Tarixdə bu gün
İlin 175-ci (uzun illərdə 176-cı) günü.
Mühüm hadisələr:

1645 — Osmanlı ordusu 348 hərbi gəmisi ilə Yunanıstanın Krit adasını tutublar.
1993 — Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edildi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçdi.
2002 — Azərbaycan Respublikası Beliz ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1938— Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Qədirqulu oğlu Əliyev Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrinə qədər yüksəlmişdir.
Əbülfəz Elçibəy ölkəmizdə demokratiyanın bərqərar olunması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.
22 avqust 2000-ci ildə 62 yaşında Ankarada vəfat etmişdir.
I Fəxri Xiyabanda dəfn edilmişdir.

1939— Cənublu qardaşımız, tanınmış nasir və publicist Səməd İzzət oğlu Behrəngi ildə Təbriz şəhərində, fəhlə ailəsində anadan olub.
İbtidai təhsilini Təbrizdə “Tərbiyyət” məktəbində alıb. Sonra Təbriz pedaqoji texnikumunda təhsilini davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb.
Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). Azərbaycan nağıllarını toplayaraq, fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.
İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazıb (1967-1969).
İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib. Azərbaycan xalq ədəbiyyatını toplayaraq, tədqiq və təbliğ edib.
Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar. Ədəbi irsi zəngindir.
Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.
Səməd Behrəngi 31 avqust 1967-ci ildə Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.

1953— Azərbaycanın Milli Qəhrəmanı Əlif Lətif oğlu Hacıyev Xocalı şəhərində doğulmuşdur.
1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir.
1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir.
1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir.
1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir.
1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur.
1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.
DQMV Daxili İşlər Şöbəsində çalışarkən millətçi ermənilər tərəfindən ona qarşı müxtəlif təxribatlar edilib. Saxta ittihamlarla günahlandırılaraq 10 il həbs cəzasına məhkum olunub. Sonradan bəraət alaraq azadlığa buraxılıb. 1990-cı ildə Xocalıya qayıdıb, Dağlıq Qarabağda yaradılan Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini davam etdirib. 1990 ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunub və Xocalı Hava Limanı Xətt Daxili İşlər bölməsinə rəis təyin edilib. Eyni zamanda Xocalı Aeroportunun komendantı olub. 1991 ilin dekabr ayında mayor rütbəsi verilib. Ə.Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxarılıb.25 fevral 1992 ildə ermənilər “Xocalı əməliyyatı”na başladı. Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, Bakıdan kömək gözləyirdi. Əlif Hacıyev və dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış rus hərbçiləri və erməni yaraqlıları ilə vuruşub. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedib. Ə.Hacıyev bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarıb. Bir daha geriyə dönərək, yenidən döyüşə atılıb. Avtomatın darağını dəyişərkən düşmən gülləsindən şəhid olub.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

1992 — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Sahil Həsrət oğlu Şirinov Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.
2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2014-cü ildə Motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır.
Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 6-sı isə Sahil Şirinov doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Şirinov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdir.
Vəfat etmişdir:

1959 — Görkəmli şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Uşaq ədəbiyyatının banisi Abdulla Mustafa oğlu Talıbzadə (Şaiq) 78 yaşında Bakıda vəfat etmişdir.
Abdulla Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlib.1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gedib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya gəlib. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alıb. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirib. O, milli gələnəklərə, görənəklərə bağlı, milli intibah, milli dirçəliş tərəfdarı olan maarifçi pedaqoq, romantik şair kimi formalaşıb. Mollanəsrəddinçilərə yaxın olsa da, onlara hörmətlə yanaşsa da baxışlarına, ruhuna görə Füyuzatçılara daha doğma idi.
Abdulla Şaiq 1901-ci il aprelin 22-də III Oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar” və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub.
On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni ədəbiyyat” adlı dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilib. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ edib. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi şair-yazıçıların yaradıcılıqları araşdırıb.
A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.
“Pıspısa xanım və Siçan bəy” mutfilmindən səhnə
Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazıb. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub.
Şairin “Hürriyyət pərisi”nə, “Niyə uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi şeirləri inqilab ruhlu şeirləri sayılır.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.
Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun [Nizami], Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.
Bayramlar və xüsusi günlər:

Maşınqayırma Sənayesi İşçiləri Günü 2012-ci ildə İlham Əliyev Maşınqayırma Sənayesi İşçiləri Günü peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama görə hər il iyunun 24-ü Azərbaycan Respublikasında Maşınqayırma Sənayesi İşçiləri Günü peşə bayramı kimi qeyd ediləcək




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.