Dilimiz varlığımızdır
Daim könül quşu ki, düşər dami-zülfinə,
Başdan-ayağa yaralu çün şanəyəm yenə.
Xətai
Könül quşu yenə havalanıbdı,
Qalxıb ərş üzünə tağı dolanır.
Bilməm hansı vəfadara uyubdu,
Əyər olsa həyat, bağı dolanır.
Xəyyat Mirzə
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Şəhriyar

İfadə obrazlı şəkildə “xoşlamaq, istəmək, sevmək” mənasında işlədilir.
Qədim təsəvvürlərə görə, insanın varlığı bədən və ruhdan
(cisim və candan) ibarət hesab olunur və ruh (can) quş şəklində
təsəvvür edilirdi. Dilimizdə poetik obraz kimi işlənən “könül
quşu”, “can quşu”, “qəlb quşu” ifadələri , əslində, bu səhv təsəvvürlə əlaqədardır. Bu könül quşu bədəni (cismi) tərk edərkən insan ölürmüş.
Nağıllarımızda divlərin canı (can quşunun) ayrıca şüşədə saxlandığından, onların, adətən, göyərçinlər olduğundan bəhs olunur. Başqa sözlə, bu mənəvi quşu ideal aləmi maddiləşdirən insan uydurmuşdu. Sonralar həmin tərkiblərdən “könül”. “can”, “qəlb” sözləri atılmış, yalnız “quş” sözü saxlanmışdır (dilçilik
elmində belə dil hadisəsinə “semantik sıxılma” deyilir).“Quşu qonmaq”, yəni, könlü, ürəyi, qəlbi qonmaq.
Bu mövhumi varlıq (könül quşu) bir sıra nağıl və dastanlarımızda işlədilmişdir.

“Əsli və Kərəm” dastanında göstərilir ki, ova çıxmış Kərəmin quşu (tərlanı) başqa bir quşun dalınca uçur. Ondan qaçan quş Əslinin bağına gəlib çatır, bağda gəzən
Əslinin qucağına düşür. Bunun dalınca Kərəmin quşu gəlib yetişir. Əsli Kərəmin də quşunu tutur. Buraya gəlib çıxan Kərəm deyir:
Quşum uçdu Əsli xanın bağına,
Əsil qızsan, əsil eylə, quşu ver,
Gözəllər düzülüb solu-sağına,
Əsil qızsan, əsil eylə, quşu ver.
Ə.Vəliyev “Bakı bağları” hekayəsində yazır:”Uşaqlğım və gəncliyim burada keçdiyindən kəndə quşum qonmur, camaatdan ayrılmaq istəmirdim”.
İ.Hüseynovun “Saz” povestində Qurban deyir:”Qurtar
mışıq o söhbəti, İsfəndiyar kişi…Bilmirəm nə olub, sənin belə
quşun qonub o axsağa. Bir də qapıya-bacaya çağırma onu”.
Maraqlıdır ki, qədim şumerlər “tale” anlayışını quş şəklində təsəvvür edirdilər. Habelə, ərəblərdə də “quş” tale rəmzidir.

Musa Adilov – Filologiya eımləri doktoru, professor




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.