Poeziya buketi, nəğmə çələngi

Yağışdan qaçmaq mümkün deyil! Amma biz çətirlə rəqs edə bilərik…
Nüsrət Kəsəmənli – Gecikdi bu yağış
Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz köhnə yurd yeri,
Torpağı nəmlidir,
daşı nəmlidir.
Bir sevgi uçurub son ümid kimi
Torpağı qəmlidir,
daşı qəmlidir…
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında…
Beləcə gün keçdi,
Zaman gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.
Gecikmiş istəyi nədi göylərin,
İndicə buludlar töküləcəkdir.
Ürəyi doludur xatirələrin
Dindirsən
təəssüf hönkürəcəkdir.
Qıvrılıb yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Dəymə, qoy uyusun qəmli arzular
Yaxandan tutacaq ayılan kimi…
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki, dünəni selləmə yağış,
Bayılmış dünənə çiləmə yağış…
Gecikdi bir arzu,
güman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi.
Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdir…
Daha oyanışa güman ki, yoxdur,
De, nəyə gərəkdir bu son bəraət,
Səndən ki, məhəbbət uman ki, yoxdur.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı…
Vaxtında yağmadı,
nur çiləmədi.
Buludlar qarala-qarala qaldı…
Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki.
Bu gündən sonraki kədər sənindir.
Qovmadın başından,
duman gecikdi.
Gecikdi bu yağış,
Yaman gecikdi…

Qismət Rüstəmov – Yağış səhərəcən yağsın şəhərə
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın…
Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın…
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.
Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları….
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları…
Bir qızın eyvanda əlləri donsun,
Qız durub boylansın küçəyə bir də…
Çətirsiz bir oğlan islanıb dursun,
Qız gözü küçədə darıxan yerdə…
Oğlan o küçəyə çəkdikcə keşik,
Səkidə titrəyən kölgə islansın.
Asfaltdan su içən qonur bir pişik,
Çətirsiz oğlanla birgə islansın.
Bir gün hamımıza elə gəlsin ki,
Yağışlar yağırsa hər şey düzələr…
Sinoptiklər çıxıb xəbər versin ki,
Sabahdan adamlar sevinə bilər.
Yağış səhərəcən yağsın səhərə…

Təranə Dəmir – Döyür pəncərəmi qonağım yağış
Nə yaman ağlayır buludlar bu gün,
Saçlarım yağışdı, yanağım yağış.
Mən kirpik çaldıqca səssiz-səmirsiz
Döyür pəncərəmi qonağım yağış.
Tökür hikkəsini qara buludlar,
Ocağa ağlayır, külə ağlayır.
Göylərin qəribə darıxmağı var,
Demək, buludlar da belə ağlayır.
Kimin ürəyindən su içib axı,
Kimin göz yaşıdı, görən, bu yağış?
Gözümü açmağa macalım yoxdu,
Qoymur nəfəsimi dərəm bu yağış.
Buludlar ağlayır, torpaq dirçəlir,
Min həsrət cücərir hər daşın altda.
Bir bahar yol gedir payıza sarı,
Bir payız islanır yağışın altda.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.