Tarixdə bu gün
İlin 288-ci günü (uzun ildə 289-cu).
Bu tarixdə ilin sonuna 77 gün qalır.
Mühüm hadisələr:
1806 – Bakı xanlığı Rusiyanın tabeliyinə keçmişdir.

1964 – Oktyabr ayının 15-də Azərbaycan radiosunun “Araz” xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. “Araz”ın çağırış musiqisi Fikrət Əmirovun idi. “Araz” əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər “Araz” vasitəsilə təkrar olunurdu.
“Araz” radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynadılar. Informasiya proqramlarının çevikliyini təmin etməkdən ötrü radionun birinci proqramındakı xəbər buraxılışının strukturu və adı dəyişdirildi. 1966-cı il iyulun 13-dən “Son xəbərlər” efirdə “Günün səsi” adı ilə yayılmağa başlandı. 1968-ci ildə radionun xəbərlər redaksiyası hər gün birinci proqramla və “Araz” proqramı ilə 24 dəfə efirə çıxırdı.
Müstəqillik dövründə Azərbaycan radiosu “Araz” proqramını müstəqil struktura çevirməyi qərara aldı. 1993-cü ilin noyabrından 1998-ci ilin dekabrınadək struktur fəaliyyət göstərdi. Onun bazasında 2 redaksiya: Informasiya və ictimai-siyasi proqramlar və Xalq yaradıcılığı redaksiyası.
1975 – Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında Avropa Konvensiyası qəbul edilmişdir.
2008 – İlham Əliyev ikinci dəfə Azərbaycan Prezidenti seçilmişdir

Doğum günləri:

1928—Azərbaycan Respublikasının Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov Bakıda anadan olmuşdur.
1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1955-ci ildə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsini bitirmişdir.
Ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr etmiş Yusif Hüseynov rəssamlığın müxtəlif janrlarında mövzu baxımından çoxsaylı maraqlı lövhələr yaratmışdır.
Onun ardıcıl və müntəzəm şəkildə iri həcmli akvarel silsilələrinə qüvvətli meyl etdiyini görmək mümkündür. Azərbaycanın təbiətinə həsr olunmuş “Xınalıq” akvarellər silsiləsindən “Yağışdan sonra” lövhəsi bu baxımdan maraqlıdır. Yusif Hüseynovun çəkdiyi tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil etmişdir.
Yusif Hüseynov 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, 1987-ci ilə qədər ittifaqa rəhbərlik etmişdir.
Elə həmin ildə o, SSRİ Rəssamlar İttifaqının İdarə Heyətinin katibi təyin olunmuşdur. Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yeri olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri idi. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən isə o, Azərbaycan Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf etmişdir.
Görkəmli rəssam Yusif Hüseynov 2009-cu il sentyabr ayının 1-də vəfat etmişdir.

1903 —Qarabağ xanları nəslindən olan Qəmər Talıbxan bəy qızı Ağaoğlu Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir.
ABŞ-da fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir.
Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanbəyov (1859-1920) həm çar, həm də AXC dövründə Gəncə və Bakı quberniyalarının müxtəlif yerlərində pristav və qəza rəisi vəzifələrində çalışmışdır.
Talıbxan həm zadəgan nəslindən olmasına, həm də tutduğu vəzifələrə görə Azərbaycan sovetləşdikdən sonra ilk edam edilənlərdən biri olmuşdur.
Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899-1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896-1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır. Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən biri olan professor Dilşad Talıbxan Elbrus (1915-1979) da Qəmər Ağaoğlunun bacısıdır. Elmi fəaliyyətinə universitet yanındakı Təcrübi Fizika İnstitutunda assisent kimi başlamış, 1961-ci ildə isə İzmirdə yeni qurulan Ege universitetinin professoru olmuşdu. Professor Dilşad Elbrus Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi. İki kitabın və bir neçə elmi məqalənin müəllifidir.
Dayısı Hüseyn Mirzəcamalov XX əsrin əvvəllərində milli ziyalıların tanınmış nümayəndələrindən idi. AXC dövründə Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik etmişdi. 1919-cu il dekabrın 7-də daxili işlər nazirinin şəxsi katibi, gənc şərqşünas alim Məhəmməd Ağayev (gələcək Mehmet Ağa-Oğlu – Qəmər Ağaoğlunun gələcək həyat yoldaşı) ilə birlikdə Parlament nəzdində fəaliyyətə başlayan İstiqlal Muzeyinin qurulmasında mühüm xidmətləri olmuşdu. H.Mirzəcamalovla M.Ağayev – Mehmet Ağa-Oğlu Cümhuriyyət hökumətinin həyata keçirdiyi başqa bir mühüm siyasi-ideoloji layihə üzərində də birlikdə çalışmışdılar. Hər ikisi 1919-cu ilin oktyabrında Nazirlər Şurası Dəftərxanasının rəisi L.Kriçinskinin rəhbərliyi altında “Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair” arxiv sənədlərinin toplanması və nəşri məqsədi ilə yaradılmış komissiyanın tərkibinə daxil edilmişdilər.
Məhəmməd Ağaoğlu ilə ailə həyatı qurmuş, onunla birlikdə xaricdə oxumuş və çalışmışdır. Lakin sonradan boşanmışdırlar. Gültəkin A. Ludden adında qızları olmuşdur. Gültəkin Ohayo Universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921-2001) ailə qurmuşdur. O, 95 yaşında 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat etmişdir.
Azərbaycanda bolşevik işğalından az sonra Qəmər anası Xeyransa xanım, bacıları və qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edə bilmişdi. Bu işdə onlara dayısı Hüseyn bəy Mirzəcamalovun (1884-1974) böyük köməklik etmişdi.
Məhəmməd Ağayev kimi tanınan Mehmet Ağa-Oğlu ilə çox güman, Bakıda tanış olmuş, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evlənmişdilər. Çünki əri ilə birlikdə Qəmər xanım da 1922-ci ildə universitet təhsili almaq məqsədi ilə Qərbi Avropaya – Almaniya və Avstriyaya yollanmışdı. Berlin, İen və Vyana universitetlərində tanınmış mütəxəssislərin yanında Şərq incəsənəti üzrə mükəmməl kurs keçmiş, əcnəbi dillərə yiyələnmişdi. Miçiqan Universitetinin Antropoloji Arxeologiya Muzeyinin rəsmi saytında yerləşdirilmiş tərcümeyi halında da qeyd edildiyi kimi 1927-ci ildə İstanbul Universitetindən Şərq tarixi üzrə magistr dərəcəsi alana kimi Avropanın bir neçə ali məktəbində təhsil almışdı.
İstanbula dönəndən sonra o, muzeyçilik sahəsində çalışmağa başlamışdır. İki il sonra isə Detroyt İncəsənət İnstitutunun əməkdaşlıq təklifini qəbul edən əri Mehmet Ağa-Oğlu ilə birlikdə Amerikaya köçmüşdür.
İstanbul Universitetindən aldığı Şərq tarixi üzrə magistr dərəcəsinin ardınca Qəmər Ağaoğlu 1938-ci ildə Miçiqan Universitetində “Graduate student “kursu keçərək Şərq incəsənətinin tarixi üzrə də magistr olmuşdu. Universitet nəzdindəki Antropologiya Muzeyi onu elmi-tədqiqatlar aparmaq məqsədi ilə asissent kimi çalışmağa dəvət etmişdi.
II Dünya müharibəsi illərində qısa müddətə ABŞ ordusunun tədris proqramına cəlb edilmişdi. İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı.
Müharibə qurtarandan dərhal sonra – 1945-ci ildə Antropologiya Muzeyinin Asiya Kolleksiyası adlandırılan Şərq bölümündə mühafiz asissenti (assistant curator) kimi işini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956-1974-cü illərdə isə baş mühafiz olmuşdu. Yeri gəlmişkən Qəmər Ağa-Oğlu 1980-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi. Muzeydəki işi ilə bir sırada pedaqoji sahədəki fəaliyyətini də davam etdirmişdi. 1949-1962-ci illərdə Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə associate professor (dosent) vəzifəsini tutmuşdu. Həmin vaxtdan təqaüdə ayrıldığı 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu. O, Cənub-Şərqi Asiya keramikası üzrə beynəlxalq miqyasda tanınan nüfuzlu tədqiqatçı və ekspert idi. 1944-1974-cü illərdə Şimali Amerikanın, Avropa və Asiya ölkələrinin çeşidli muzey kolleksiyalarında araşdırma aparmışdı. Qəmər Ağaoğlunun “The William collection of East Asian ceramics” (“Şərqi Asiya keramikası. Vilyam kolleksiyası”), “The William collection of Far Eastern ceramics. Tonnancour section” (“Uzaq Şərq keramikası. Vilyam kolleksiyası. Tonnankour bölümü”, “Ying Ch`ing porcelain found in Filippin” (“Filippində Ying Ch`ing çinisi tapılmışdır”), “Ming blu and white jars in the University of Micigan collection” (“Miçiqan Universiteti kolleksiyasında mavi və ağ Ming bardaqları”) kimi kitab və broşürları, məqalələri və sərgi kataloqları mütəxəssislərin fikrincə Asiya və Uzaq Şərq tətbiqi sənətinin öyrənilməsinə ciddi töhfə idi. O, keramika mədəniyyətinə həsr olunmuş əksər beynəlxalq konfransların iştirakçısı, bir çox hallarda isə məruzəçisi qismində çıxış etmişdi. Miçiqan Universitetinin kampusunda (Ann-Arbor), habelə yerli Təbiət Tarixi muzeyində Qəmər xanımın yaxından iştirakı və təşkilatçılığı ilə çoxsaylı şərq incəsənəti sərgiləri keçirilmişdi.
Qəmər Ağalıoğlu 1984-cü ilin avqustunda 80 yaşında vəfat etmişdir.

1932 – Şair Hafiz Baxış Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur.
Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur.
Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir.
1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır.
Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında Bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır.
1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri “Sosialist Sumqayıtı” qəzetində dərc olunmuşdur, “Samur – Dəvəçi kanalı” adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , “Zirvə” adlı ilk poeması isə “Azərbaycan” jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o, altı poema qələmə alsa da, əsasən, lirik şair kimi tanınmışdır.
İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
1989-cu ildə sentyabrın 4-də vəfat etmişdir.

75
1950 — Məşhur tarzən, Azərbaycan Respublikasının Xalq artisti Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.
Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir.
Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur.
Süleyman Ələsgərovun “Daimi hərəkət” əsərinin tarda ilk ifaçısıdır.
Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər – Şəhriyar İmanov, Sahib Paşazadə, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir.
2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.
Ağasəlim Abdullayev “Rast”, ” Humayun”, “Çahargah”, “Şüştər”, “Şur” muğamının, “Zabul segahı”nın, “Bayatı – Şiraz”ın mahir ifaçısıdır.

1969 — Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdulla oğlu Rzayev Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur.
1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Milli Orduya yazılan Rövşən ox keçmir ki, “N” saylı bölüyün “N” saylı alayına komandir təyin edilir. Rövşən Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanlı, Papravənd kəndlərində düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq , döyüşçü dostlarını tək qoymur, hətta özü yaralı ikən, neçə-neçə yaralı əsgəri xilas etmişdi.
Müharibədən alnı açıq çıxan Rövşən müxtəlif vaxtlarda müxtəlif hərbi hissələrə komandirlik etmişdi. Son vaxtlarda isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri vəzifəsində çalışırdı. 8 yanvar 1999-cu il Qobustan təcridxanasında bir qrup məhbus qiyam edir. Onlar əsgərləri girov götürmüşdülər. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanır. O, məhbuslarla belə razılığa gəlir ki, əsgərlər azad edilir əvəzində isə Rövşənin özü girov qalır. Bu təhlükəli şərti qəbul edən polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerin yetirərkən məhbuslar tərəfindən qətlə yetirildi.
Azərbaycan Respublikası prezidetnin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Rövşən Abdulla oğlu Rzayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Sahil qəsəbəsində dəfn edilib.
Sahil qəsəbəsində qəhrəmanın adına park var. Bu parkda büstü qoyulub.

1979 — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirmişdir.
NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.
Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışır.
Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb.
2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.
2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönmüşdür. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.
Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
9 iyul 2018-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra etmiş, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunmuşdur.
Rus, türk, ingilis və fransız dillərini bilir.
Vəfat etmişdir:

1988 – Professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədov vəfat etmişdir.
Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur.
Orta təhsilini başa vurduqdan sonra Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır .
Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu “Borosilikat-aksinit mineralının quruluşunun təyini” olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.
Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir.
1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.
Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov “Şərəf nişanı” (1967), “Qırmızı Əmək Bayrağı” (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub.

1991 — Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Barat oğlu Əliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
İmamverdi Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kәnd orta mәktәbini bitirmişdir. Mәktәbi bitirdikdәn sonra İmişli rayonu Hәrbi Komissarlığının göndәrişi ilә Saatlı rayonunda sürücülük kursunu bitirmişdir. 1970-ci ildә hәqiqi hәrbi xidmәtә çağırılıb. 1972-ci ildә ordudan tәrxis olunduqdan sonra Bakı şəhəri Yasamal rayonunun Daxili İşlәr Şöbәsindә sürücü-milis nәfәri kimi işә başlayıb, oxumaq arzusu ilә 1973-1977-ci illәrdә Bakı Mailyyә-Kredit Texnikumunda tәһsil almışdır. Sonra Azәrbaycan Nәqliyyat milisinin Bakı xәtt milisindә işlәmişdir.
Zabit rütbəsi ilә 1980-ci ildә İmişli rayon DİŞ-dә mühafizә bölmәsindә baş inspektor vәzifәsindә çalışıb. 1987-ci ildәn İmişli rayonunda qanunçuluğun keşiyindә durub.
Daһa sonra mәlum Qarabağ Һadisәlәri başlayanda İmamverdi də silaha sarılır: Cəbrayıl rayonunun müdafiәsindә dörd ermәni tankını mәһv etdi. Hadrud rayonunun Şaqax kәndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat davam edən döyüşdə o, təkbaşına 28 ermәni quldurunu məhv edir. Amma bu dyüş qəhramanın son döyüşü olur. Bu an 1991-ci il oktyabrın 15-də səhər çağı baş vermişdi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir.
İmişli sakinlәri bu gün İmamverdi Əliyev adı ilә ünvanlanmış küçədən iftixar һissi ilә keçirlәr.
Bu gün İmamverdi Әliyevin doğulub boya-baş çatdığı Qulubәyli kәnd orta mәktәbi igid döyüşçünün adını daşıyır. Bir vaxt fəaliyyət göstərdiyi İmişli rayon Daxili İşlər Şöbəsinin inzibati binasının önündə büstü qoyulmuşdur.

1996 – Azərbaycan Respublikasının Əməkdar artisti Gültəkin Əjdər qızı Cabbarl 67 yaşında Bakıda vəfat etmişdir.
Gültəkin Əjdər qızı Cabbarlı 9 mart 1929 -cu ildə Bakıda anadan olmuşdur: C.Cabbarlının qardaşı qızıdır.
1947-cü ildə orta məktəbi bitirib.
1950-cı il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub.
1953-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub.
1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub.
1990-ci ildə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.
Gültəkin Cabbarlı 1950-ci ildə radioya diktor vəzifəsinə qəbul olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmış radio fədailərindəndir. Gültəkin Cabbarlı yüksək bədii, lirik ifa imkanlarına malik olan bir diktor idi.
Onun səsinin Azərbaycan mədəniyyətində olduqca böyük rolu var. Gültəkin Cabbarlının səsini daha çox Güney Azərbaycan dinləyiciləri yaxşı tanımış, ona “Gültəkin ana” deyərək qəlblərində yer vermişlər. Çünki Gültəkin xanım uzun müddət Cənubi Azərbaycan redaksiyasında çalışaraq hər gün həmvətənlərimizlə təmasda olmuşdur.
Tanınmış diktorların bir çoxu (Ofeliya Sənani, Aygül Qaradağlı və b.) məhz Gültəkin Cabbarlı məktəbinin yetirmələridirlər. Azərbaycan radiosunun “Qızıl fond”unda Gültəkin Cabbarlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır. Dinləyicilər bu gün də Gültəkin xanımın oxuduğu, radionun səs xəzinəsini bəzəyən verilişləri böyük məhəbbətlə dinləyirlər.

2003 — Nəğməkar şair, publisist, Respublika Lenin komsomolu mükafatı laureatı Nüsrət Yusif oğlu Kəsəmənli 58 yaşında Təbrizdə vəfat etmişdir.
Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Tarixi gün və bayramlar:

BMT-nin Uşaq Fondu -YUNİSEF 15 oktyabr tarixini rəsmən Ümumdünya Əlyuma Günü elan edib. Bu təşəbbüs ilk dəfə BMT Baş Məclisi tərəfindən Sanitariya ili elan olunan 2008-ci ildə keçirilən tədbirlər çərçivəsində reallaşdırılıb. Tarixin bu günü BMT-nin dəstəyi ilə bütün dünyada təşkil edilən genişmiqyaslı aksiyaların əsas məqsədi Asiya, Afrika və Cənubi Amerikada bir sıra xəstəliklərin profilaktikasına əsas yanaşma kimi gigiyenik prosedura əməl olunmasının vacibliyini ictimaiyyətə çatdırmaqdır.

15 oktyabr 2007-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə təqvimə daxil edilən Beynəlxalq Kənd Qadınları Günündə kənd qadınlarının cəmiyyətdə rolu diqqətə çatdırılır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, kənd qadınlarının istehsal resurslarından kişilər kimi bərabər istifadə imkanları olsa, yüz milyondan artıq insan yoxsulluqdan qurtula bilər. Belə olan təqdirdə qadınların işlədikləri fermalarda məhsuldarlıq 30 faiz artacaq, aclıqdan əziyyət çəkən insanların sayı 17 faiz azalacaqdır. Kənd qadınlarının övladları səhiyyə xidmətlərindən, təhsil və qidalanma imkanlarından daha yaxşı istifadə etdikcə, bu xeyirlər daha da artacaqdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.