Mühüm hadisələr:

1992 — Azərbaycan Respublikası Sudan ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1907 – Görkəmli  teatr və kino aktrisası, Xalq artisti Sona Salman qızı Hacıyeva Şəkidə dünyaya gəlib.

Gah Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, sonra isə Bakıya gəlib. 1919-cu ildən Bakıda yaşayan Sona Hacıyevanın anası Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra bağlayıb. Ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. S.M.Qənizadənin “Axşam səbri xeyir olar” tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub.

Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.

1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaradıb. Bu elə bir dövr idi ki, Sona Hacıyeva Opera və Balet Teatrında da çıxış etmək məcburiyyətində qalmışdı. Çünki aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona Hacıyevanın aktrisalıq məharətini və səsini o qədər bəyənmişdi ki, daim onun istedadından istifadə etmək istəyirdi. Sona Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm maraqla qarşılanırdı. Məşqlər ağır və uzun çəkdiyindən Sona Hacıyeva yazırdı: “Müslüm Maqomayev məni o qədər oxutdu ki, bir müddət səsim tamam tutuldu”.

Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynayırdılar. Bu səbəbdən də Üzeyir Hacıbəyov, Müslüm Maqomayev çalışırdılar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera səhnəsində çıxış etsin. Amma o dövrdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrı səhnələrində müntəzəm çıxışını zərurətə çevirmişdi. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradırdı və yaxud komik surətə çevrilirdi.

Sona Hacıyeva 1920-ci ildən ömrünün sonuna (1979) kimi Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın klassik dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə də dünya dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaratmışdır.

Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafında öz töhfəsini vermişdi. “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərinə çəkilən Sona Hacıyeva milli Azərbaycan kinosunun tarixində də böyük xidmətlərin sahibidir. Onun bu əməyi hələ o dövrdə “Şərəf nişanı” ordeni və başqa medallarla təltif edilmişdir.

1952 — Azərbaycan bəstəkarı, Xalq artisti, professor Elnarə Dadaşova İçərişəhərdə anadan olmuşdur.

Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur.

Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.

Elnarə Dadaşova 30 ildən artıq bəstəkar kimi fəaliyyət göstərir. O bu illər ərzində müxtəlif janrlarda 100-dən artıq əsər yazmışdır. Fortepiano əsərləri onun yaradıcılığının ayrılmaz və mühüm bir hissəsini təşkil edir. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil etmişdir. Simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir.

Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E. Dadaşova, həmçinin “Polifoniya”, “Solfecio” üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir.

Tibb elmləri doktoru Sayalı Tağıyevanın qızıdır.

Bəstəkar 1970-ci ildən televiziya və radioda silsilə verilişlər aparır. O, AzTV-də “Mahnılarımızı öyrənirik” adlı silsilə verilişinin müəllifidir. “Gəlimli, gedimli dünya” radio verlişində səhnə üçün musiqi bəstələyən bəstəkarlarımız haqqında mütəmadi çıxışlar etmişdir.

Vəfat etmişdir:

1274 — Məşhur alim Xacə Məhəmməd Nəsirəddin Tusi 73 yaşında vəfat etmişdir.

Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı isə Həsəndir.

Dövrünün ağıllı, bilikli,görkəmli alimi olduğuna görə xalq ona Nəsirəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir. Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərindən biri hesab edilən Həmədan şəhərindəndir.

Nəsirəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün “Seyr və sülük” əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı: ”Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa,ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.”

Şərqin bir sıra şəhərlərini gəzib-dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimlərilə,o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub onlardan dərs almışdır.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir.

1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən bir sıra dillərə tərcümə olunan məşhur “Əxlaqi-Nasiri” əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq “Ələmut” qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq,bir neçə elmi əsər yaza bilir.

Tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə riyaziyyatçı hesab edir.Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqanometriyanın inkişafında mühüm rol oynamışdır.1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid”,”Başlanğıcın təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə”də Avropada triqanometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqanometriyaya müstəqil elm sahəsi kimi yanaşılır.Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir.

Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa, alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisadiyyata, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları” , “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Kembric, Leypsiq, Münhen, Berlin, Vyana, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcılarını gözləməkdədir.

Nəsirəddin Tusi yazmışdır: “Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçər, yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar.”

Nəsirəddin Tusi (1201-1274) əxlaqı sərvət hesab edərək,onun fitri olmadığını qeyd edirdi. O, deyirdi: “Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasına məsləhət görməz, özləri də bununla məşğul olmazdılar.”

1965 — Həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların mahir ifaçısı Ağadadaş Gülməmməd oğlu Qurbanov 54 yaşında vəfat etmişdir.

Ağadadaş Qurbanov 8 mart 1911-ci ildə Bakıda doğulub. 1927-ci il 15 martda “Dənizçilər klubu”nda Lətif Kərimlinin “Fırtına” pyesinin tamaşası oynanılmışdı. Bu tamaşanı başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulmuşdu. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləmişdi.

Aktyor Gənc Tamaşaçılar Teatrında onlarla parlaq və yaddaqalan rollarda çıxış etmişdi. “Səbuhi”, “Koroğlu”, “Bir qalanın sirri”, “Kölgələr sürünür” filmlərinə çəkilmişdi.

“Arşın mal alan” filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olmuşdu.

Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdu.

1980 — İctimai xadim, məşhur  kinorejissor, ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli vəfat etmişdir.

Həsən Seyidbəyli 22 dekaby 1920-ci ildə Bakıda anadan olmuşdur.

1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil almışdır. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir.

“İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. “Kür sahillərində” (1953), “Bizim Astrada” (1956), “Telefonçu qız” (1960) povestləri, “Cəbhədən-cəbhəyə” (1961), “İllər keçir” (1973, İ.Qasımovla birgə), “Tərsanə” (1975), “Çiçək” (1978) romanları, “Dəniz cəsurları sevir” (1954), “Sən nə üçün yaşayırsan” (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. “Uzaq sahillərdə” (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.

1991— Tanınmış kaman ustası, Əməkdar artist Elman Kərim oğlu Bədəlov 62 yaşında vəfat etmişdir.

Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır.

Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır.

1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına Xalq Çalğı Orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir.

Kamançada çaldığı “Bayatı-Şiraz” “Dilkəş”, “Şüştər” və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrində işləmişdir.

Kamançada çaldığı “Bayatı-Şiraz” “Dilkəş”, “Şüştər” və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

1992— Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsən oğlu Həsənov  Vətən uğrunda qəhrəmancasına həlak olmuşdur.

Səyavuş Həsənov 20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur.

Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirir. Daha sonra hərbi xidmətə çağırılır. Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedir. 1990-cı il 20 Yanvar hadisələrini eşidən kimi o, Bakıya qayıdaraq Xalq Hərəkatına qoşulur. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olur.

Səyavuş Goranboyda, Şuşada, Gədəbəydə uğurla vuruşaraq düşmənə öz gücünü göstərmişdi. 1992-ci il onun tərkibində olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi ki, güclü atəş səsləri eşidildi.  Erməni tankı lap yaxında idi.  Səyavuş qumbaraatanla tankı vurur,    tankı alov bürüyür. Qızğın döyüşlər  başlayır.  Onun silahı və mərmisi tükənir. Buna baxmayaraq o, son nəfəsinə kimi  düşmənlə  döyüşməkdə davam edir.  Qəfil partlayan qəlpə yarası qəhrəmanın həyatına son qoyur.

Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Səyavuş Həsən oğlu Həsənov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!