Tarixdə bu gün

İlin 201-ci (uzun illərdə 202-ci) günü

Doğum günləri:

1948 — “Şöhrət” ordenli kino rejissoru və aktyor, Xalq artisti Ramiz Hacı Ağa oğlu Əzizbəyli Bakı şəhərində anadan olub.

M.A. Əliyev adına ADİİ-nun Mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə   rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 1 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

9 iyun 2021-ci ildə 72 yaşənda Bakıda vəfat etmişdir.

1955 – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,  “Dan ulduzu” instrumental ansamblının bədii rəhbərii olmuş Həsənağa Qurbanov Naxçıvan şəhərində anadan olmuşdur.

1976-cı ildə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim və C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlamışdır. Sonralar Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışmışdır.

2001-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

Həsənağa Qurbanov gənc yaşlarından musiqiyə böyük maraq göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdir.

“Dan ulduzu” instrumental ansamblının yaradıcısı, görkəmli musiqiçi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərmiş, onların peşəkar musiqiçi kimi yetişmələri üçün gərgin əmək sərf etmişdir.

H.Qurbanov 2007-ci ilin noyabr ayının 6-da 52 yaşında vəfat etmişdir.

1970 – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Məmmədiyyə qızı Sofiyeva Qax şəhərində anadan olmuşdur.

1986-cı ildə Qax şəhərindəki 1 nömrəli orta məktəbi qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası da almışdır.

1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı mütəxəssis, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanmışdır. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanmış, bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanmışdır.

2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olmuşdur.

1970 – Bakı Şən və Hazırcavablar Klubunun prezidenti və “Bakılı oğlanlar” komandasının kapitanı Anar Məmmədxanov Bakı şəhərində anadan olmuşdur.

1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir.

1992, 1993, 1995-ci illərdə “Şən və Hazırcavablar Klub”ları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur.

Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı “Şən və Hazırcavablar Klubu”nun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuşdur.

Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuşdur.

23 Aprel 2011-ci ildə vəfat edib.

Vəfat etmişdir:

1958 — Məşhur azərbaycanlı cərrah, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945-1947), Azərbaycanın ilk tibb elmləri doktoru , professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov  74 yaşında Bakıda vəfat etmişdir.

Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur.  1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.

1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ.İ. Meçnikov adına Odessa Milli Universiteti tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916-1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərbaycan  Dövlət Universitetinin Tibb fakültəsində dosent işləmişdir.

1945-1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olmuşdur.

1916 ildə əsaslı cərrah peşəsinə yiyələnən gənc Bakıya qayıdır. 1920 ildən etibarən Mir Əsədulla – Mixaylovsk xəstəxanası cərrahiyyə şöbəsinin ordinatoru, sonralar Azərbaycan Dövlət Universitetinə öncə prozektor, bir müddət sonra operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasında ordinator vəzifəsində işləməyə dəvət edilir.

Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindəndir. 1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edir. M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutub.İstedadlı alim müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında 1928-ci ildə monoqrafiya çap etdirib və indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. 1929-cu ildə isə professor adını alır.

 Alimin 6 monoqrafiya və dərsliyi, 50 elmi əsəri nəşr olunmuşdur.

 Vətən və xalq qarşısındakı  xidmətləri Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və metallarla təltif edilmişdir.   

1981 — Mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəli aktyor, satirik obrazların ifasında qroteskdon həssaslıqla bəhrələnən Ağahüseyn Xəlil oğlu Cavadov 87 yaşında vəfat etmişdir.

Ağahüseyn Cavadov 22 aprel 1894-cü ildə  Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə “Səadət” məktəbini bitirib.

Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.

Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayev 26 yaşında Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Elşad Yəhyayev 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçüblər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı.

Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu “N” saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi ermənilər ağır itki verdilər və geri çəkildilər…Elşad bu döyüşdə xeyli düşməni məhv etmişdi lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Elşad Məmmədhənifə oğlu Yəhyayevə olümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

Bakı şəhərindəki 56 saylı orta məktəbdə isə onun büstü qoyulub.

Bayramlar və xüsusi günlər:

 1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarı ilə keçirilir.

Bütün rəsmi yarışlar, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında keçirilir.

FİDE 1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir.

Azərbaycanda şahmat ən populyar idman növlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Azərbaycanda şahmat ötən ilin 70-ci illərində inkişaf etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başlamış, gənclərin bu idman növünə marağı artmış, gənc və istedadlı şahmatçılar pleyadası yetişmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!