İlin 193-cü (uzun illərdə 194-cü) günü.

2020 — Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Tovuz döyüşləri baş vermişdir.
Doğum günləri:

1812 — Azərbaycanlı yazıçı, maarifçi, şair, materialist filosofu və ictimai xadim, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi olan Mirzə Fətəli Axundov Nuxa (Şəki ) şəhərində dünyaya gəlmişdir.
Mirzə Fətəli Axundzadə 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.
Mirzə Fətəli Axundzadə 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.
Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
M.F. Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı olmuşdur ki, onlardan da yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə erkən yaşlarında ölmüşdür.
O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M.F.Axundzadənin dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. M.F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmişdir.
M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.
M.F.Axundzadə öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

1940 — Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova Bakıda anadan olub.
Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var.
Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi (1995), “Qızıl oğlan” musiqili nağıl (1999) və s. var.

1972 — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı Raquf İbrahim oğlu Orucov Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub.
1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur.
Raquf Orucov 1993-cü ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri məktəbində qəbul olunmuş, 1996-cı ildə həmin məktəbi bitirərək hərbi hissələrin birinə təyinat almışdır. Amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa istiqamətindəki hərbi hissələrdən birinə dəyişmiş və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi.
2016-cı ilin aprel ayında gedən döyüşlərdə Vətən naminə canını qurban vermişdir.
Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.
Vəfat etmişdir:

1911— Azərbaycan ədəbiyyatında inqilabi satiranın banisi olmuş Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə 49 yaşında vəfat etmişdir.
Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Sabir 10-11 yaşı olarkən “Tutdum orucu irəmazanda” şeirini yazır.
Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onunn tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi.
Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.
Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılmışdı.
Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.
XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin zaman Sabirə mənəvi cəhətdən böyük kömək etmişdi. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə Şərqi-Rus qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, Həyat qəzetində şeir çap etdirir. 1906-cı ildə Molla Nəsrəddin jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.
Həmin ilin sentyabr ayında Sabir “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı “Nicat” məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.
“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər.
1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Xanəhməd oğlu Paşayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət gərginləşəndə — Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.
Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş “Qarabağ Müdafiə Şahinləri” dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. “Ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks – hücumla döyüşçülərimiz düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi ºşeyişin həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Baxşeyiş Xanəhməd oğlu Paşayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

2001 — XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri – Xalq şairi Mirvarid Dilbazi 88 yaşında vəfat etmişdir.
Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-ictimaiyyat fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
“Qadınların hüriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. “Məhsəti” (1945), “Əlcəzairli qız” , “Partizan Aliyə” poemalarının müəllifidir.
Şairin “Məhsəti” poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. “Məhsəti” poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. “Əlcəzairli qız” əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir. Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər. Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini tərcümə etmişdir.
***** Erməni əsarətindən torpaqlarımızın qalibiyyətlə başa çatməsının baş məşqi – Tovuz döyüşlərindən 4 il ötür.
UNUTMAYACAĞIQ…..






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.