Tarixdə bu gün
İlin 267-ci günü (uzun illərdə 268-ci)
İlin sonuna 98 gün qalır.

Mühüm hadisələr:
1801 – Rusiya Gürcüstanın şərq hissəsini işğal etmişdir.(Azərbaycanlıların məskunlaşdığı ərazilər)
1882 – İstanbul Bəyazid kitabxanası yaradılmışdır.1981 – Ermənilərin Türkiyənin Parisdəki konsulluğunda törətdikləri terror aktı nəticəsində konsulluğun bir işçisi həlak olmuş, konsul özü ağır yaralanmışdır.
1992 – Azərbaycan Respublikası İndoneziya ilə diplomatik əlaqələr qurmuşdur.
1993 – Azərbaycan MDB-yə daxil olmuşdur.
1998 – Fransız həkimləri tarixdə ilk dəfə olaraq insan əlini transplantasiya etmişlər.
1996 – Nüvə sınaqlarının qadağan edilməsi haqqında saziş imzalanmaq üçün açılq elan edilmişdir.
2008 – Bakıda dünya gənclərinin 4-cü məşğulluq Sammiti (YES) keçirilmişdir.
Doğum günləri:

1857 — Azərbaycanın ilk kimyaçı alimi Mövsüm bəy Xanlarov Bakıda anadan olmuşdur.
O, ilk təhsilini mədrəsədə almış, klassik ədəbiyyat və tarixlə də məhz bu mədrəsədə tanış olmuşdu. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdu.
1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirməyə qərar verdi.
1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
1878-ci ilin payızında Almaniyanın Vyüsburq Universitetinə qəbul olundu.
Öyrəndiyi texniki ixtisasa daha mükəmməl yiyələnməkdən ötrü Mövsüm bəyə növbəti il təhsilini davam etdirmək üçün Almaniyanın başqa bir şəhərində — Leypsiq Universitetində davam etdirməyə başladı.
1881-ci ilin mayında Almaniya ilə vidalaşıb Fransanın Strasburq şəhərinə, bu şəhərdə fəaliyyət göstərən Vilhelm Kayzer Universitetinə gəldi. Mövsüm bəy Xanlarov da burada professor Rudolf Fittiqin rəhbərliyi altında elmi araşdırmalara başladı. 1880-ci ilin mayından Strasburq Universitetində tanınmış professor Avqust Adolf Kundtın laboratoriyasında Rusiyadan gəlmiş gənc dağ mühəndisi, sonralar öz elmi nailiyyətləri ilə dünya şöhrəti qazanmış Dimitri Petroviç Konovalov da tədqiqat aparırdı.
Bakılı tədqiqatçı isə Fittiqin laboratoriyasında toksin turşusunun rodan etilinə təsirini tədqiq edirdi. Öz elmi araşdırmalarının nəticələrini 1882-ci ildə alman kimya ictimaiyyətinin “Berichte der Deutschen Chemischem Gesellchaft” jurnalında nəşr etdirmişdir. Həmin vaxt professor R.Fittiq laktonu araşdırır, bakılı tələbəsi də bu mövzuda elmi tədqiqatları ilə alimə dəstək verirdi. O bu sahədə uğurlu nəticələr əldə etmiş, butirolakton və alfa-butirolaktonun sintezi xüsusiyyətlərinə dair ona qədər bir çox alimləri düşündürən sualların cavabını tapmışdı. Gənc alimin əldə etdiyi elmi nəticələri professor R.Fittiq yüksək qiymətləndirirdi.
1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov doktorluq dissertasiyasını uğurla müdafiə edərək, müasir dillə desək, kimya elmləri doktoru alimlik dərəcəsi aldı. 26 yaşlı gəncin 1883-cü ildə dünyanın ən tanınmış elm-təhsil mərkəzlərindən birində belə yüksək elmi ada sahib olması XIX əsrin sonlarına doğru milli elmin inkişafı sahəsində elə də nəzərəçarpacaq nailiyyətləri olmayan Azərbaycan üçün son dərəcə əlamətdar hadisə idi.
Qısa müddətdən sonra doktor Mövsüm bəy Xanlarov onu yetişdirmiş vətənə fayda vermək üçün Azərbaycana döndü və mühəndis-texnik kimi bu uğurların sırasını daha da genişləndirdi. Alim Azərbaycanın malik olduğu neft sərvətinin vətənin rifahına sərf olunması üçün bütün səylərini ortaya qoymaqla bu amal uğrunda ayrı-ayrı maliyyə nəhəngləri, Nobel qardaşları kimi xarici sərmayəçilərlə açıq mübahisələrdən belə çəkinmirdi.
Mövsüm bəy Xanlarov Avropada təhsilini başa vurub Bakıya qayıdandan sonra Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla ailə qurmuşdur. Bu da 23 fevral 1921-ci ildə dünyasını dəyişmiş Mövsüm bəy Xanlarovun sovet dövründə tam unutdurulmasına, belə bir alimin diqqətdən tamamilə kənarda qalmasına gətirən amillərdən biri idi.
Azərbaycan elmində ilk kimyaçı alim kimi tarixə düşmüş Mövsüm bəy Xanlarov 23 fevral 1921 – ci ildə 63 yaşında vəfat etmişdir.

1928— Məşhur kino və televiziya rejissoru, Əməkdar incəsənət xadimi – Azərbaycan kinosunda “müəllif” kinosunun nümayəndələrindən biri olan Arif Hacı oğlu Babayev Bakıda anadan olmuşdur.
1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil almışdır.
1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir.
26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.
Rejissor haqqında 2000-ci ildə “Kinorejissor Arif Babayev” sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir.
Rejissor Vasif Babayevin qardaşıdır.

1936 – Xalq artisti, məşhur qiraət ustası Əminə Yusifqızı Bakıda doğulub.
Hələ məktəb yaşlarında ikən GəncTamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir.
M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olmuşdur.
Rolları: Qulu (“Anacan”, Y.Əzimzadə), Səbirə (“Son məktub”, R.İsmayılov), Humay (“Komsomol poeması”, İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər (“Söz yarası”, Q.Rəsulov), Əliman (“Ana tarla”, Çingiz Aytmatov), Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və s. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.

1943 — Əməkdar incəsənət xadimi, Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Məmmədəmin oğlu Salayev Bakı şəhərində anadan olub.
Fuad Salayev yaradıcılıq təhsilini ilk öncə Ə.Əzimzdə adına Rəssamlıq məktəbində , sonra isə İ.Surikov adına Dövlət Rəssamlıq məktəbində almışdır. Almaniya və Yuqoslaviyada heykəltəraşlıq üzrə keçirilən beynəlxalq simpoziumların , həmçinin respublikada və xaricdə keçirilən sərgilərin içtirakçısı olmuşdur. Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əsasən bürünc üzərində işləyir, həmçinin digər matriallardan istifadə edir.
Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı, professor Fuad Salayevə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib.
Ekspozisiyada Rəssamın – “Simvol ilə maili qüllə” (bürünc) “Şaquli”(bürünc), “Fəza kompozisiyası” (bürünc) işləri nümayiş olunur.
21 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

1952 — Tanınmış kino aktrisa, Azərbaycan Respublikasının Xalq artisti Xalidə Camal qızı Quliyeva anadan olmuşdur.
Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır.
1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir.
1973-1976-cı illərdə institutun nəzdindəki “Səda” Tədris teatrında çalışmışdır.
1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.
Validə (“Qızıl qaz”), Fatimə (“Nəsimi”)[4], Solmaz (“Bakıda küləklər əsir”), Milli (“Tütək səsi”), tibb bacısı (“Şahid qız”), Xalidə (“Xoşbəxtlik qayğıları”) və s. rollarda şəkilmişdir. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
Vəfat etmişdir:

1991— Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyev Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Fazil Umud oğlu ö Mehdiyevə ö lümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib.
Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.
Bakı şəhərinin mərkəzində —Xətai prospekti 136 ünvanında Milli Qəhrəman Fazil Mehdiyevin şərəfinə kiçik park salınmış, parkın mərkəzində onun büstü qoyulmuşdur.

1991— Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyusif oğlu Əliyev Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Yusif Əliyev 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.
Yusif Əliyev ilk döyüş sınağından 1991-ci ilin fevralında Goranboyda çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Yusif Əliyusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır.
Məktəbdə büstü qoyulmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əlizadə oğlu Əhmədov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Mübariz Əhmədov 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır.
1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılıb. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni təcavüzkarları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.
Mübariz Ağdamda döyüşlərə rota komandiri olaraq başlayır. Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərir. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur.
Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi . Şiddətli döyüşlər getdiyi bir zamanda qəfil partlayan mərmi Mübarizi yerə sərdi.Onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsa da həyata qaytarmaq mümkün olmur.Cəsur komandir gözlərini əbədi yumur.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Mübariz Əlizadə oğlu Əhmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.

1992 — Qarabağ müharibəsinin qəhrəmanlarından biri – “Azərbaycan Bayrağı” ordeni kavaleri Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Cəbrayıl Cəbrayılov 30 may 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.
O, 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirmişdir. 1978-1979-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
Qarabağda “Qurd Cəbrayıl” kimi ad alib san qazanmiş ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü. Bu mərd, qorxmaz döyüşcü Yaqub Rzayevin komandir olduğu 863№ li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb. O, ilk gündən bölük komandiri təyin olunub.
Hələ 1992-ci ilin yanvarında Xramort kəndi uğrunda gedən döyüşlərdə qazandığı igidliyi, qorxmazliığı, döyüş bacarığı ilə seçilən Cəbrayılın hərbiçi biliyi ona o faciəli keçdi. Xocalıda soyqırım törədilən gün az kömək etməmişdi. Məhz buna görə o, ermənilərlə qəhrəmancasına döyüşərək neçə-neçə soydaşımızı düşmən caynağından xilas etmişdi.
1992-ci ilin 31 yanvarında Xramort kəndinin erməni silahli dəstələrindən təmizlənməsində qəhrəmanliq köstərmiş mərdliklə döyüşmüdür. Xocalı qırğını zaman Cəbrayıl Qaraqaya adlanan yerdə təkbaşına ermənilərlə vuruşaraq 3 nəfər qadını və 2 azyaşlı uşağı onların caynağından xilas etmişdir. 1992-ci il martın 6- da Cəbrayıl Əskaran postunda 8 erməni quldurunu məhv edərək onlara məxsus bir ədəd qumbaraatanı hərbi hissəyə gətirib təhvil vermişdir.
1992-ci ilin may ayında Ağbulaq, Dəhraz, Naxcıvanik, Pircamal və Kətik kəndləri uğrunda gedən döyüşlərdə Cəbrayıl 7 erməni döyüscüsünü məhv etmiş, düşmənin bir topunu hərbi qənimət kimi ələ keçirmişdir. 1992- ci il 12 iyunda isə Cəbrayıl Əskaran ərazisinə girərək ermənilərin 1 közətçi məntəqəsini və 1 tankını məhv etmişdir. 1992- ci ilin 18 avqustda Gülyataq və Canyataq kəndlərini düşmənlərdən azad edərkən Cəbrayıl yeddi erməni döyüşcüsünü məhv edərək onlara məxsus dörd avtomat silahi ələ keçirmişdir. Həmin döyüşdə göstərdiyi igidliyə görə 10 min rubl mukafat almışdır.
Cəbrayıl silahdaşları ilə dəfələrlə çətin kəşfiyyat əməliyyatına getmişdir. 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndinin düşməndən azad edilməsində ağır güllə yarası almış və hospitala yerləşdirilmişdir. Qısa müddətdə müalicə olunaraq döyüşçü yoldaşlarının yanına qayıtmış və 1992-ci il sentyabrın 24-də Xanabad kəndi uğrunda döyüşlərə qatılmışdır. Bu döyüş Cəbrayıl Cəbrayılovun son döyüşü olmuşdur. O, başında aldığı güllə yarasından şəhid olmuşdur.
Təhsil aldığı Söyüdlügöl kənd orta məktəbinin kollektivinin istəyi nəzərə alınaraq 1993-cü ildə oxudu məktəbə Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovun adı verilmişdir. Məzarı Qiyaslı kənd qəbirsanlığındadır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.