Tarixdə bu gün

İlin 303-cü günü
İlin sonuna 62 gün qalır.

Mühüm hadisələr:


1993 — “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyəti təsis edilib.
Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti 1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.

Doğum günləri:

1932 — Erməni dili üzrə yeganə mütəxəssis, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı Süleyman Abbas oğlu Məmmədov Qərbi Azərbaycanda Vedi rayonunun Xalisa kəndində anadan olmuşdur.
1951-ci ildə Xanlar şəhər Pedoqoji məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin tədris ilində yeddilik məktəbdə müəllim işləməklə əmək fəaliyyətinə başlamışdır. 1952–1954-cü illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir. O, 1954-cü ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur.
Süleyman Məmmədov 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra, həmin ildə Azərbaycan SSR EA Tarix İnstitunun orta əsrlər tarixi şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1960–1963-cü illərdə qədim erməni dilini öyrənmək məqsədilə Ermənistan EA H.Acaryan adına Dilçilik İnstitutuna ezam edilmişdir.
S.Məmmədov 1966-cı ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1986-cı ildən o, Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan tarixi kafedrasının professoru, 1989-cu ildən həmin kafedranın müdiri işləmişdir.
Onun rəhbərliyi ilə 12 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
Süleyman Məmmədov 300-ə qədər əsərin, o cümlədən 5 monoqrafiya, 21 dərsliyin müəllifidir. S. Məmmədov 1977 və 1993-cü illərdə nəşr etdirdiyi iki əsəri Vaşinqtondakı Konqres kitabxanasının kataloquna düşmüşdür.
2005-ci ildə AMEA Tarix İnstitutunun çapa hazırladığı “İrəvan xanlığı” tarixinin əsas müəlliflərindən biridir. AMEA-nın müxbir üzvi Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” (Bakı, 2005 ) adlı əsəri haqqında yazdığı rəyi çap etdirmişdir. (“Kaspi” qəzeti 14-15 mart, 2005).
30 iyun 2018-ci il tarixində Bakı şəhərində vəfat edib.

1943— Azərbaycan Respublikasının Xalq rəssamı Arif Şahbaz oğlu Hüseynov Bakının Qala kəndində anadan olub.
1960-1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxumuş, 1965-72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.

1959— Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman döyüşçü Nazim Ağakişi oğlu İsmayılov Bakı şəhərində anadan olmuşdur.
90-cı illərinin əvvəllərindən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını qəsb etməsi, Nazimi də dərindən hiddətləndirmişdi. O, Vətənin harayına biganə qala bilmədi. 28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşdü. İlk döyüşünə doğma Ağdam rayonundan başladı. Hünər dolu döyüş yolu keçdi.
27 dekabr 1993-cü ildə onun rəhbərliyi ilə bir neçə uğurlu əməliyyat aparıldı. Ağdamın Sofulu, Məhəmmədəli, Boyəhmədli kəndləri və bir neçə strateji yüksəklik heç bir itki vermədən erməni təcavüzkarlarından təmizləndi. 3 iriçaplı pulemyot qənimət götürüldü. Qərargah Boyəhmədli kəndinə köçürüldü. Ermənilər yüksəklikləri geri qaytarmaq üçün dekabrın 28-də əks-hücuma keçdilər. Nazimin komandirlik etdiyi alay son ana qədər müdafiə olunandan sonra düşməndən təmizlənmiş kəndə çəkildi. Onlar axşam saat 4-də mühasirəyə düşdülər. 7 saatlıq döyüşdən sonra mühasirəni yara bildilər. Mühasirədə qalanları xilas etmək üçün növbəti dəfə hücuma keçdilər. Şiddətli döyüşlər bir neçə gün davam etdi. Dekabrın 31-də, günorta saat 3 radələrində Nazim düşmən gülləsinətuş gəlir. Nazim ömrünün ən şirin çağında həyata vidalaşıb əbədiyyətə qovuşdu və şəhidlik zirvəsinə yüksəldi. O, Bakı şəhəri Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Ailəli idi, Sevinc, Səbinə və Zeynəb adında üç qızı var.
Vaxtilə təhsil aldığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli orta məktəb və Bakı şəhəri Bakıxanov qəsəbəsinin mərkəzi prospektlərindən biri indi Nazim İsmayılovun adını daşıyır.
Yaşadığı binada Xatirə lövhəsi vurulmuşdur.

Vəfat etmişdir:

1992 — Tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov 63 yaşında vəfat etmişdir.
Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olmuşdur. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır.
Onun 1946-cı ildə “Zəfər” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində çap olunmuşdur. O, “Pioner” jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, “Azərbaycan pioneri” qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Sonra isə “Azərbaycan gəncləri” qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir.
“Görüş”, “Şeirlər”, “Bəxtiyar balalar”, “Gözəllikdən doymur ürək”, “Sənin xətrinə”, “Danışan çiçəklər”, “Mənim əzizlərim”, “Görüş yerimiz” və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən “Sevənlərin ürəyi” adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilmişdir. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə “Cücələrim” mahnısını bəxş etmişdir. “Cücələrim”in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilmişdir. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilmişdir.
Əsərləri bir sıra teatrlarda səhnələşdirilmişdir. 1981-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Meşə nağılı” (1982), “Danışan qayalar” pyesləri, 1984-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə “Cücələrim” alleqorik pyesi tamaşaya qoyulmuşdur. 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqının Uşaq və Gənclər ədəbiyyatı şurasının üzvü olmuşdur.

2020 —MAHHXHQ əsgəri Fərid İbad oğlu İlyasov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub. Əslən Laçın rayonunun Hacılar kəndindəndir.
2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun “28 May” qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Beyləqan ərazisində yerləşən “N”saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub.
Erməni təcavüzkarları yenidən azğınlaşanda Fərid 2 ildən çox idi ki, Naxçıvan Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi.
Vətən müharibəsinin 12-ci günündə Fərid Qarabağa döyüşə yollanır. Şərəfli döyüş yolu keçir və 2020-ci il oktyabr ayının 30-da 21 yaşında qızğın döyüşlərin birində qəhrəmancasına həlak olur.
Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda general Polad Həşimovun yanında dəfn olunub.
Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şuşanın azad edilməsinə görə” və “Qəhrəmanlığa görə” orden və medalları ilə təltif olunub.

Bayramlar və xüsusi günlər:

Siyasi Məhbusların və Repressiya Qurbanlarının Ümumdünya Xatirə Günü
Bu günün tarixi 1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordovia və Perm düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün Sergey Kavalyov Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib, həbsxana düşərgəsindən bəzi sənədləri ictimailəşdirib və siyasi məhbusların sözlərini ictimaiyyətə çatdırıb. Bir neçə aydan sonra bu mətbuat konfransının təşkili Kavalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. Bu hadisədən sonra oktyabrın 30-u Siyasi Məhbusların və Repressiya Qurbanlarının Ümumdünya Xatirə Günü kimi qeyd olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!