Taixdə bu gün

İlin 304-cü günü.
İlin sonuna 61 gün qalır.

Mühüm hadisələr

1989 — Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilmişdir.

1992 — TÜRKSOY təsis edilmişdir.

1974 —Naxçıvan hava limanının təməli qoyulub.

1992 — Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb.

Doğum günləri:

1953 — Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.
1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur.
1972-ci ildə hərbi xidmətə çağırılıb. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurub və yarımçıq qalmış təhsilini tamamlayıb.
Koroğlu Xocalı faciəsindən sonra — 17 mart 1992-ci il tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel “N” saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu da elə bu tarixdən başladı. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində onun bölüyü əsl hünər göstərdi. Döyüşçülərimiz 15 erməni yaraqlısını məhv edərək xeyli silah sursat ələ keçirdilər. Koroğlu özü şəxsən dörd faşisti məhv etmişdi.
14 iyunda Köroğlunun bölüyü Mənəşli kəndini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından azad edildi. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi.
1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində Koroğlu Rəhimov isə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur.
Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li Körpələr evi -uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.

1962— Filologiya üzrə elmlər doktoru, professor Yeganə İsmayılova Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1969-1979-cu illərdə Lənkəran şəhərində yerləşən 2 saylı orta məktəbdə təhsil almışdır.
1979-1983-cü illərdə APİ-nin Filologiya fakültəsində təhsil almışdır.1989-1993-cü illərdə Bakı şəhərində yerləşən 14 saylı, 1993-1999-cu illərdə 286 saylı orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir.
1999-2005-ci illərdə “Dədə Qorqud” ETL-də elmi işçi vəzifələrində çalışmışdır.
2005-ci ildən bugünədək Azərbayjan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində fəaliyyət göstərir.
2002-ci ildə edib.”Koroğlu» dastanında obrazlar sistemi” mövzusunda namizədlik , 2014-cü ildə “Kitabi-Dədə Qorqud” dastanları və yazılı ədəbiyyat” mövzusunda doktorluq disssertasiyası müdafiə edib.

1969 – Azərbaycan teatr aktrisası, Əməkdar artist Mələk Abbaszadə anadan olmuşdur.
Mələk Abbaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kino aktyoru fakültəsini bitirib. 3 mart 1999-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır.
Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd “Çestvovaniye”), Sevər (Hidayət “Mənzil”), Ədilə Kərimova (Elçin “Poçt şöbəsində möcüzələr”), Ayşa Yüzbaşova (M.İbrahimbəyov “Neft bumu”).
Mələk Abbaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır.
2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1979 – Məşhur el şairi və aşıq Məzahir Daşqın vəfat etmişdir.
Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, “Qızıl Gəncə” jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır.
İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir. Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun “İran səfəri” şerlər silsiləsi bu zaman yaranır.
1942-ci ildə Krım cəbhəsində ağır döyüşlərdə əsir alınır, ölüm düşərgələrində işgəncələrə məruz qalır. Şimali Afrikada və İtaliyada olur.
1945-cı ildə vətənə qayıtmaq üçün imkan olsa da, onu həbs edərək Sibirə sürgünə göndərirlər. 1956-cı il 24 mart tarixli fərmana əsasən, ona bəraət verilir. M.Daşqının azad olunmasında Səməd Vurğunun xeyirxah rolu olmuşdur. Böyük şair M.Daşqına “Aşıq qardaşıma” adlı şeir də həsr etmişdir.
Azərbaycan Respublikası Xalq yaradıcılığı evində ştatdankənar metodist (1956-1960), sonra ömrünün axırınadək Gəncə rayonlararası Xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1946-cı ildən sonra təqiblərə məruz qaldığından öz şerlərini “Daşqın” təxəllüsü ilə çap etdirmişdir.
1979-cu il oktyabrın 31-də vəfat etmiş, Borsunlu kəndində dəfn olunmuşdur.

2007— Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərli 79 yaşında vəfat etmişdir.
Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində alıb. 1950-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib.
1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub.

2020— Azərbaycan Silahlı Qüvvələrinin giziri Zaur Mübariz oğlu Ələsgərli Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Zaur Ələsgərli 1995-ci il martın 5-də Sumqayıt şəhərində anadan olub. 2001-2004-cü illərdə Sumqayıt şəhərində 13 nömrəli tam orta məktəbdə, 2004-2012-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə təhsil alıb.
Zaur Ələsgərli 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Ələsgərli oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Qarabağ” ordeni , “Vətən uğrunda” ,”Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!