Tarixdə bu gün
Təqvim ilinin 254-cü günü (uzun illərdə 255-ci)
İlin sonuna 111 gün qalır.
Mühüm hadisələr:
1853 – İlk teleqraf xətti işləmişdir.
1992 – Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurmuşdur.
2003 – Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilib.
2008 – ABŞ Konqresində Cənubi Qafqazla bağlı dinləmələr keçirilib.
Doğum günləri:

1914 – Məşhur pedaqoq, naşir və türkoloq İsmayıl Qaspıralı 63 yaşında vəfat etmişdir.
İsmayıl Qaspıralı 8 mart 1851-ci ildə anadan olmuşdur.
Əslən Krım tatarı olan İsmayıl Qaspıralı pedaqoq, naşir və siyasətçi.O, Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun irəli sürmüş müsəlman ziyalılarındandır. Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.
Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən “Tərcüməçi” adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan “Dildə, fikirdə, işdə birlik!” şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: “Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin” deyərək düşüncələrini ortaya qoymuşdur.
Qaspıralı qadınlar üçün “Aləmi- Nisvan” ( “Dünya qadınları”) adlı bir jurnal çıxarmış və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlamışdır. Uşaqlar üçün də “Aləmi –subyan” (“Dünya uşaqları”) adlı bir nəşr çıxarmışdır. Qaspıralı, İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirmişdir. Ayrıca ilk Rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.
İlk müsəlman qadın hərəkatının lideri Şəfiqə Qasprinskayanın atasıdır.

1913 — Xalq artisti, rejissor və operator Muxtar Baba oğlu Dadaşov Bakıda anadan olmuşdur.
1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir.
Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüz rolunu oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.
Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış etmişdir. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə almışdır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”, “Sovet Azərbaycanının 50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır.
Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi.
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.
Muxtar Dadaşov kinoya 50 ildən çox xidmət etmişdir.
Muxtar Dadaşov 1977-1983-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışmışdır.
7 may 1998-ci ildə vəfat etmişdir.

1956 — Yazıçı-dramaturq, Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru Ramiz Fəzail oğlu Əkbərov, (Ramiz Əkbər) Yardımlı rayonunda anadan olub.
1963-1973-cü illərdə Yardımlı rayon M.F.Axundov adına orta məktəbdə əla qiymətlərlə oxuyub, 1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini Lenin adlı təqaüdlə bitirib. 1979-1980-cı illərdə M.Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə internatura keçmişdir. Əmək fəaliyyətinə tələbəllik illərində tibb qardaşı kimi akademik M.Cavadzadənin klinikasında başlamışdır. 1980-1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983-1985-ci illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində çalışmışdır. İstefada olan polkovnikdir. Respublikanın əməkdar həkimidir (2008), Səhiyyə əlaçısıdır, tibb və fəlsəfə üzrə fəlsəfə doktorudur .
İxtisasca ali dərəcəli uroloq və ali dərəcəli səhiyyə təşkilatçısıdır. Azərbaycan Uroloqlar və Androloqlar Cəmiyyətlərinin, eyni zamanda Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 30-a yaxın elmi, bədii-publisistik kitabın, 100-ə yaxın elmi məqalə, tezis, metodik tövsiyənin və səmərələşdirici təklifin müəllifidir.
Vəfat etmişdir:

1991— Azərbaycanın Milli Qəhrəmanı Ənvər Səyyad oğlu Fərəcov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Ənvər Səyyad oğlu Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuşdur.
1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə Mexanikləşdirmə fakültəsini bitirib, Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1981-ci ildən isə həyatını daxili işlər orqanları ilə bağlamışdır. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.
Ölkəmizə erməni təcavüzü başlayanda ilk silaha sarılanlardab biri də polis əməkdaşları oldu. Ənvər erməni hücumlarına qarşı döyülərdə qəhrəmanlıqlarla dolu döyüş yolu keçdi.
18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır.
11 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Ənvər Səyyad oğlu Fərəcov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Goranboy rayonunda dəfn edilmişdir.
Goranboy rayonunda büstü qoyulmuşdur.
Haqqında Zamin Məmmədov “Vətənə dönənim” adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunmuşdur.

2005 — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Davud Ramazan oğlu Zöhrabov 76 yaşında vəfat etmişdir.
Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.
1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun “kinoistehsalat təşkilatçılığı” kursunu bitirib. Kursu bitirəndən sonra orada “Möhkəm qoz” (“Krepkiy Oreşok”) filmində direktor kimi təcrübə keçib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.