Tarixdə bu gün

İlin 298-ci günü
İlin sonuna 67 gün qalır.

Mühüm hadisələr:

1913 – Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ilk tamaşası olub.

1923– Bakı Rus “Tənqid-Təbliğ” Teatrı yenidən təşkil olunmuş, sonradan S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandırılmışdır.

2001 – ABŞ Senatında gərgin müzakirələrdən sonra Azərbaycana qarşı diskriminasiya aktının – “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə qərar qəbul edilib.
Senat qərarı Azərbaycanın antiterror koalisiyasında ABŞ-la müttəfiq olmasını və Ağ ev administrasiyasının bununla bağlı müraciətini nəzərə alaraq qəbul etmişdi.
“907”-nin qüvvəsinin dayandırılması ilə bağlı prosedur 2002-ci ilin yanvarında tamamlandı.

2002 – “Gülüstan” sarayında “Azərbaycan Rüspublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın təqdimatı keçirilib.
Prezident Heydər Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamı əsasında hazırlanan və Dövlət Proqramı 2003-2005-ci illəri əhatə edən Dövlət Proqramında makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, özəlləşdirmənin sürətləndirilməsi, ölkədə orta aylıq əməkhaqqının 1,8 dəfə artırılması və s. tədbirlər nəzərdə tutulmuşdu.

2005 – Prezident İlham Əliyev “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda ilk dəfə olaraq seçicilərin səsvermə zamanı barmaqlarının işarələnməsi (gözlə görünməyən mürəkkəblə) praktikası tətbiq olundu.

Doğum günləri:

1883 – Məşhur teatr və kino aktyoru, SSRİ Dövlət Mükafatı Laureatı, SSRİ Xalq artisti  Mirzəağa  Əli oğlu Əliyev  Hövsanda kəndli ailəsində doğulmuşdur.
İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.
1901-ci ildə Nəcəf bəy Vəzirovun “Müsibəti- Fəxrəddin” pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906-1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907-1912-ci illərdə “Nicat” cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.
M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, “Bismillah”, “Hacı Qara”, “Məhəbbət oyunu”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilmişdir.
M.Əliyev  1954-cü il anaddə – 25 oktyabrda anadan olduğu gün  71 yaşında vəfat etmişdir.

1912 – Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) anadan olub.
1931-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra əmək fəaliyyətinə teatr tamaşalarına tərtibat verməklə başlamışdır. O, 1934-1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Teatrında fəaliyyətini davam etdirmiş, 1938-ci ildən 1960-cı ilədək Azərbaycan Dövlət Dram Teatrında, 1960-cı ildən sonra isə “Azərbaycanfilm” kinostudiyasında tərtibatçı və geyim üzrə rəssam kimi çalışmışdır.
Ölkəmizin ilk teatr rəssamlarından olan Bədurə Əfqanlının Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə verdiyi səhnə tərtibatı tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Onun fırçasının məhsulu olan hər bir iş tamaşaya qoyulan əsərin müəllifinin nəzərdə tutduğu ideyaları, obrazların daxili aləmini, onların mənəviyyatını tam dolğunluğu ilə açmağa və tamaşaçıya daha geniş çatdırmağa xidmət etmişdir. Bədurə xanımın uzunmüddətli səmərəli fəaliyyəti sayəsində ölkəmizdə sanballı səhnə rəssamlığı məktəbi təşəkkül tapmışdır. Bu gün Azərbaycan teatrında çalışan tərtibatçı rəssamlar Bədurə Əfqanlının yaradıcılığından bəhrələnir və onu öz müəllimləri hesab edirlər.
Bədurə Əfqanlının quruluşçu rəssam kimi milli kinematoqrafiyamızın inkişafındakı xidmətləri də böyükdür. Rəssamın “Koroğlu”, “Dədə Qorqud”, “Leyli və Məcnun”, “Sevil”, “Dəli Kür” kimi kinofilmlər üçün çəkdiyi geyim eskizləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla nümayiş etdirilən bu kino əsərlərinin bədii dəyərini artıran əsl sənət nümunələridir.
 Rəssam 7 may 2002-ci ildə  89 yaşında vəfat emişdir.

1921 — Azərbaycan Respublikasının   Xalq artisti  Nəcibə Haşım bəy qızı Məlikova Bakıda Buzovna kəndində anadan olmuşdur.
  Nəcibə xanım  ilk təhsilini kənddə alıb.  Daha sonra Bakı Teatr texnikumunda 1940-1943 Fatma Qədrinin sinfini bitirib.  Təhsilini tamamladıqdan sonra öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.
Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.
Nəcibə Məlikova  27 iyul 1992-ci ildə Bakıda vəfat etmiş və  II Fəxri Xiyabanda dəfn olunmuşdur.

95

1930— Azərbaycan Respublikasının  Xalq rəssamı və Əməkdar incəsənət xadimi Elmira Həbibulla qızı Şahtaxtinskaya Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu  bitirmişdir.
 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən “Çexoslovakiyada” (1957), “Sosialist Bakısı” seriyası (1958-1959), “Bolqarıstanda” (1963), “Qutablar” (1963) və “Novruz bayramı” (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

2008 – Dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev 66 yaşında vəfat edib.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
  1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
 1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.
 1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala” teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.
 Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır.
Müslüm Maqomayev SSRİ “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif edilmiş, SSRİ-nin Xalq artisti adını almışdır.

 2020— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ülvi Rəfail oğlu Rəfiyev Vətən müharibəsində qəhrəmancasına həlak olmuşdur.
Ülvi Rəfiyev 1996-cı il avqustun 16-da Ordubad şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb.
Ülvi Rəfiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Xətai Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Rəfiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,  Ülvi Rəfiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəfiyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!