Tarixdə bu gün

İlin 187-ci (uzun illərdə 188-ci) günü.
Mühüm hadisələr:
1885 – Fransız alim Lui Pasterin kəşf etdiyi penisilin ilk dəfə insan orqanizminə yeridilmişdir.
Doğum günləri:

1927 — 5 sentyabr 1991 – 11 dekabr 1991 ci illərdə Azərbaycanın Müdafiə Naziri olmuş general-leytenant Valeh Əyyub oğlu Bərşadlı Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir.
14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artilleriyası Məktəbi) bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır.
1992-ci ildə Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur.
1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, tağım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.
1999-cu il 15 may tarixində 71 yaşında vəfat etmişdir.
Məzarı Fəxri Xiyabandadır.

1973 — Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz İsrayıl qızı Həsrət 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-1990: Orta təhsil – Xətai rayonu 204 saylı məktəb (Gümüş medalla)
1991-1997: Bakı Dövlət Universiteti, Biologiya fakültəsini bitirib.
1998-1999: “Vışka” qəzeti nəzdində fəaliyyət göstərən Osman Mirzəyev adına jurnalistika kursu nun müdavimi olub.
Fəaliyyəti:
-1996-2011: Xətai rayonundakı Ə. Əliyev adına 204 № orta məktəbdə biologiya müəllimi;
-1998: Azərbaycan Qadınlar Qurultayının nümayəndəsi,
-1998: Azərbaycan Müəllimlər Qurultayının nümayəndəsi;
-1999-2002: Xətai rayonunda fəaliyyət göstərən Gənc Müəllimlər Məclisinin sədr müavini;
-2007-2008: Xətai rayonunun 245 saylı və 204 saylı orta məktəblərdə, 287 saylı “Zəkalar” liseyində “İntel” Gələcək üçün təhsil proqramı çərçivəsində müəllimlər üçün kursların təlimçisi;
-2009 (avqust)-2015-ci ilədək – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Kurikulum İslahatının davam etdirilməsi və Kurikulumun tətbiqinə dəstək komponentinin məsləhətçisi;
2009-2010: Biologiya fənn kurikulumunun hazırlanması və dərsliklərin qiymətləndirilməsi işçi qrupunun üzvü;
-2009: Biologiya fənn proqramının hazırlanması işçi qrupunun üzvü;
-2009-2010: Biologiya fənn kurikulumu layihəsinin həmmüəllifi;
-2010: 10-cu sinif “Ümumi biologiya” dərsliyinin həmmüəllifi;
-2010: 11-ci sinif “Ümumi biologiya” dərsliyinin həmmüəllifi;
-2011-2012 – biologiya müəllimi, AAM Kurikulum Mərkəzinin rəhbəri;
-2011: 7-ci sinif “Zoologiya” dərsliyinin həmmüəllifi;
-2011: 8-ci sinif “Zoologiya” dərsliyinin həmmüəllifi”
-2011: “Biologiya lüğəti” Məktəbli kitabxanası, həmmüəllif”;
-2012 -2015: Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şuranın “Biologiya” bölməsinin üzvü;
-2011- 2012 -ci il – Avropa Azərbaycan Məktəbində Kurikulum Mərkəzinin rəhbəri, biologiya və informatika müəllimi;
-2014 – 2016– Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İnstitutunun (keçmiş Təhsil Problemləri İnstitutun) Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri;
-2017-2020 Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;
– Hal-hazırda Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin direktoru.
Mükafatları
Azərbaycan Respublikasında 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olmuş və 5000 manat pul mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 4 oktyabr 2010-cu ildə Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adı verilmişdir.
Vəfat etmişdir:

1893 — Məşhur fransız yazıçı Gi de Mopassan 42 yaşında vəfat etmişdir.
Gi de Mopasan 5 avqust 1850-ci ildə Qustav de Mopassanın ailəsində dünyaya gəlmişdir. Uşaq vaxtında ata-anası ayrılmışdır və iki qardaş – Gi və Hreve anasının himayəsində yaşamışdır. Klassik ədəbiyyatla maraqlanan anası Mopassanın həyatında mühüm rol oynamışdır. On üç yaşında olan Gi seminariyada təhsil almağa başlamışdır. Təhsil aldığı zaman böyük yazıçı Qüstav Floberlə tanış olmuşdur. 1870-ci ildə kollecdən məzun olmuş və orduya qoşulmuşdur.
Qustav Flober onu himayə etmiş və burada Mopassan Emil Zolya və İvan Turgenyevlə tanış olmuşdur.
Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan “Gonbul”u çap etdirmişdir.
Gi de Mopassan müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısıdır. Hekayələri lakonikliyi ilə seçilir. Bunlarda daha çox 1870-ci illər Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapmışdır. Henri Rene Albert Gi de Mopassan həm də altı kiçik romanın müəllifidir.

1904— Görkəmli qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin Rus və Avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı olan Abay Kunanbayev 58 yaşında vəfat etmişdir.
Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi “Abay” (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır.
İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi. O qazax ədəbiyyatının banilərindən biridir. Həmçinin rus və qazax dillərinə tərcumələri ilə yadda qalmışdır.
Yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır.

1995 — Məşhur türk yazıçısı, publisist və dramaturq Əziz Nesin (əsl adı Mehmet Nusret) 79 yaşında vəfat etmişdir.
Dünya şöhrətli türkiyəli yazıçı Əziz Nesin (əsl adı Mehmet Nusret) 20 dekabr 1915-ci ildə Heybeliada (İstanbul) dünyaya gəlib.
Yazıçı, publisist və dramaturq olan Nesin oxuduğu hərb məktəblərində öz düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944 cü ildə ordudan “vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsi ilə ordudan qovulur.
Himnin sözlərini yazdığına görə işgəncəyə məruz qalmış ədib sol təmayüllü “Tan” qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı olan “Partiya qurmaq, partiya vurmaq” 1946 ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə “Marko Paşa” adlı satirik qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır.
Nesin məhsuldar yazıçıydı və hədsiz dərəcədə işgüzar olub. O, 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda “Oluş” nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. DP hökuməti bu qanlı hadisələrdə kommunist izi axtarırdı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı.
1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində kitablarının imza günündə həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi.
Onun cəsədi, İstanbul Çapa Tibb fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi.

2004 — Tanınmış şair və jurnalist Akif Səməd oğlu Məmmədov 44 yaşında vəfat etmişdir.
Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). “Gənc müəllim” qəzeti və “Mərhəmət” jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şerləri dövri mətbuatda dərc edilmişdi. “Qiblə yelləri” (1992), “Uzaqlardan gəlirik” (1994), “Adəmdən” (1995), “Özümə yol” (1996) kitabları nəşr olunmuşdur. 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır.
Bayramlar və xüsusi günlər:
Öpüş Günü

Ümumdünya Öpüş Günü (ing. World Kiss Day və ya ing. World Kissing Day) hər il 6 iyulda dünyanın 60-dan çox ölkəsində həvəskarlar tərəfindən keçirilən qeyri-rəsmi beynəlxalq bayramdır.
Ümumdünya Öpüş Gününün vətəni Böyük Britaniya hesab olunur. Bu XIX əsrin sonlarında Albionun dumanlı sahillərində sevgililərin bir-biri ilə öpüşərək öz məhəbbətlərini bildirməsi bayramıdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.