.
Tarixdə bu gün
İlin 329-cu günü (uzun illərdə 330-cu).
İlin sonuna 36 gün qalır.
Mühüm hadisələr:
1932 — SSRİ EA Qafqazşünaslıq Elmi -Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Akademiyasının Zaqafqaziya filialı təsis edilmişdir. Bir müddət sonra isə, Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi açılmışdır.
1967 — Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır.
1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.

1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır.
2000 — Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar.
Doğum günləri:

1889 —Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkin İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirirb. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirib.
Güntəkin həmin vaxtdan 1927-ci ilə qədər müxtəlif litseylərdə fransız və Türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalar üzərində işləyir. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə Millət vəkili seçilir. 1946-cı ilə qədər Millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan “Ulus” qəzetinin İstanbul qolu olan “Məmləkət” qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.
Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.
Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdir.

1905 — Filologiya elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü , EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmiş Əliheydər Abbas oğlu Orucov Quba şəhərində anadan olmuşdur.
1922-ci ildə Bakı şəhərinə gəlmiş və burada əmək fəaliyyətinə başlamışdır. 1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1926-cı ildə oranı bitirmişdir. Həmin dövrdə o, “Gənc İşçi” qəzetində məsul katib vəzifəsində çalışmışdır.
Görkəmli alim 1931-1933-cü illərdə Moskva şəhərində Redaksiya-Nəşriyyat İnstitutunda təhsil almışdır. Ə.Orucov 1940-cı ildə ekstern olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
Ə.Orucov 1947-ci ildə “İlk Azərbaycan qəzeti “Əkinçi»nin dili” mövzusunda namizədlik, 1962-ci ildə “Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1966-ci ildə professor elmi adını almış, 1968-cil ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
1940-cı ildən sonrakı dövrü Ə.Orucovun elmi-əməli fəaliyyətinin lüğətçilik dövrü adlandırmaq olar. Alim lüğətçilik fəaliyyətinə Ruhulla Axundovun rəhbərliyi ilə başlamış, sonra isə görkəmli akademik Heydər Hüseynovun bilavasitə başçılığı altında işlərini davam etdirmişdir.
O, 1940-1946-cı illərdə Heydər Hüseynov və Yusif Mirbabayevlə birlikdə dördcildlik “Rusca-azərbaycanca lüğət”in əsas tərtibçilərindən biri olmuşdur. Həmin lüğətə görə Ə.Orucov mərhum akademik H.Hüseynov, Y.Mirbabayevlə birlikdə 1948-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.
Mükəmməl lüğət sayılan dördcildlik “Rusca-azərbaycanca lüğət” öz dövründə elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Ə.Orucov fəaliyyət göstərdiyi müddətdə Elmlər Akademiyasının buraxdığı bütün lüğətlərin əsas tərtibçilərindən və redaktorlarından biri olmuşdur. O, “Azərbaycan dilinin izahlı lüğəti”nin A-Q hərflərini əhatə edən I cildinin tərtibi üzərində 14 il işləmişdir. Gərgin və uzun elmi tədqiqat nəticəsində yaranmış “Azərbaycan dilinin izahlı lüğəti” lüğətçilərin və leksikoqrafların fikrincə, türkdilli xalqların izahlı lüğətlərinin yaranması yolunda atılan ilk addım və gözəl bir nümunədir. Ə.Orucovun “Azərbaycan dilinin izahlı lüğəti”nin həm əsas tərtibçilərindən biri, həm də redaktoru olduğu 2-ci (D-İ hərfləri) və 3-cü (K-P hərfləri) cildləri də ictimaiyyətin ixtiyarına verilmişdir.
Əliheydər Orucov 27 oktyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

1918 — Faşizm uğrunda mübarizə tarixinə hünər səhifəsi yazmış Hüseyn Balaəli oğlu Əliyev 25 noyabr Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. Bakı şəhəri, Dəyirman küçəsi, 8 nömrəli evdəki 39 nömrəli ibtidai məktəbdə oxumuşdur. Sonra”Qırmızı dəmirçi” fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir.
1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir.
BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir.
Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir.
18 iyul 1941-ci ildə düşmənin 3″Yunkers-88″ təyyarəsi ilə döyüşə girmiş ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdır. Buna baxmayaraq, təyyarələrdən 2-sini vurmuşdur. Öz təyyarəsini salamat yerə endirmiş, təyyarənin kabinəsində partlayan mərmidən aldığı çoxlu yaralardan həlak olmuşdur.
Ölümündən sonra “Lenin ordeni” ilə təltif edilib.
N.K.Çukovskinin “Baltik səması” romanında, V.Ketlinskayanın “İradə” hekayəsində onun qəhrəmanlığından bəhs edilmiş, Məmməd Rahimin “Leninqrad göylərində” poeması ona həsr olunmuşdur.
“Azərbaycan film” kino studiyası onun haqqında “Hünər əbədidir” adlı film çəkmişdir.
Pirşağı qəsəbəsində büstü qoyulmuşdur.
Bakıda adına küçə var.

1918 – Azərbaycan Xalq yazıçısı İmran Qasımov Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət Mükafatına layiq görülüb, “Lenin”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub.
İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir.
İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.
Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
İmran Qasımov 63 il yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub.
Yazıçı 1981-ci il aprelin 20-də vəfat etmişdir.
Vəfat etmişdir:

1994— Məşhur teatr və kino aktyoru, Xalq artisti Məhəmməd İsmayıl oğlu Bürcəliyev 80 yaşında vəfat etmişdir.
Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olmuşdur. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. 1967-1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin Teatr aktyorluğu və rejissorluq fakültəsini bitirmişdir. 1948-ci ildə M.Bürcəliyev “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülmüşdür.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaratmışdır. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş etmişdir.
M.Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. “Dəli Kür” filmində Allahyar, “Qəm pəncərəsi” filmində Rəşid bəy, “O dünyadan salam” filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. 1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaratmışlar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olmuşdur.
Hörkəmli aktyor 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat etmişdir.

2007— Şair, alim və müəllim, filologiya elmləri namizədi Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı) 67 yaşında vəfat etmişdir.
Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966-1969-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin Şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun “Lenin yolu” qəzetində çap olunan “Çoban” şeiri ilə başlayıb. 1966-cı ildə “Ümid” adlı ilk kitabı işıq üzü görüb. Sonralar “Sakitlik”, “Sirli-soraqlı dağlar”, “Aşırımlar qarşısında”, “Vaxt yetişəndə”, “Sevgimizlə sevindirək”, “Meşə nəğməsi”, “Gecə yuxusu”, “Alın yazımız” və s. kitabları çapdan çıxıb.
Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, Dünya ədəbiyyatı kafedrasının dosenti olub. 1980-ci ildə “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. “Homer dastanlarında türkçülük” adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.
25 noyabr 2007-ci ildə 67 yaşında vəfat etmişdir.
Tarixi bayramlar və günlər:

25 noyabr Qadın Zorakılğına Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
Qadın Zorakılığına Qarşı Mübarizə Günü (ing. International Day for the Elimination of Violence against Women) — BMT Baş Assambleyasının qərarı ilə qeyd edilən gün.
BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.
BMT Baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”.
BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.