Tarixdə bu gün

Doğum günləri:

1927—Xalq rəssamı Asəf Əli İskəndər oğlu Cəfərov Bakıda —İçərişəhərdə anadan olmuşdur.

1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957-ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. “Bilərzik seçimi” (1957) həmin dövrün seçilən işilərindəndir.

A.Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq “Tarlada”, “Dəniz kənarında”, “Görüş”, “Mənim Azərbaycanım”, “Musiqiçilər” və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb.”Bakıda qar”, “Qaş-Qaş”, “Xəzər dənizi” adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləmişdir: “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün”, “Qış”, “Əncir kolu”, “Bahar”, ” Axşam motivi” və s. A.Cəfərov tarixi janra da müraciət etmişdir. Bu sıradan “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərinin adını qeyd etmək olar.

Rəssam Asəf Cəfərov 3 aprel 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 1931—   Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş(1961)  məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının Əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi “Qlavtumengeologiya” rəhbəri, SSRİ Geologiya nazirinin birinci müavini , Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı olmuş ,  Lenin ordeni , Qırmızı Əmək Bayrağı ordeni , Oktyabr İnqilabı ordeni, Lenin mükafatı , İvan Qubkin mükafatı ilə təltif edilmiş Fərman Qurban oğlu Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur.

Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin missiyaya raziliq verməsi ilə nəticələnir.

1955-1957-ci illərdə Salmanov Plotnikov zavodunun rəisi, daha sonra isə Kemerovo vilayətində Qroznı neft kəşfiyyat ekspedisiyalarının baş geoloqu vəzifəsində çalışmışdır. O, Kuzbassda neft axtarışını perspektivsiz hesab edirdi, ona görə də öz qrupunu Surqut şəhərinə aparmışdı. Salmanov rəhbərliyin bu işi dayandırmasına dair sərəncamlarına baxmayaraq, qazma işlərini davam etdirir. Bəhrə verməyən işlər onun təşəbbüsünə qarşı skeptisizmi artırırdı. Bununla belə, kəşfiyyat ekspedisiyasının rəisi istədiyinə nail ola bilib.

Salmanov 1961-ci ilin 21 mart tarixində, onun sevdiyi Novruz bayramı günündə Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu 2180 metr dərinlikdən neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: “Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı”. Salmanovun SSRİ Geologiya Nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fantanın tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşova məktub ünlanlayır. “Mən neft tapmışam. Bax, belə”. Yatağın sənaye hasilatı üç ildən sonra başlamışdır. Megion yatağı indiyədək Rusiyanın ən böyük yataqlarından biri hesab olunur. Onun ərazisində 500-dən artıq istismar quyusu qazılıb ki, bunun da yarıdan çoxu fəaliyyət göstərir. Qazma dərinliyi 1690-dan 2237 m-ə qədərdir. Megion yatağında neft ehtiyatlarının dəyəri onun içərisində az miqdarda parafinlərin olması səbəbindən artır. Bu da öz növbəsində hasilat prosesinə mənfi təsir göstərə bilən avadanlıqların daimi təmizləmə prosesinə xərcləri azaldır. Salmanov özü Sibir neftinin kəşf olunmasını Qaqarinin kosmosa uçuşu ilə müqayisə edirdi.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi “Qlavtumengeologiyaya” rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Onun sözlərinə görə, o, məcburi olaraq vəzifədən ayrıldı, çünki özəlləşdirmədə iştirak etməkdən imtina edirdi. SSRİ-nin dağılmasından sonra geoloq Kalmıkiyada neft və qaz axtarışı ilə məşğul olmuşdur. Ölümünə qədərki dövrdə isə Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışmışdır. Ümumilikdə isə karyerası ərzində 130-dan çox yataq kəşf etmiş və ya kəşf olunmasında iştirak etmişdir.

Fərman Salmanov 2007-ci ildə 75 yaşında Moskvada vəfat etmişdir.

90

1935 – Xalq artisti, bəstəkar Vasif Adıgözəlov Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub.

İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirmişdir.

Vasif müəllim 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitimişdir.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının mə’sul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır.

1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.

1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1973-cü ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə “Şöhrət ordeni” ilə təltif olunmuşdur.

Vasif Adıgözəlov 15 sentyabr 2006-cı ildə 71 yaşında Bakıda vəfat etmişdir.

1993  —Qadınlar arasında qrossmeyster (2015) Nərmin Kazımova  Ordubad rayonunun Əylis kəndində anadan olub

2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir.

 Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrossmeyster Rəsul İbrahimovdur.

2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub.

2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub.

2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb. Eyni ilin oktyabr ayında Yunanıstanın Haldiniki şəhərində keçirilən dünya birinciliyində 9 xal toplayaraq 18 yaşlı qızlar arasında dünya çempionatının qızıl medalına layiq görülüb.

2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuşdur.

2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.

2015-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Nərmin Məmmədova və Türkan Həsənova ilə 2-4-cü yerləri bölüşdürmüşdür. Əlavə göstəricilərə görə Kazımova 2-ci, Məmmədova isə 3-cü yerin sahibi olub.

2016-cı ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal toplamış Nərmin Azərbaycan çempionu oldu.

Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2008-ci ildə İtaliyanın və 2016-cı ildə Azərbaycanın Bakı şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalar arasında Avropa çempionatında çıxış etmişdir.

Nərmin, 2009-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülmüşdür.

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərmin 2323 xalla Azərbaycan qadın şahmatçıları arasında 3-cü, “Top 100 Women February 2017” reytinq cədvəlində isə 154-cü yerdə qərarlaşıb.

Vəfat etmişdir:

1993 -Görkəmli ədəbiyyatşünas alim, şair Qasım Qasımzadə 70 yaşında Bakıda vəfat etmişdir.

Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur.

Şəki pedaqoji texnikumunu  bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax Rayon Xalq Maarifi şöbəsində metodist işləmişdir.

1945-1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsilini davam etdirmişdir.

1947-1949-cu illərdə  oxuya-oxuya, eyni zamanda  “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur.

Ədəbi fəaliyyətə 1944-cü ildə “Kommunist” qəzetində çap etdirdiyi “Vəfasız olmaz” adlı ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru (1957-1963) olmuşdur.

2013 – Azərbaycan Respublikasının Xalq artisti Tələt Qasımov 80 yaşında Bakıda vəfat etmişdir.

Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir.

İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı çox zəngindir.

O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan T.Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirmişdi. “Rast”, “Zabul segah”, “Şur”, “Hümayun” muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!