Tarixdə bu gün
İlin 195-ci (uzun illərdə 196-cı) günü
Mühüm hadisələr:
1683 — Osmanlı qoşunu Vyananı ikinci dəfə mühasirəyə alıb.
1918 — Azərbaycan ordusu Karrar stansiyasını (Kürdəmir) bolşevik daşnak qoşunundan azad edib.
1969 — Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçilib.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb.
KP MK-nın 1-ci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevi Azərbaycan KP MK-nın 1-ci katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi.
Heydər Əliyev 34 il böyük siyasət səhnəsində olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində yer alıb. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdaraq 10 il Azərbaycana rəhbərlik edib.
1992 — Azərbaycan Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyaya qoşulub.
Doğum günləri:

1806 — Azərbaycan yazıçısı və Rusiya İmperiyasının hərbi xadimi, Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı İsmayıl bəy Sultan Nəsrullah oğlu Qutqaşınlı keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur.
O, uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars
dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı iləyaxından tanış olmuşdur.
1822-ci ildə rus ordusunda xidmətə başlamışdır. Peterburqda dörd il orada kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır.
İsmayıl bəy Rusiya-İran (1826–1828) və Rusiya-Türkiyə (1827–1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür.Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir.
1841-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda “Bəy kommissiyası”nda işləmişdir.
İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Qutqaşınlı yaradıcılığının şah əsəri “Rəşid bəy və Səadət xanım” əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə Qutqaşınlının “Tutu” adlı əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır.
Bundan başqa İ.Qutqaşınlı “Miskin” təxəllüsü ilə şeirlər də yazmışdır. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb.
1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. Belə ehtima olunur ki, 1854-cü ildə ona ünvanlanmış, Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni M.T.Loris-Məlikovun əlinə düşmüşdür. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında alınmışdır. İsmayıl bəy Qutqaşınlı xanımı Tutu Bikə ilə yanaşı Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

1914 – Görkəmli filoloq, professor Kövsər Məmməd qızı Tarverdiyeva İrəvanda Gedərçay üstündəki “Dəmir bulaq ” məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur
Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan “Haşım bəy məktəbi”ndə təhsil alır. 9-cu sinifi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya gəlmişdir.
Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər Lenin adına Pedoqoji İnstitutun Ədəbiyyat fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942-1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində olmuşdur. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
30 yaşında olarkən o tibb sahəsində təhsil almağa qərar verir və 1944-1949-cu illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika ixtisasında təhsil alır. Lakin daha sonra həkim karyerasına davam etmir.
1952-ci ildə, dissertasiyasını erməni dilində müdafiə edərək “filologiya elmləri namizədi” alimlik dərəcəsini alır.
Azərbaycan, rus və erməni dillərində oxuduğu mühazirələr həmişə pedaqoji və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Elmi işinin mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin tarixinə həsr edildiyinə, işin yazıldığı dil isə erməni dili olduğuna görə danosbazlar o zamankı ölkə rəhbəri Mircəfər Bağırova gizli məlumat ötürdüyü iddia edilmişdir. Bağırov aravuranlara konkret cavab verib: “Türk qızı ermənilərin arasında ermənicə alimlik dissertasiyası müdafiə edibsə, bunun özü bir namizədlik mövzusu olmalıdır”.
Onun fəaliyyəti həmişə yüksək qiymətləndirilib. İki dəfə SSRİ Ali Sovetinin Fəxri Fərmanına, eləcə də “Əməkdar ali məktəb işçisi” Fəxri adına layiq görülüb. “Qafqazın müdafiəsi uğrunda” və “Əmək fəaliyyətinə görə” medalları ilə təltif olunmuşdur.
2013-cü ildə Bakıda vəfat etmişdir.

1957 — Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırov Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. Şirvan şəhərində 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir.
Tahir Bagırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmışdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir.
1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Şirvan şəhərində yaşadığı küçəyə,11 saylı və 59 saylı orta məktəbə onun adı verilib.

.1977 — Ekologiya üzrə fəlsəfə doktoru , İndiana Universitetinin elmi işçisi, ekologiya üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadın Əminə Nəcəf qızı Salamova Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 83 saylı tam orta məktəbdə almışdır.
1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmiş və hər iki təhsilini qırmızı diplomla bitirmişdir.
2000-ci ildən BDU-nun Üzvi kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.
2002-ci ildə ABŞ-ın İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb. 2013-cü ildən həmin fakültənin elmi işçisidir.
Hazırda Əminə Salamova İndiana Universitetinin Ekoloji kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşir. Üzərində çalışdığı layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizmdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırır. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq mümkündür.
Əminə Salamova 2011-ci ildə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnir. O, bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı qadındır.
Əminə Salamova Amerika Kimya Cəmiyyəti, Ətraf Mühitin Toksikologiyası və Kimyası Cəmiyyəti, eləcə də Böyük Göllərin Tədqiqatı üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.
Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
İxtiyar Qasımov 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir.
İxtiyarı “N” saylı hərbi hissəyə təhkim edirlər. O öz döyüşçü dostları ilə birlikdə Qazançı kəndində ermənilərin üç PDM-ni, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilməsində iştirak etmişdir.
1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər. Qeyri-bərabər döyüşdə İxtiyargil həm dinc əhalini qorumalı idilər, həm də düşməni təlfata uğratmalı idilər. Onlar əsl xilaskar kimi döyüşdülər. İxtiyar özünü daim irəli verərək arxadakı yaralıları qorumağa can atırdı. Yaralıları xilas edildi, amma İxtiyar özü qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə İxtiyar Qasım oğlu Qasımov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Salahlı kənd qəbristanlığında dəfn edilib.
Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.

1997— Tanınmış şair, tərcüməçi, publisist, Azərbaycan Lenin komsomolu mükafatı laureatı İsa Mustafa oğlu İsmayılzadə 57 yaşında vəfat etmişdir.
İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə tələbəlik illərində “Aprel çiçəkləri” almanaxında və “Azərbaycan gəncləri” qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.