Tarixdə bu gün

İlin 356-cı günü (uzun illərdə 357-ci).
İlin sonuna 9 gün qalır.

Mühüm hadisələr:

1453 — İstanbul Universiteti qurulub.
1914 — Ənvər Paşanın komandanlığı altındakı Osmanlı ordusu Sarıqamış əməliyyatına başlayıb.


1941 — Hitler “Qafqaz müsəlman Legionu”nu yaratmaq barədə göstəriş verib.
1942 — Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
2008 — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilib.

Doğum günləri:

1911 — Azərbaycan jurnalisti, elm xadimi və ictimai xadim Nəsir Əsədulla oğlu İmanquliyev Bakıda anadan olub.
Dövrü mətbuatda ilk yazıları tələbəlik illərində çap olumağa başlayır. Tələbəlik illərindən başlayaraq, “Komunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində çalışır. İkinci dünya müharibəsi zamanı 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilir, orada o, “Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışır həmçinin hərbi hissədə tərcüməçi kimi kömək edir.
Bir il sonra Nəsir İmanquliyev “Komunist” qəzetinə məsul katib təyin edilir, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işiq üzü görür. 1947-ci ildə o, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
1958-ci ildə Nəsir İmanquliyev “Bakı” qəzetini yaradır yanvarın 10-da qəzetin ilk nömrəsi işıq üzü görür. 1963-cü ildə isə “Baku “qəzeti rus dilində fəaliyyətə başlayır, Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışmışdır. Bu qəzetlər 1960-1970-ci illərdə mətbuatımızın inkişafında böyük rol oynamışdır. Həmçinin Nəsir İmanquliyev uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş müəllim, dosent, professor olmuşdur. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində aktiv iştirak etmiş, bu işə öz töhfəsini vermişdir.
Professor Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Nəsir İmanquliyevin yeganə övladı, görkəmli şərqşünas alim Aida İmanquliyevadır .

1918 — Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (“Mixaylo”) Bakının Novxanı kəndində anadan olmuşdur.
Mehdi Hüseyönzadə 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır.
1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.
Böyük Vətən Müharibəsi başlandıqdan sonra, 1941-ci ilin avqustunda Mehdi Qızıl Orduya çağrılmış, 1942-ci ildə Tbilisi Hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanmışdır.
1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşmüşdür.
1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. “Mixaylo” öz cəsur kəşfiyyatçı dəstəsi ilə birlikdə “Opçina” kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çox hitlerçi isə ağır yaralanmışdı. Üstündən şox keçməmiş partizan dostları ilə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı.
“Mixaylo” faşistlərə xidmət edən “İl- Pikkolo” qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.
Qəhrəman həmyerlimiz onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını partlatmışdır. Şimali İtaliyanın Udine şəhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Yeni qərargahın göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.
1944-cü il noyabrın 2-də Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb, geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Mehdi sonadək döyüşür və ağır yaralanır. İgid partizan çoxlu qan itirərək həlak olur. Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunmuşdur: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.
1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilmiş “Uzaq sahillərdə” bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.
Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaratmışdır.
Sumqayıt şəhərində və Novxanıda Mehdi Hüseynzadə adına idman kompleksləri açılmışdır.
17 noyabr 2017-ci ildə Sloveniyanın Maribor şəhərində Mehdi Hüseynzadənin abidəsi açılıb.

1920 – Sovet İttifaqı Qəhrəmanı Salahəddin Həsən oğlu Kazımov Zaqatalada anadan olmuşdur.
1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.
Baş leytenant S.Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir.
1943-cü ilin 22-23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır.
Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir.
2 iyul 1978-ci ildə 57 yaşında vəfat etmişdir.

1920 – Xalq artisti, kinodramaturq, rejissor, yazıçı Həsən Seyidbəyli Bakıda anadan olmuşdur.
Həsən Mehdi oğlu Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır.
“İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. “Kür sahillərində” (1953), “Bizim Astrada” (1956), “Telefonçu qız” (1960) povestləri, “Cəbhədən-cəbhəyə” (1961), “İllər keçir” (1973, İ.Qasımovla birgə), “Tərsanə” (1975), “Çiçək” (1978) romanları, “Dəniz cəsurları sevir” (1954), “Sən nə üçün yaşayırsan” (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. “Uzaq sahillərdə” (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.
Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmışdır.
Filmləri Ümumittifaq Kino Festivallarında mükafat və diplomlara layiq görülmüşdür.
25 iyun 1980-ci ildə 59 yaşında vəfat etmişdir.

1955— Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyev Qubadlının İşıqlı kəndində anadan olub.
Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon Kimya Biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.
Əfsanəvi qəhrəman Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub.
1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-yə qədər erməni quldurunu məhv edib və qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vəfat etmişdir:

1936 – Ukrayna yazıçısı Nikolay Alekseyeviç Ostrovski 32 yaşında vəfat etmişdir.
Odtrovski 29 sentyabr 1904-cü ildə Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır.
1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır.
1930-cu ilin payızında “Polad necə bərkidi” romanını yazmışdır. O, 1934–1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik “Fırtınadan doğulmuşlar” romanı üzərində işləmişdir.
Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır.
1935-ci ildə ona Lenin ordeni ilə təltif edilmişdir.
1928–1936-cı illərdə yaşadığı Soçidə, Moskvada və vətənində N.A.Ostrovskinin ev-muzeyi var.
1979-cu ildə Xmelnitski vilayətinin Şepetovka şəhərində Ostrovskinin şərəfinə xatirə komkompleksi yaradılmışdır.

2016 — Azərbaycanın görkəmli kino aktyoru, Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev 81 yaşında Bakıda şəkər xəstəliyindən vəfat etmişdir.
Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ali məktəbi başa vurduqdan sonra, sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, aktyorluq təhsili alıb.
Muxtar Maniyevin kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə başlayıb. Çox keçmədən ardınca “Koroğlu” filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib.
Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunmuşdur.
2016 -cı il 22 dekabrda dünyasını dəyişmişdir.

2020 — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Xalq artisti Sabir Məhərrəm oğlu Əliyev 72 yaşında vəfat etmişdir.
Sabir Əliyev 13 fevral 1948-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur.
1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır.
1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti olmuşdur.
Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar — “Leyli və Məcnun”da (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu”da (Vəli, Nadir), “Vaqif”də (Xanəndə, Züvvar), “Şah İsmayıl”da (Çapqınçı), “Əsli və Kərəm”də (Sofi, Osmanlı), “Aşıq Qərib”də (Aşıq Vəli, Şahvələd), “Gəlin qayası”nda (Əmioğlu, Şeyx), “Natəvan”da (Aşıq), “Sevil”də (Azançı) rolları yaratmışdır.
S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!