Tarixdə bu gün
İlin 194-cü (uzun illərdə 195-ci) günü
Mühüm hadisələr:
1841 – Rusiya, İngiltərə, Fransa, Prussiya və Türkiyə arasında Bosfor və Dardanel boğazından xarici hərbi gəmilərin keçməsini qadağan edən saziş imzalanıb.
1908 – Qadınlar ilk dəfə müasir olimpiya oyunlarında (Londonda) iştirak edib.
1918 – Azərbaycan Demokratik Respublikasında səyyar hərbi xəstəxanaların yaradılmasına başlanıb.
1992 – Azərbaycan Respublikası Oman ilə diplomatik əlaqələr qurub.

2007 – Ankara şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təmənnasız hərbi yardım haqqında Saziş”in imzalanıb.
Doğum günləri:

1926 – Xalq rəssamı Vidadi Nərimanbəyov Fransanın Kann şəhərində Fərman Nərimanbəyovun ailəsində dünyaya göz açıb.
1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır.
1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Vidadinin tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir. Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.
Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana – Səmərqəndə sürgün edirlər. O, 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur. Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Belə ki, Vidadi Nərimanbəyov əvvəlcə rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, sonra isə V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.
V. Nərimanbəyov ilk rəssamlıq sevincini tələbə ikən “Düşmənin sevinci…” tablosu ilə şöhrət qazanıb.
Vidadi Nərimanbəyov 1963-cü ildə “Yolda” monumental, irihəcmli tablosu onu daha da şöhrətləndirib. Əsər Azərbaycan Milli İncəsənət Muzeyinin daimi eksponatıdır.
V.Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. “Xatirələr” əsərində tamaşaçıda gərginlik, həyəcan oyadan elementlər yetərincədir… Ömür-gün yoldaşını cəbhəyə yola salan qadın intizardan incəlib. Küskün, incik günlər yaşayır. Tez-tez atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab versin, bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara zillənib. Rəssam bu nisgili olduqca inandırıcı, bədii, yaddaqalan nüanslarla işləyib, müharibələrə nifrət oyada bilib. Əsər yarandığı gündən dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.
Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.
Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi “Qatillər” tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.
Özündə Azərbaycan və Fransa kimi iki ölkəni və iki nəhəng mədəniyyəti cəmləşdirən bu görkəmli rəssam 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə Azərbaycan Xalq rəssamı adına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılan Nərimanbəyov elə həmin il dekabrın 13-də Bakıda vəfat edib.

1957 — Tanınmış aktyor və rejissor, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti , Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində anadan olub.
1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. Sevimli aktyorumuz Hamlet Xanızadənin qardaşı oğludur.
1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982-1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib.
“Kölgə adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir.
2000-ci il 6 mart tarixində “Dəli yığıncağı” Pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir. Bəxtiyar Xanı-Zadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomima Teatrında bədii rəhbər vəzifəsində işləyir.

1971— Tatarıstan Respublikasının Mədəniyyət Naziri İradə Hafiz qızı Əyyubova Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada Tatar Biznesə Təşviq İnstitutunda hüquqşünas təhsilini alıb.
10.1994 – 06.1998 – “Nijnekamskşina” ASC – mühəndis proqramist;
06.1998 – 07.2000 – “Nijnekamsk” Kommersiya Mərkəzi – baş mütəxəsis;
07.2000 – 04.2004 – Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi – şöbə müdiri, komitə sədrinin müavini;
04.2004 – 09.2005 – Kazan şəhər administrasiyasının kadrlar şöbəsinin müdiri;
09.2005 – 08.2006 – Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi – sədr;
08.2006 – 07.2008 – Tatarıstan Respublikası İqtisadiyyat Nazirliyi – şöbə müdiri;
07.07.2008 – 22.05.2011 – Tatarıstan Respublikası Mədəniyyət nazirinin müavini;
23.05.2011 – 21.11.2015 – Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini;
22.11.2015 – 30.05.2016 – Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi;
31.05.2016 – 03.05.2018 – Tatarıstan Respublikasının Dövlət Arxiv İşləri Komitəsinin sədri işləmişdir.
03.05.2018 –ci ildən Tatarıstan Respublikasının Mədəniyyət Naziridir.

1993—Beynəlxalq qrossmeyster Xəyalə Abdulla anadan olmuşdur.
2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb.
2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl, 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb.
2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb.
2013 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.
Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.
2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.
Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında Beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülüb.
Vəfat etmişdir:

1926 — Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş Nəcəf bəy Vəzirov 72 yaşında Şamaxıda vəfat etmişdir.
Nəcəf bəy Vəzirov 1854–cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.
Vəzirov ilk təhsilini dini məktəbdə almışdı.
1868-ci ildə Nəcəf Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur.
Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır.
1874–cü ildə N. Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakin attestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.
N.Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H. Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N. Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H. Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir.
1878–ci ilin iyun ayında N. Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla – Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur.
Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.
1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir. 1913–cü il noyabr ayının 15–də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər.
1926–cı ilin yayında Nəcəf bəy Vəzirov Şamaxıda – Çuxuryurda ürək çatışmamazlığından vəfat etmişdir.
Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 13–də dəfn olunmuşdur.

2000 – Akademik, Əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi və qənimət şəxsiyyəti olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 88 yaşında vəfat etmişdir.
Çingiz Cuvarlı 1 may 1913-cü ildə qədim Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Elektroenergetikanın fiziki-texniki və fundamental problemlərinin işlənilməsində əvəzsiz xidmətləri olan Ç.Cuvarlı onlarla monoqrafiya və dərs vəsaitinin müəllifidir.
Çingiz Cuvarlı 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktоru оlmuşdur.
Akademik Ç.M.Cuvarlının elmi fəaliyyəti və xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif olunmuş, keçmiş SSRİ, Azərbaycan, Ukrayna dövlət mükafatlarına, Y.Məmmədəliyev adına, SSRİ Elmlər Akademiyasının N.Yabloçkov adına mükafatlarına layiq görülmüşdür.
1980-ci ildə ölkənin energetikasının və elektiriklərşdirilməsinin inkişafındakı xidmətlərinə görə SSRİ-nin fəxri energetiki adı verilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.