Tarixdə bu gün

İlin 301-ci günü.
İlin sonuna 64 gün qalır.

Mühüm hadisələr:

1995 –  “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə baş vermiş terror aktı nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza Ginnesin Rekordlar Kitabına ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib.

1998 – İkinci müddətə Azərbaycan prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilmişdir.

2008 – Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilmişdir.

Doğum günləri:

1911— Məşhur Azərbaycan  yazıçısı, dramaturq, ictimai xadim, akademik, SSRİ  və Azərbaycan Dövlət Mükafatı laureatı Mirzə Əjdər oğlu İbrahimov  Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur.
1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.
Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). “Həyat” (1935) pyesi bu dövrün bəhrəsidir.
1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün – (1948), “Böyük dayaq” (1957), “Pərvanə”) yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.
1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir.[5] BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur.
1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1914— İkinci Dünya müharibəsinin iştirakçısı,  əfsanəvi partisan Mehdi Hüseynzadənin silahdaşı, müharibə veteran Cavad Həkimli Qərbi Azərbaycanda Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub.
1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub.
1941- 42 ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliya və Yuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb.

Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman “Mixaylo”-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə “əmioğlu” deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.
II Dünya Müharibəsinin iştirakçısı, əfsanəvi partizan Mehdi Hüseynzadənin komandiri, 162-ci “Türküstan” diviziyasının legioneri, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, “Ruskaya Çeta” rotasının rəhbəri, kapitan Cavad Həkimli 27 fevral 2006-cı ildə vəfat etmişdir.

1946 – Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, anadan olmuşdur.

Prof. F.T.Məmmədov  Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və “Humay” mili mükafatı ilə təltif olunmuş “Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərmək olar.
Prof. F.T.Məmmədov 1990-cu ildən “Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir. İnsan, cəmiyyət və dövlətin sosial-mədəni inkişafina həsr olunmuş mövzularda televiziya və radioda, jurnal və qazetlərin səhifələrində daimi kulturoloji maarif xarakterli çıxışlar edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələr və müdavimlər tərəfindən böyük maraqla qarşılanan, respublikada yeganə olan, “İdarəçilik mədəniyyəti” innəvativ kulturoloji kursun müəllifidir.

Vəfat etmişdir:

1995— Azərbaycanın Milli Qəhrəmanı, erməni terrorizmi zamanı qəhrəmanlıq göstərmiş şanlı  qəhrəman Çingiz Adil oğlu Babayev  qəhrəmancasına həlak olmuşdur.
Çingiz   Babayev  2 oktyabr 1964-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən, Naxçıvandandır. O,  Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis işləmiş və bir müddət sonra   könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. O, “N” saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışmışdır.
28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi nizamlı  iş rejimi ilə işləyirdi.  Qəflətən “Ulduz ” metrostansiyası və “Nəriman Nərimanov” metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyür. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O, fəryad edən soydaşlarımıza kömək etmək üçün özünü təhlükəyə atır, vaqonlarda olan insanları xilas etməyə  başlayır , onlarla insan bu faciədən xilas olur.  Amma aldığı xəsarətlərdən Çingiz  özü də həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə Çingiz Adil oğlu Babayev ölümündən sonra   Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.
Bakının Yasamal rayonu ərazisində ki, qəbristanlıqda dəfn edilmişdir. “Ulduz “metrostansiyasında şərəfinə abidə kompleksi ucadılmışdır.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rafiz Afiq oğlu Hüseynov Vətən uğrund döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Rafiz Hüseynov 12 oktyabr 2000-ci ildə Gədəbəy rayonunun Şahdağ kəndində anadan olmuşdur.
Rafiz Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət üzrə xidmətə çağrılmışdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində əsl Vətənpərvər övlad kimi iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Rafiz Hüseynov 28 oktyabr 2020-ci ildə Şuşa rayonu istiqamətinə yolların açılması üçün döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi qəhrəmasnlıqlara görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rafiz Hüseynov ölümündən sonra “Vətən uğrunda”, 18.12.2020-ci il tarixli Sərəncama əsasən, “Cəsur döyüşçü”, 24.06.2021-ci il tarixli Sərəncama əsasən , “Xocavəndin azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” 05.11.2021-ci il tarixli Sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni ilə, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən isə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bayramlar və xüsusi günlər

28 oktyabr Beynəlxalq Cizgi Günü kimi qeyd olunur
  Beynəlxalq Cizgi Filmi günü 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edilib.

1906-cı ilin aprelin 6-da Con Stuart Blekton və Albert Smit Amerikanın kinoteatr birliyi ilə “Vitage” təsisçiləri ilk cizgi filmləri olan “Gülməli üzlərin gülməli mərhələləri” adlı multfilm çəkir. Bunlar animasiya tarixində ilk cizgi filmləri idi.
  Dünya Cizgi Film Gününü qeyd etmək fikri yalnız 2002-ci ildə yarandı və o zamandan dünyanın bir çox ölkələrində qeyd olunur.
  Beynəlxalq Cizgi Filmləri Günündən əvvəl dünyanın hər yerindən animasiya kinosu peşəkarları və həvəskarları öz çizgi filmlərini və proqramlarını bir-birləri ilə bölüşür və bu hadisəni bütün il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk premyerasını edirlər. Cizgi filmlərinin belə seansları artıq dünyanın 100-dən çox ölkəsində keçirilir.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!