Tarixdə bu gün
İlin 192-ci (uzun illərdə 193-cü) günü
Doğum günləri:


70
1955 — Azərbaycanın Milli Qəhrəmanı Etibar Böyükağa oğlu Əliyev Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər vəzifəsinə yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə əsgəri xidmətini başa vurub vətənə dönmüş, Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlamışdır. Bir müddət burada çalışdıqdan sonra Lənkəran Konserv Kombinatında , sonra isə “Sevinc” kiçik müəssisəsində işləmişdir.
Etibar 1990-cı il Yanvar hadisələri zamanı keçmiş Sovet Ordusunun əsgərləri tərəfindən 30 gün həbsdə saxlalanılmışdır. Lakin bu hədə-qorxu onu yolundan döndərə bilməmişdir.
1993-cü il avqustun 23-də “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə dövlətimizi parçalamağa can atan bir qrup azğın separatçı Azərbaycanın Cənub bölgəsində qatmaqarışıqlıq saldı. Bu ağır günlərdə neçə-neçə günahsız insan qətlə yetirildi. Azğınlaşmış cinayətkar ünsüllərin həddini aşmasına dözməyən qəhrəman oğullarımız ayağa qalxdılar. Keçirilən əməliyyatlarda Etibar Əlıyev də iştirak etmişdir.
O, Vətənin bütövlüyü, suverenliyi yolunda qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşdu.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Lənkəran şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Adına Lənkəran şəhərində küçə var. Şəhərin “23 Avqust” meydanında büstü qoyulub.

60
1965 — Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanov Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib təyinatla Ukraynaya göndərilmiş və burada da işə başlamışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana qayıdaraq azadlıq hərəkatına qoşulmuşdur: Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir.
5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qəhrəman həmvətənimiz Köçəvəlli kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır. Məktəbin qarşısında və Ağstafa şəhərinin mərkəzində büstü var. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun
Vəfat etmişdir:

1918 — Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, məşhur şair, dramaturq və tərcüməçi Abbas Səhhət Gəncə şəhərində vəfat etmişdir.
Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə müəllimlik edir, Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunur. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri işıq üzü görür.
“Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (“Füyuzat” jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir.
1912-ci ildə şairin öz şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb günəşi” adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, şeir pərisi və şəhərli” adında romantik poeması nəşr olunur.
1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olmuşdur. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynamışdır. Onlar bəzən ikisi birlikdə Bakıya gəlmişdir.

1971— Sovet İttifaqı Qəhrəmanı Yusif Mədət oğlu Sadıqov 53 yaşında vəfat etmişdir.
Yusif Sadıqov 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur. 18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunmuşdur. Starşina rütbəsi ilə 1-ci tank ordusunun 19-cu mexanikləşdirilmiş briqadanın artileriyası dəstəsinin komandiri olmuşdur. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belorusiyanın azad edilməsində iştirak etmişdir. 1943-ci ildə Sov.İKP (B)-nın (Kommunist Partiyası) üzvülüyünə qəbul edilmişdir.
Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhramanı adına layiq görülmüşdür. “Lenin” və “Qızıl Ulduz” (№ 7071) ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra Tovuz şəhərində “Neftbaza”nın direktoru vəzifəsində çalışmışdır.
Doğma kəndində dəfn edilmişdir.
Tovuz şəhərində adına küçə var. Büstü qoyulmuşdur.

2006 — Azərbaycan Respublikasının Xalq artisti, kino rejissor və operator Rasim Ocaqov 72 yaşında Bakıda vəfat etmişdir.
Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub.
1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. “Onun böyük ürəyi” (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
Onun ən uğurlu rejissor işi “Tütək səsi” filmi oldu. “Tütək səsi” öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
Tarixi gün və bayramlar:

11 iyul Dünya Əhalisi Günü kimi qeyd olunur.
Bu günü 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən Əhali Fondu təsis etmişdir. Məqsəd dünya əhalisinin məsələləri ilə bağlı məlumatı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.