Oimpiya Oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilib. Üzərində 5 halqa olan Olimpiya bayrağının ideyasına görə halqalar 5 qitəni göstərir: göy, sarı, yaşıl, qara və qırmızı. Rəngli halqaların bir-birinə keçirilməsi bu qitələr arasında dostluğu ifadə edir. Dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana aid olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman mübarizəsinin simvolu kimi qəbul edib.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1997-ci ildə Milli Olimpiya Komitəsinə İlham Əliyevin sədr seçilməsi isə Azərbaycanda olimpiya hərəkatının güclənməsi üçün böyük təkan oldu.
Beynəlxalq Dul Qadınlar Günü


Beynəlxalq Dul Qadınlar Günü BMT Baş Assambleyasının 23.02.2011-ci il tarixli 65/189 saylı qətnaməsi ilə qəbul edilib.
Ənənələr: dul qadınların sosial vəziyyətinin problemlərini və onların hüquqlarının müdafiəsi ehtiyacını vurğulamağa yönəlmiş xüsusi tədbirlərin keçirilməsi.
Beynəlxalq Dul Qadınlar Günü (23 iyun) bütün dünyada qeyd olunur. Əksər dövlətlərin sosial gerçəklərinə əsaslansaq, nədənsə ərini itirmiş zəif cinsin nümayəndələri əhalinin ən müdafiəsiz təbəqəsidir. Ərini itirdikdən sonra dul qadın və onun qohumları həyat üçün zəruri olan mal-dövlətdən məhrum olmaq faktı ilə üzləşə bilərlər. Bu tarix planetdəki dul qadınların həyatına diqqət yetirmək, təcavüz və zorakılığı aradan qaldırmaq üçün təyin edilib.
Hazırda dünyada 250 milyondan artıq dul qadın yaşamaqdadır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!