Tarixdə bu gün
lin 266-cı günü (uzun illərdə 267-ci)
İlin sonuna 99 gün qalır.
Mühüm hadisələr:
1821 – Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan edir.
1989 – Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olunur.

Doğum günləri:

1914— Azərbaycanda ilk qadın biologiya elmləri doktoru , professor , Azərbaycan SSR EA-nın həqiqi üzvü Validə Xaspolad qızı Tutayuq Şuşada anadan olmuşdur.
1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Bağçılıq və bostançılıq fakültəsinə qəbul olmuşdur.
1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilir.
1934-cü ildə isə aspiranturaya qəbul olunur və K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır .
1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur.
1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunmuşdur.
O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir. 1968-1972-ci illərdə V.Tutayuqun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının geniş geobotaniki tədqiqi aparılmışdır.
V.Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.
1939-1980-ci illərdə AKTİ-nin botanika kafedrasının müdiri, dekan, prorektor, Azərbərbaycan EA Botanika İnstitutunun anatomiya və morfologiya laboratoriyasının müdiri, direktoru vəzifələrində çalışmışdır. Elmi-tədqiqatı, əsasən, Azərbaycan dendroflorasının, çiçəyin teratologiyasının öyrənilməsinə həsr edilmişdir.
Validə Tutayuq 1980-ci ildə 76 yaşında Bakıda vəfat etmişdir.

1928– Məşhur müğənni, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova Bakıda anadan olmuşdur.
1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir .
1946-1951-ci illərdə Azərbaycan radiosunda, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrında xor solisti olmuşdur.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir.
Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.
16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1929 — Görkəmli Azərbaycan tarixçisi, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan nadir ixtisaslı alimlərdən biri olan Yusif Bəhlul oğlu Yusifov Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur.
Yusif Yusifov 1946-cı ildə İrəvanda Azərbaycan Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini Leninqrad Universitetində davam etdirmiş və orada qədim Şərq dilləri (şumer, akkad, elam, iran) üzrə yüksək filoloji hazırlıq keçmişdi. 1952-ci ildə Universitetin İran filologiyası şöbəsini bitirən Yusif Yusifov vətənə qayıdır və 1952-1953-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda əmək fəaliyyətinə başlayır. 1953-1956-cı illərdə o, Leninqrad Dövlət Ermitajında görkəmli şumerşünas və assurşünas İ. M. Dyakonovun rəhbərliyi ilə aspiranturada təhsilini davam etdirir, dünya tarixşünaslığında az öyrənilmiş mövzulardan olan Elam tarixini mövzusu kimi seçir. Yusif Yusifovun Elam tarixinin son dövrünə aid ilk irihəcmli məqalələri və 1958-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası görkəmli şərgşünas alimlərin diqqətini cəlb edir, onu nüfuzlu elamşünas alim kimi tanıdır.
Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra vətənə tanınmış, elimdə öz sözü və istiqaməti olan alim kimi dönən Yusif Yusifov 1967-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışıb.
1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M. F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Qədim Şərq tarixini dərindən bilən və böyük pedaqoji təcrübəyə malik olan Yusif Yusifov 1993-ci ildə ömrünün ən dəyərli kitablarından birini – ali məktəblər üçün “Qədim Şərq tarixi” dərsliyini nəşr etdirmişdir.
Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S. Kərimovla birlikdə dərsliyin müəllifidir.
Yusif Yusifov 4 yanvar 1998-ci ildə 68 yaşında vəfat etmişdir.

1935 — Tanınmış rejissor, ssenari müəllifi, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov Bakıda anadan olub.
1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.
1968-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio şirkətində, 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib.
“Mozalan” kinojurnalı üçün 34 bədii və sənədli süjet çəkmişdir.
Ziyafət Abbasov bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Z. Abbasov 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunmuşdur
1994-2001-ci illərdə “Azərbaycanfilm”in direktoru vəzifəsində çalışmışdır.

1951 — Tanınmış skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Teymur qızı Quliyeva Bakı şəhərində anadan olmuşdur.
İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir.
Zəhra Quliyeva 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada Simli alətlər kafedrasında müəllim işləmişdir.
Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında “Zəriflik” adlı müəllif proqramını yaradır. O, burada həm Azərbaycan, həm də dünya şöhrətli rəssam və musiqiçilərin sənətindən, onların həyat və yaradıcılığından söhbət açır. 1990-cı ildə Zəhra Quliyeva Azərbaycan Musiqi Xadimləri İttifaqının sədrinin I müavini vəzifəsinə təyin olunur.
1993-cü ildə Türkiyənin Bilkənt Universitetinin dəvəti ilə Zəhra Quliyeva orada işləməyə başlamışdır
Zəhra Quliyeva 1998-ci ildə Makao qubernatorluğunun (hazırkı Çin Xalq Respublikasının özəl inzibati bölgəsi) dəvəti ilə oraya gedərək Kamera orkestrinin konsertmeysteri vəzifəsində çalışmışdır. O, Makao konservatoriyasında pedaqoji fəaliyyətinə də davam etmiş, həmin dövrdə aktiv ifaçılıq fəaliyyətini sürdürərək Çin Xalq Respublikasının müxtəlif şəhərlərində, eləcə də Portuqaliya və İspaniyada solo və orkestrlə çox saylı konsertlər vermişdir.
Vəfat etmişdir:

1963 — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Həmzət qızı Qazıyeva faciəli surətdə həlak olmuşdur.
Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Tala kəndində anadan olub.
1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilməyib. Kəndə qayıtmayan Sevil elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verib.
Sov.İKP Mərkəzi Komitəsinin 1959-cu il dekabr plenumu Sevilin həyatında ciddi dəyişikliyə səbəb olur. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi – Sevil Qazıyeva, Məmləkət Tağıyeva, Solmaz Qurbanova və Diləfruz Ocaqquliyeva Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi Məsud Əlizadəyə məktub yazıb, ondan Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Sevil Qazıyevanın və rəfiqələrinin bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Sevil və rəfiqələri bu kursda sürücü-mexanik peşəsinin sirlərini öyrənməyə başlayırlar.
Məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir.
1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. 1962-ci ildə onu Azərbaycan LKGİ-nin XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır.
Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.
Sevil traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan birinin traktorçular briqadiri işləmişdir. Onun çağırışı ilə, 600-nəfərdən çox qız mexanizator peşəsini seçmişdir.
Sevil Qazıyeva gənc yaşlarında, faciəli surətdə həlak olmuşdur. Ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

1970 — Azərbaycan yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Sabit Kərim oğlu (Sabit Rəhman) Mahmudov 60 yaşında vəfat etmişdir.
Tarixdə bu gün – 23 sentyabrSabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur.
Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi – “Pozğun” 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Bəstəkar Emin Sabitoğlunun atasıdır.
Musiqişünas Ceyran Mahmudovanın babasıdır.

2014— Tanınmış nasir, tərcüməçi, ssenari müəllifi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva 93 yaşında vəfat etmişdir.
Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı təpə” (1963), K.Paustovskinin “Oğru pişik” (1951), V.Q.Korolenkonun “Satın alnmış uşaqlar” (1962), Y.Sotnikin “Əcaib quş” (1964), V.Astafyevin “Ulduz xəzanı” (1970), Y.Çaruşinin “Nikitanın oyuncaqları” (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. “Azərbaycan qadını” jurnalında məsul katib (1951-1973), “Gənclik” nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.

2015— Məşhur şair, Əməkdar Mədəniyyət İşçisi Məmməd Muxtar oğlu Aslanov 75 yaşında Zaqatalada vəfat etmişdir.
TMəmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışmış, “Yazıçı” nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, “Ekran-Efir” qəzetinin baş redaktoru olmuşdur.ı
Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin “Torpağa səcdə”, qazax şairi Qədir Murzalıyevin “Bu bağda bülbüllər ötər” (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.
Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. “Şöhrət” ordeni ilə təltif edilmişdir .
Tarixi gün və bayramlar

23 senyabr Tripoli qətliamı günüdür. 200 il bundan əvvəl – 23 sentyabr 1821 – ci ildə Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan edir. Tripolinin işğalı, şəhərin süqutu, müsəlmanların (türklərin) və yəhudilərin öldürülməsi ilə müşayiət olunan bu qətliam tarixin qara səhifəsində yer aldı.
23 sentyabr 1989-cu ildə Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olunmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.