Tarixdə bu gün
İlin 268-ci günü (uzun illərdə 269-cu)
İlin sonuna 97 gün qalır.
Mühüm hadisələr:
1396 – Nikopol yaxınlığındakı döyüşdə Birinci Bəyazidin qoşunu səlibçiləri darmadağın edir. Döyüş nəticəsində Bolqarıstan 1878-ci ilədək Osmanlının əyalətinə çevrilmişdir.
1604 – Osmanlı ordusu müqavimətlə qarşılaşmadan Peşte qalasını ələ keçirmişdir.

1918 – Azərbaycan Demokratik Respublikası hökuməti Bakıda əskinasların dövriyyəyə buraxılması haqqında qərar qəbul etmişdir.
1997 – Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş bağlanmışdır.
Doğum günləri:

1872— Görkəmli dövlət xadimi, alim, diplomat Adil xan Əbülfət ağa oğlu Ziyadxanov Gəncə şəhərində anadan olmuşdur.
1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini “Avropada üç aylıq bir səyahətim” adıyla Gəncədə nəşr etdirib. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Xarici işlər nazirinin müavini təyin edilib. Xarici işlər naziri Ə.B.Topçubaşov İstanbulda olduğundan, A.Ziyadxanov nazir vəzifəsini icra edib. 16.11.1918-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından A.Ziyadxanov qarşılayıb və onunla danışıqlar aparıb. Az sonra baş nazir və xarici işlər naziri təyin edilmiş Fətəli xan Xoyskinin müavini olan A.X.Ziyadxanov gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb.Qonşu ölkədə işlərkən çox məhsuldar diplomatik fəaliyyət göstərib.
15 yanvar 1920-də Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana ayaq basıb və bununla iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib.
O, İranda olarkən özünün ana dilimizdəki “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti” adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, “Qələmin uçuşu” adlı iki hissəlik kitabınısa fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı danışıb. Bu kitablar Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına (04-10.1920) səfirin çox incə töhfəsiydi.
Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran və Təbrizdə müxtəlif vəzifələrdə çalışıb.
1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat etmişdir.

135
1890 — Görkəmki folklorşünas Əbülqasım Hüseynzadə Bakıda anadan olmuşdur.
O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir. Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.
Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun “Atalar sözləri” (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, “Atalar sözü” (1938, 1949, 1956, 1965, 1981, 1986), “El sözləri” (1944), “Hikmətli sözlər” (1961), “Müdrik sözlər” (1970), “Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti” (B.Thirbəyovla birgə, 1983), “Atalar sözü və zərb-məsəllər” və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.
Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur.
Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir
Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə 97 yaşında Bakıda vəfat etmişdir

1913 — Görkəmli teatr xadimi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Nüsrət Möhsün oğlu Fətullayev Lənkəran rayonunda anadan olmuşdur.
Nüsrət Fətullayev Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbində təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun “31-43” (“Eskadranın məhvi”) dramının tamaşası ilə Akademik Milli Dram Teatrında ilk işinə başlayıb.
1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. Sənətdəki xidmətlərinə görə respublikanın Əməkdar incəsənət xadimi (4 may 1940) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) tamaşasına görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramının tamaşasının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət Mükafatı Laureatı olub.
Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük verib. Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranışlarını yaradıcı həssaslıqla nəzərə alırdı. Milli etnoqrafiyanı dərindən bilirdi. Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun rəng təzə-tərliyinə, təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçını heyrətdə saxlayırdı.
Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib.
Vəfat etmişdir:

1991 — Görkəmli yazıçı-jurnalist, alim, professor, publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri və ilk decani Nurəddin Həsən oğlu Babayev Bakıda vəfat etmişdir.
Nurəddin Babayev 1921-ci ildə Gəncədə anadan olmuşdur. Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır.
Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi.
“Əbədi qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub. Nurəddin müəllimin bu qəbildən əsrləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin Babayev “Biz Azərbaycandanıq”, “Ürəyimdə sözüm var”, “İzləri itirmirik” kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.
Moskvada böyük tirajla çap olunan “Звезды не гаснут” (“Ulduzlar Sönmür”) və “На дорогах жизни” (“Ömür Yollarında”) əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin müəllimin kitablari daima xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə olduqca güclü və müsbət təsir göstərib.

1991— Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.
Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirərək 1991-ci ildə Vətənə dönmüş və Qusar rayonunda Sahə müvəkkili işləməyə başlamışdır.
1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində “QAZ-53” markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas etsə də, özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Kəlbəcər rayonunda dəfn edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.