Tarixdə bu gün
İlin 275-ci günü
İlin sonuna 90 gün qalır.
Mühüm hadisələr:
1552 – İvan Qroznı Kazanı tutmuş və Kazan xanlığı Rusiyaya birləşdirilmişdir.
1992 – Xocavənd rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.

2005 – Bakıda Bədii gimnastika üzrə XXVII Dünya çempionatı keçirilmişdir.
2007 – BMT İnsan Hüquqları Şurası Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul etmişdir.
Doğum günləri:

1941 – Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məhəmməd Fərman oğlu Mehdiyev Laçın rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin “Təbiqi analizin riyazi üsulları” kafedrasının müdiri, “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanıdır.
Onun elmi fəaliyyətinin nəticəsində Elastikiyyət nəzəriyyəsində yeni “Bircins həllər” metodu işlənib hazırlanmış, həmin metodun köməyi ilə örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü məsələlərindən ikiölçülü məsələlərə keçid problemi öyrənilmiş, örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılmış, bu dəqiq münasibətlər arasında örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma oblastı müəyyən olunmuşdur. Nazik divarlı konstruksiyalarda əvvəllər məlum olmayan yeni dinamik effekt kəşf olunmuşdur. Xüsusi halda, klassik elastikiyyət nəzəriyyəsinin Sen-Venan prinsipinin rəqs tezliyinin müəyyən qiymətindən sonra doğru olmadığı isbat olunmuşdur. Alınmış dəqiq həllər əsasında örtük və lövhələrin klassik nəzəriyyəsinə nəzərən daha dəqiq olan örtük və lövhələrin yeni nəzəriyyəsi verilmişdir.

1964 – Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayev Bakı şəhərində anadan olmuşdur.
1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. “Ulduz” metrostansiyası və “Nəriman Nərimanov” metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyür. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, yüzlərlə insan bu faciədən xilas olsa da, Çingiz öz həyatını bu ideala qurban verir.

Hadisə yerində sərnişinlər arasında da xüsusi fədakarlıq göstərənlər, öz köməyini təklif edənlər az olmayıb. Onlar arasında bir zabit və hərbi geyimli bir neçə yeniyetmə daha çox insanın nicat tapmasına çalışıblar. Həmin cavan zabit – Çingiz Babayev, hərbi geyimdə olanlar isə məktəbin kursantları – 15 yaşlı Nicat Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan İsayevlə Samir Məmmədov da olublar. Hadisədən bir həftə sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra Çingiz Babayev Milli Qəhrəman fəxri adı, kursant Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədova “İgidliyə görə” medalı ilə təltif olundular.
Vəfat etmişdir:
E.ə.322 – Aristotel vəfat etdiyi gündür.
Aristotel e.ə. 384-cü ildə indiki Yunanıstan ərazisi sayılan Stagerada (Kalxidiki) anadan olmuşdur.

1897 – XIX əsr Azərbaycanın görkəmli şairəsi -Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan vəfat etmişdir.
Şairə 1832-ci ildə Şuşada doğulmuşdur. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yeкta”(Təк inci), el arasında isə “Xan qızı” çağırmışlar.
Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdiкdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana – öz doğma кəndinə, оradan da Tiflisə aparmışdır.
Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür.
1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır. Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
Natəvanın nəvəsi Xasay Usmiyev və onun əcnəbi həyat yoldaşı Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım “Məclisi-üns”ün üzvlərindən biri olub.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.
Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır. Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

1981– Məşhur sənət xadimi , Azərbaycanın Xalq artisti Həsənağa Dərya oğlu Salayev vəfat etmişdir.
Həsənağa Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub.Əvvəlcə Bakıdakı 6-cı Şura məktəbində oxuyub və 1937-ci ildə doqquzuncu sinfi əla qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb.
Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Cavidin “Səyavuş” (Keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.
Aktyor eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarını?”, “Koroğlu”, “İstintaq davam edir” bədii və “Aygün” televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Yaradıcılığının ən müdrik çağında iflic xəstəliyinə düçar olmuş aktyor aktyor 2 oktyabr 1981-ci ildə 59 yaşında dünyasını dəyişib. Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boybuxunu, tamaşada yöndaşlarına diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi.
O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.
Həsənağa Salayev ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayıb.
Bayramlar və xüsusi günlər:

2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Mahatma Qandinin doğum günü olan 2 oktyabr Qeyri-zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.
Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi belə izah olunur: sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etmək.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.