İlin 330-cu günü (uzun illərdə 331-ci).
İlin sonuna 35 gün qalır.
Mühüm hadisələr:
1924 — Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsasnaməsi dərc edilmişdir.

1991 — Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilmişdir.
1991 — Post-sovet məkanında ilk müstəqil televiziya – ANS TV yayıma başlamışdır.
1996 — Azərbaycan Respublikası ilə Mali arasında diplomatik əlaqələr qurulmuşdur.
2002 — İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərinə başlamışdır.
2006 — İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir.
Doğum günləri:

1927 — Filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.
H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.
H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.
Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1927 — Tarix elmlər doktoru, professor Köçərli Xəlil Süleyman oğlu Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur.
1945-ci ilin iyununda Gədəbəy orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1945-50-ci illərdə BDU-da ali təhsil almışdır. 1950-1958-ci illərdə Gədəbəy rayonunun Göyçəsallı və Novo-İvanovka orta məktəbində direktor və tarix müəllimi işləmişdir.
X. Köçərli 1958-ci ildən çağdaş günümüzədək fasiləsiz olaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır.
1964-cü ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 1984-cü ildə isə tarix elmlər doktoru elmi dərəcəsi almışdır.
1985-ci ildən indiyədək professor vəzifəsində işləyir. Onun 10-dan artıq monoqrafiyası və ktabı, 70-dən artıq məqaləsi nəşr olunmuşdur.
Eyni zamanda X. Köçərli 1993, 1995 və 1998-ci illərdə nəşr olunan “Siyasi tarix” dərsliyinin müəlliflərindən biridir. Xarici ölkələrdə bir neçə məqaləsi nəşr olunmuşdur.
X.Köçərli 10-dan artıq aspirantın və dissertantın namizədlik işinə rəhbərlik etmişdir.Onların tarixçi kimi yetişməsində böyük əmək sərf etmişdir. Bundan əlavə 6 nəfərin doktorluq, 3 nəfərin isə namizədlik dissertasiyasını müdafiəsində apponenti kimi çıxış etmişdir.

1928— Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Əməkdar artist Müxlis Mirsabir oğlu Cənizadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib.
Müxlis Cənizadə 1972-ci ildə 43 yaşında ikən ağır xəstəlikdən vəfat edib.

1946 — Azərbaycan Respublikasının Xalq rəssamı , Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Qurban oğlu Xəlilov anadan olmuşdur.
Fərhad Xəlilov 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamıq məktəbində almışdır. Sonra o Stroqanov Rəssamlıq məktəbində və 1969-1975-ci illərdə Moskva poliqrafiya institutunda öz təhsilini davam etdirdi. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur.
1987-ci ildə Fərhad Xəlilov Azərbaycanın rəssamlarının İttifaqının sədri seçilmiş, bu yaradıcılıq birliyinə rəhbərlik edir. Rəssamın əsərləri dəfələrlə keçmiş SSRİ ölkələrinin, eləcə də Avropanın müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilmişdir.

1966 – Gənc yaşlarında vəfat etmiş istedadlı müğənni Xeyransa Məmmədova Bakıda anadan olmuşdur.
Kiçik yaşlarından sənətə gələn istedadlı müğənni Xeyransa Məmmədovanın vəfatı faciəli nüanslardan ibarətdir. Xeyransa Məmmədova şəkər xəstəsi olub. Həkimlər onun övlad dünyaya gətirməsinə qətiyyən icazə vermir. Lakin ana olmağı çox istəyən Xeyransa Məmmədova ölümü də gözə alır.
Müğənni övlad dünyaya gətirən zaman çox erkən yaşda dünyasını dəyişir
Gənc müğənnni 2 iyun 1995-ci ildə 28 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

1450 — Klassik Azərbaycan şairi Bədr Şirvani 63 yaqşında vəfat etmişdir.
Bədr Şirvani 1387—ci ildə Şamaxıda yoxsul bir ailədə anadan olmuşdur.
Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz “Divan”ıdır. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir.

1891– Çar ordusunun general-leytenantı Fərəc bəy Ağarza bəy oğlu Ağayev 80 yaşında vəfat etmişdir.
General-leytenant Fərəc bəy Ağayev 1811-ci ildə Qarabağın Şuşa şəhərində adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb.
Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burda da o, imperatorun və onun arvadı Mariya Aleksandrovnanın sevimlisi olur.
Fərəc bəy Ağayev xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağ azərbaycanlılarından ibarət süvari alayı təşkil edib, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına daxil edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan F. Ağayev hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə “Cəsurluğa görə” yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” ordeni və ikinci dəfə birinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.
1853-1856-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor rütbəsinə layiq görülür. Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı.
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev 1891-ci ildə 26 noyabrda 80 yaşında Tiflisdə vəfat etmişdir.

1937 — Tanınmış Şirvan aşığı Mirzə Bilal Mustafa oğlu Mikayılov 65 yaşında repressiyaya məruz qalaraq güllələnmişdir.
Aşıq Mirzə Bilal 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – “Beytül-səfa” və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini “Şirvan bülbülü” Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir.
Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918-1920) Şamaxı qəzasının Əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur. Aşıq Mirzə Bilalın represiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsi olmuşdur. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir. Aşıq Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir.
Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmiş, həmin ilin noyabr ayının 26-dan 27-nə keçən gecə “xalq düşməni” adı altında güllələnmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası 12 oktyabr 1955-ci ildə Mikayılov Bilal Mustafa oğlunun işinə yenidən baxaraq onun haqqında olan Azərbaycan SSR XDİK üçlüyünün 10 noyabr 1937-ci il tarixli qərarını ləğv etdi və o, bəraət aldı. Aşıq Mirzə Bilalın həbs olunarkən dediyi “Məni günahsız tuturlar” sözlərini ən nəhayət, dövlət özü də təsdiq etdi.
Tarixi bayramlar və günlər:

26 Noyabr – Ümumdünya İnformasiya Günüdür
BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.
Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.
Qeyd edək ki, 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən çox alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.