Tarixdə bu gün
Mühüm hadisələr:
1942 – Azərbaycan legionu yaradılmışdır.
1898 – Azərbaycanda çəkilmiş kinosüjetlərin ilk kinoseansı həyata keçirilmişdir.

Doğum günləri:

70
1955 – Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manafov Xankəndidə anadan olub.
O, 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.
1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor işləyib.
1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülub.
2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Fəxrəddin Manafovun ən çox sevildiyi film “Təhminə” filmidir.
Rol aldığı digər məşhur filmlər bunlardır: “Üzeyir ömrü”, “Evləri köndələn yar”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Qəm pəncərəsi”, “Doğma sahillər”, “Lətifə”, “Ömrün yolları”, “Qəm pəncərəsi”, “Mahmud və Məryəm”, “Əli və Nino”” və başqalarının adlarını qeyd edə bilərik.

1995— Vətən müharibəsi şəhidi Orxan Habil oğlu Abdıyev Ağstafa rayonunun Pirili kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də torpaqlarımıza erməni təcavüzünün yeni dalğası baş qaldıranda Orxan da silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb. Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Abdıyev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Ağstafa rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra “Vətən uğrunda” , 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Döyüşdə fərqlənməyə görə” ,25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Vəfat etmişdir:

1969—Xalq artisti, Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənni kimi mədəniyyəttariximizə qızıl hərflərlə həkk olunmuş Həqiqət Əli qızı Rzayeva 62 yaşında vəfat etmişdir.
Həqiqət Rzayeva 20 may 1907-ci ildə Lənkəran Lənkəranın Darquba kəndində anadan olmuşdur.
1917-ci ildən Həqiqət Lənkəranda məktəbində təhsil almağa başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.
Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.
1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın Mal Alan” – Üzeyir Hacıbəyov), Şahsənəm (“Aşıq Qərib” – Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.
Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. “Ögey Ana” filmində Qəmər xala obrazını o qədər təbii oynamışdır ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq.” sitatı yaddaşlara həkk olunmuşdur.
Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

45
1980 — Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, Xalq artisti, Azərbaycan Milli Dram Teatrının baş rejissoru olmuş Tofiq Səmədmənsur oğlu Kazımov 57 yaşında vəfat etmişdir.
O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, “Nicat”, “Səfa”) teatr truppalarının rəhbərlərindən idi.
Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun “Məlik Məmməd”, Abdulla Şaiqin “Ana” dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.
Tofiq Kazımov 1951-1952-ci illərdə Moskvada ali rejissorluq təhsili almışdır.
Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin “Hamlet”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.
1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun “Kür sahilində” pyesini tamaşaya hazırlayıb.
1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun “Ailə namusu” (“Allanın ailəsi”) pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub.
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.

1984 — Məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı , 2 Stalin , 2 Lenin ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 71 yaşında vəfat etmişdir.
Niyazi 1912-ci il avqustun 20-də Tiflisdə bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində doğulmuşdur.
Sonralar Zülfüqar Hacıbəyovun ailəsi Bakıya köçür. Niyazinin uşaqlıq illəri görkəmli sənətkarların əhatəsində keçir.
Niyazi Tağızadə-Hacıbəyov ilk musiqi təhsilini Bakıda alıb. Moskvada Qnesinlərin Musiqi məktəbində, Leninqrad (indiki Sankt-Peterburq) Musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Niyazinin dirijorluqda ilk böyük uğuru 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti günləri ilə bağlıdır. O, burada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edir.
Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.
Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru Beynəlxalq mükafatını alıb.
Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

30
1995— Tanınmış şair, tərcüməçi, Qabaqcıl maarif xadimi , Əməkdar İncəsənət xadimi Hikmət Ziya oğlu Əfəndiyev 61 yaşında vəfat etmişdir.
Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri , “Göyərçin” jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri , məsul katib vəzifələrində işləmişdir.
Ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” , “Bahar gözəldir, ya qış?” , “Milçək ürəyi” kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olmuşdur.

2007— Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı — uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınan aktyor Ələkbər Adıgözəl oğlu Hüseynov və ya “Ələkbər əmi” 46 yaşında vəfat etmişdir.
Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. Ə. Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində təhsil almışdır.
Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərində Qurban, H.X. Andersenin “Bülbül” nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun “Qara rəngin nağılı”nda Aydın, R. Əlizadənin “Tıq-tıq xanım”ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin “Qar qız”da Lel, R. Əlizadənin “Keçəlin toyu”nda Keçəl rollarını oynamışdır.
Ə. Hüseynovun səhnələşdirdiyi “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdır. Aktyor “Keçəlin toyu” tamaşasındakı Keçəl rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olmuşdur.
2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunmuşdur.
2000-ci ildə Ə. Hüseynov Əməkdar artist fəxri adına layiq görülmüşdür. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə “Humay” və “Qızıl Dərviş” mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib. Polşanın “Təbəssüm Ordeni” mükafatına (2007) layiq görülmüşdür.

2009 —Aktyor, Xalq artisti Elxan Ağahüseynoğlu 66 yaşında Bakıda vəfat etmişdir.
Elxan Ağahüseynoğlu 1942-ci ildə Bakıda doğulub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaqalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb.
Aktyor “Axırıncı aşırım”, “Ömrün səhifələri”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi” bədii filmlərinə çəkilib.
Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Prezident təqaüdçüsü idi.
Bayramlar və xüsusi günlər:
2 avqust Milli Kino Günüdür

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır.
Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda “Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu.
1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər oldu.
2001-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.