Tarixdə bu gün
İlin 300-cü günü
İlin sonuna 65 gün qalır.
Mühüm hadisələr:
1929 – Gürcüstanın azərbaycanlılar yaşayan Qarayazı bölgəsinin Dəmirçi Həsənli kəndində kolxoz quruculuğu və sovet hakimiyyəti əleyhinə üsyan başlanıb.
İsaxan Hacıbayramoğlunun başçılıq etdiyi üsyan tədricən bütün Borçalı mahalını əhatə edib. Nəticədə, hökumət üsyanın yatırılması üçün bölgəyə çoxlu sayda hərbi qüvvələr yeridib.
Üsyançılara qarşı hərbi əməliyyata həmin vaxt Zaqafqaziya (ZSFSR -Zaqfederasiya) təhlükəsizlik orqanlarının rəhbərlərindən olan Lavreti Beriya şəxsən komandanlıq edib. Üsyan qəddarlıqla yatırılıb və bütün fəalları güllələnib.

1993– Prezident Heydər Əliyev BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək qurumu Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Doğum günləri:
1937 – Tanınmış ictimai xadim, Azərbaycan mədəniyyətinin dünyada tanlınmasında mühüm xidmətlər göstərmiş Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub.
1980-1984-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Xarici Ölkələrlə Əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici Işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. 1971-1979, eləcə də 1985-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə katibliyinin – YUNESKO-nun əməkdaşı olmuşdur. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində işləmişdir. Beynəlxalq əlaqələr aləmində 1990-ci ildə Böyük Britaniyada nəşr olunmuş “Kim kimdir?” (“Who is Who?”) ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı olmuşdur.
Maraq dairəsində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətləri həmişə xüsusi yer tutmuşdur. Bu barədə sənədlərin aşkara çıxarılaraq Azərbaycana qaytarılmasında xidmətləri vardır.
2000-2003-cü illər ərzində “İçərişəhər”in və “Muğam” sənətinin Ümumdünya İrs siyahısına salınması, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması və Əkbər ağa Şeyxülislamovun qəbrinin bərpa edilməsi tədbirlərinin əsas təşkilatçılarından biri olmuşdur.
Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və müəllifidir.

1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə Fransa prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif edilmişdir. Onun mükafatları sırasında 2009-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdən aldığı “Azərbaycan Diplomatiyasının 90 illiyi” medalı və 2010-cu ildə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev tərəfindən verilmiş “Puşkin” medalı vardır.
Beynəlxalq Jurnalistlər İttifaqının üzvüdür.
2006-2008-ci illərdə Moskvada üç kitabı nəşr olunmuşdur.
Onun təşəbbüsü və iştirakı ilə Rusiyada Azərbaycan tarixi və mədəniyyəti haqqında on bir kitab nəşr olunmuşdur. Bir çox məqalələri Azərbaycanda, Fransada, Böyük Britaniyada, Almaniyada və Rusiyada dərc edilmişdir.
Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

1952 – Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədov Gəncədə anadan olmuşdur.
1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir.
Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir.
1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur.
1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

1971 – Azərbaycanın Milli Qəhrəmanı Makeyev İqor Vladimir oğlu Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur.
1979-cu ildə 39 saylı məktəbə getmiş, 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət etmişdir.
Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : “Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə, onun yolunda canımı da fəda edərəm!”
İqor Makeyev belə də etdi…O, evdən xəbərsiz Bakıya gəlir Daxili İşlər Nazirliyinin qoşunlarından birinə yazılır bununla da onun cəbhə həyatı başlayır.
1992-ci il 5 iyun ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər İqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi tutsalar da döyüşçülərimiz əks hücuma keçərək kəndi geri aldılar.
Ağdərə uğrunda gedən döyüşlərdə də İqor rəşadətlə vuruşmuşdur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu “Vışka” yüksəkliyi uğrunda gedən döyüşdə o, “Nikulin” şərti adlı azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor dostuna 28 nəfərin mühasirədən çıxmasına imkan yaratmış, amma özü qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə İqor Vladimir oğlu Makeyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.
Vəfat etmişdir:

1932 – Bəstəkar, Azərbaycan musiqisi tarixində ilk romansların müəllifi Asəf Zeynallı vəfat edib.
Asəf Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır. “İbtidai not savadı” adlı dərslik tərtib etmişdir.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələmiş, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.
O, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…
Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən vəfat etmişdir.
Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

1938 – Azərbaycanın ilk qadın pianoçularından biri kimi tarixdə iz buraxmış Xədicə Qayıbova günahsız yerə həbs olunaraq güllələnmişdir.
Xədicə Qayıbova 24 may 1893 —cü ildə Gürcüstanda anadan olmuşdur.
Xədicə xanım 1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil almışdır.
1933-cü ildə isə artıq Xədicə xanım həbs edilmişdi və əks-inqilabçılıqda ittiham olundu. Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam etdi.Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil, olmadığına görə həbsdən azad edirlər. 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasıda elmi-tədqiqat işi aparmağa başlamışdır. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil olmuş və Azərbaycanın musiqi mirasının araşdırılması ilə tədqiqat işləri aparmışdır.
Xədicə xanım həm də Bakıda Şərq konservatoriyasının yaradıcılarından biri olmuşdur. Qayıbovanın həyat yoldaş həmin vaxtı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Buna görə də Azərbaycan SSR CM-nin 68 maddəsinə əsas götürülməklə X. Qayıbova da həbs edilib istintaqa cəlb edilməli idi. Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17 – də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 №-li orderinə əsasən həbs edilib. 1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilmişdi. 1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edlib. Bu ittihamnaməyə əsasən Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68 maddəsi ilə müqəssir hesab edilmişdir. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və cəsuzluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.