Tarixdə bu gün
İlin 250-ci günü (uzun illərdə 251-ci).
İlin sonuna 115 gün qalır.
Mühüm hadisələr:
1992 – Azərbaycan Respublikası Yaponiya ilə diplomatik əlaqələr qurmuşdur.
1998 – Google şirkəti təsis olunmuşdur.
Doğum günləri:

1914 — Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim; Azərbaycan MEA-nın müxbir üzvü , Əməkdar incəsənət xadimi Cəfər Haşım oğlu Cəfərov Bakıda doğulub.
İlk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında Ədəbi hissə müdiri (1937-1938), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri (1938-1939), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1939), Mədəniyyət nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutu Teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib.
Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb. O, Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə elmi məqalələr, monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap elətdirib. Azərbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına resenziyalar yazıb.
Cəfər Cəfərov “Rejissor sənəti”, iki cilddə Azərbaycan və iki cildə rus dillərində “Seçilmiş əsərləri”, “Azərbaycan Dram Teatrı” kitablarını, “Cavid və teatr”, “Mirzə Fətəli Axundazdənin dramaturgiyası”, “Mirzə Fətəli Axundzadə və teatr”, “Vilyam Şekspirin dramaturgiyası” elmi əsərlərini yazıb.
Cəfər Cəfərov 1973-cü il sentyabrın 19-u Bakıda vəfat edib.
Məzarı Fəxri Xiyabandadır.

1952— Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu Seyidov Şərur rayonunun Alışar kəndində anadan olmuşdur.
1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi.
Milis kapitanı Məhərrəm Şərur rayon Polis şöbəsində işləyirdi.
1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi.
19 yanvar günü polis kapitanı Azər mühasirəyə düşmüşdü… Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edərək özü qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Rrezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub.
Buradakı 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır.

1961 —Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi Fərəh Şirməmməd qızı Əliyeva Bakı şəhərində anadan olub.
1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, İxtisasartırma fakültəsinin dekanı olub. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.
1994-cü ildə “XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə “XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
“Azərbaycan musiqisində üslub axtarışları” elmi monoqrafiyasının, dərsliklərin (“Musiqi ədəbiyyatı”, həmmüəllif A.Tağızadə, B., 1994; “Musiqi” həmmüəlliflər T.Babayeva, S.Qurbanəliyeva, B., 2001), çoxsaylı elmi məqalələrin müəllifidir. Tədqiqatçı kimi Fərəh Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. Onun Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, F.Əmirov, A.Əlizadə, F.Qarayev, F.Əlizadə, R.Həsənova, S.Ələsgərov, C.Cahangirov, T.Quliyev, R.Behbudov və başqa bəstəkarlar, ifaçılar haqqında məqalələri işıq üzü görüb.
2 may 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
3 mart 2017-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
11 may 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiridir.

1976 — Azərbaycan Respublikasının Xalq artisti , Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solist, opera müğənnisi, mezzo-soprano Fidan Hacı Ağa qızı Hacıyeva anadan olmuşdur.
Professor Hüseyn Əliyevin tələbəsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində açıq səma altında, 15 min tamaşaçı qarşısında çıxış etmişdir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir. 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülmüş və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunmuşdur. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının “Peşəkar vokal ifaçılarının müsabiqəsi”qalibidir. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş “Gran Gala” konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Xalq artisti” adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan, Musiqi Mərkəzini yaradıb. Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk “Karmen” ifaçısı Fatma Muxtarovadan[3] sonra ikinci Azərbaycan opera səhnəsinin “Karmen”i adlandırlır.
Vəfat etmişdir:

1989 – Tanınmış Azərbaycan şairi Hafiz Həbib oğlu Baxışov (Hafiz Baxış) vəfat etmişdir.
Hafiz Baxışov 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur.
Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir.
1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. 1954-cü ildə tələbə ikən Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, Pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır.
1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri “Sosialist Sumqayıtı” qəzetində dərc olunmuşdur, “Samur – Dəvəçi kanalı” adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , “Zirvə” adlı ilk poeması isə “Azərbaycan” jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.

1991 — Məşhur kimyaçı alim , professor, AMEA-nın müxbir üzvü Yunus Heydər oğlu Qəmbərov 65 yaşında vəfat etmişdir.
Yunus Qəmbərov 5 mart 1926-cı il Füzuli rayonunun Kürdlər kəndində kəndli ailəsində anadan olub. 1933-1943-cü illərdə orta məktəbdə təhsil alıb. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Kimya fakültəsinə qəbul olunub. 1949-cu ildə ADU-nu fərqlənmə diplomu ilə bitirib. 1950-1952-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunun aspiranturasında oxuyub. 1952-1956-cı illərdə “Azxəzərneft” Birliyinin Antikorroziya xidməti kontorunda İstehsalat şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1958-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunda aspirantura təhsilini başa vurub.
1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra “Piroliz” laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda “Karbohidrogen monomerləri” şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib. 1990-cı illərdə həmin institutun direktoru olub.
1960-cı ildə kimya elmləri namizədi almaq üçün “Neft fraksiyalarının və bəzi fərdi karbohidrogenlərin termiki parçalanmasının tədqiqi” mövzununda namizədlik, 1968-ci ildə isə texnika elmləri doktoru dərəcəsi almaq üçün “Pirolizin səmərələşdirilmiş şəraitində aşağı molekullu doymamış və aromatik karbohidrogenlərin alınması” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə isə Azəraycan SSR EA-nın müxbir üzvü seçilib. 1991-ci ildə ölümündən sonra Başkordostan EA-nın həqiqi üzvü seçilib.
Yunis Qəmbərov neft kimyası və neft-kimya sintezi sahəsində yüksək erudisiyaya malik tanınmış alim idi. Onun əsas elmi tədqiqatları təbii karbohidrogen xammalının və onların emal məhsullarının yüksək temperaturda termiki və hidrogen iştirakı ilə çevrilmələrinin öyrənilməsinə və bu yolla kiçik molekullu olefin və aromatik karbohidrogenlərin alınması üçün yeni yüksək effektivliyə malik texnoloji proseslərin yaradılmasına aiddir.
Yunis Qəmbərovun apardığı tədqiqatların nəticələri 6 monoqrafiyada, 220 məqalədə, o cümlədən 40 ixtirada öz əksini tapıb. Onun rəhbərliyi altında 1 elmlər doktoru, 25 elmlər namizədi hazırlanıb. Elmi və elmi-ictimai fəaliyyətinə görə Yunis Qəmbərov hökumət tərəfindən yüksək qiymətləndirilib. O, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri və bir sıra medallarla təltif edilib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.