Tarixdə bu gün

İlin 290- cı günü(uzun ildə 291-ci) günü.

İlin sonuna 75 gün qalır.

Mühüm hadisələr:

1968 – İttifaq qoşunlarının Çexslovakiyadan mərhələ ilə çıxarılması başladı.

Doğum günləri:

1907 – Görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki Əlisöhbət Sumbat oğlu Sumbatzadə Bakı şəhərində anadan olmuşdur.

Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur.

XlX əsrdə Azərbaycanın ictimai-iqtisadi tarixinin bütün mənzərəsinin elmi təhlilini vermək üçün onun sənaye həyatının öyrənilib tədqiq edilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Bu vacib, ümdə problemin elmi həlli də tarixşünaslığımızda yenə böyük alimin adı ilə bağlıdır. 1964-cü ildə “Elm” nəşriyyatı tərəfindən buraxılan “XIX əsrdə Azərbaycan sənayesi” adlı əsəri ilə müəllif tarixşünaslığımızda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoydu.

28 yanvar 1992-ci ildə Bakıda vəfat etmişdir.

1924 – Şair, dramaturq, tərcüməçi Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi) Ordubad rayonunda anadan olmuşdur.

Dramaturq kimi onun “Odlu diyar” (1963), “Tarla gözəli” (1964), “Günəş” (1968), “Arxalı dağlar” (1974), “Haray səsi” (1978), “Şirinliyin acısı” (1981) pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. “Buludlar arasında”, “Həyəcanlı gecə” nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, “İrəvan ədəbi mühiti” adlı irihəcmli tədqiqat işinin müəllifidir.

M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir.

Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunmuşdur.

Naxçıvan MR və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi idi.

Xidmətlərinə görə bir neçə medalla, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür.

1998-ci ildə fevral ayının 27-də vəfat etmiş və doğulduğu Dəstə kəndində dəfn edilmişdir.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi Zamin Səxavət oğlu Rüstəmov  torpaq uğrunda  döyülərdə qəhrəmancasına həlak olmuşdur.

Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Zamin Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 23-də Zəngilanda  Ağbənd qəsəbəsi istiqamətində  gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” , “Zəngilanın azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” . medallarına layiq görülmüşdür.

Vəfat etmişdir:

2011 – Görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Nurəddin Məmmədbağır oğlu Rzayev Bakı şəhərində vəfat etmişdir.

Nurəddin Rzayev 26 iyun 1929-cu ildə Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur.

1958-ci ildə “Mezatonun cərrahiyyədə tətbiqi” mövzusunda namizədlik, 1965-ci ildə “Ağ ciyər arteriyalarının emboliya və trombozları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, professor  mənsəbinə yüksəlmışdır. 1966-cı ildə professor N.M.Rzayevin təşəbbüsü ilə “Qanın laxtalanma sistemi məsələləri” üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964-1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973-1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildən Beynəlxalq Cərrahlar Cəmiyyətinin, 1993-cü ildən Avropa Təxirəsalınmaz Cərrahlıq və Travma Cəmiyyətinin, 1994-cü ildən Nyu York Elmlər Akademiyasının üzvüdür. 1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutunun elmi katibi, az sonra elmi işlər üzrə direktor müavini, 1963-cü ildə direktor əvəzi və 1964-cü ildən 1994-cü ilədək institutun direktoru vəzifəsində işləmişdir.

2020 – Azərbaycan Silahlı Qüvvələrinin leytenantı  Mayis Rəhim oğlu Yaqubov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Mayis Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ş. Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbində təhsil alıb. 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.  2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Leytenantı  Mayis Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayis Yaqubov oktyabrın 17-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında    göstərfiyi qəhrəmanlıqlara görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,  Mayis Yaqubov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən , “Şuşanın azad olunmasına görə” medalı ilə, 30.12.2020-ci il tarixli Sərəncamına əsasən,  “Hərbi xidmətlərə görə” medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə    “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bayramlar və xüsusi günlər:

17  oktyabr  Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür.

Ümumdünya Yoxsulluqla Mübarizə Günü 1992-ci il dekabrın 22-də keçirilən BMT Baş Assambleyasının sessiyasında qəbul edilmiş 47/196 nömrəli qətnamə ilə elan edilib. Həmin sənəd qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə ifrat yoxsulluğun aradan qaldırılması məqsədilə qəbul olunub və hər il oktyabrın 17-də dünyada yoxsulluğun vəziyyəti ilə bağlı müzakirələr aparılmasının vacibliyi qeyd edilib.

BMT-nin müraciətində xatırladılıb ki, bu il Uşaq Haqları Konvensiyasının qəbul edilməsinin 30 illiyi tamam olur. Bu mühüm sənəddə uşaqların hüquqlarının qorunması, onların yaxşı həyat şəraitində zəruri fiziki, əqli, mənəvi və sosial inkişafının təmin edilməsi məsələləri yer alıb. Builki Beynəlxalq Yoxsulluqla Mübarizə Günü də uşaqların və onların ailələrinin yoxsulluqdan xilas olması məqsədilə hüquq və azadlıqların təmin edilməsidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!